Bərdə səhiyyəsində Rəhilə Məhərrəmova bəlası

Rəhilə Məhərrəmova hər bir işçidən aylıq haqq tələb edir

Redaksiyamıza daxil olan məlumatlarda Bərdə rayonunda əhaliyə göstərilən tibbi xidmətlərin arzuolunan səviyyədə olmadığı bildirilir. Məlumat üçün bildirək ki, bu gün rayonda 211 çarpayılıq mərkəzi xəstəxana, 80 çarpayılıq doğum evi, 60 çarpayılıq birləşmiş uşaq xəstəxanası, gündə 500 nəfəri qəbul edə bilən şəhər poliklinikası, 20 çarpayılıq ağ ciyər xəstəlikləri xəstəxanası, təcili yardım stansiyası, uşaq poliklinikası, hər biri 15 çarpayıdan ibarət 5 kənd xəstəxanası, 29 həkim məntəqəsi və 49 tibb məntəqəsi fəaliyyət göstərir. Bununla belə, təqdim olunan açıqlamalarda bütün bu səhiyyə ocaqlarının fəaliyyətlərində çeşidli nöqsan və qüsurların olduğu vurğulanır. Həmçinin qeyd olunur ki, bu gün rayonun səhiyyə sistemində ən problemli məqamlardan biri məhz Bərdə doğum evinin fəaliyyəti ilə bağlıdır.

Ümumiyyətlə mənbələrin iddialarına görə bu gün Bərdənin uşaq səhiyyə müəssisələri heç də dövlətimiz tərəfindən irəli sürülən tələblərə qətiyyən cavab verə bilmirlər. Səbəb isə budur ki, həmin müəssisələrə rəhbərlik edən şəxslər daha çox şəxsi mənfəətləri barədə düşünür, öz mənafeylərini hər şeydən üstün tuturlar. Biz ötən saylarımızda dərc olunmuş materiallarda da dəfələrlə vurğulamışıq ki, bu gün uşaq səhiyyəsi bərbad vəziyyətə düşmüş bölgələrimizdən biri də Bərdə rayonudur.

Redaksiyamıza daxil olan məlumatlarda isə xüsusi olaraq qeyd olunur ki, Bərdə doğum evi hal-hazırda faktiki olaraq məqsədyönlü iş fəaliyyətini, əsas funksiyalarını həyata keçirmək qabiliyyətindən məhrum durumdadır. Redaksiyamıza təqdim olunan açıqlamalara görə Bərdə doğum evinin baş həkimi Rəhilə Məhərrəmova burada dünyaya uşaq gətirmək istəyən hər anadan pul almaqla yanaşı, tibbi xidmət göstərilən xəstələrin sayından asılı olmayaraq müəssisənin hər bir işçisindən də aylıq haqq tələb edir. Cərrahi əməliyyatlar və digər müalicəvi prosedurların isə əlbəttə ki, ayrıca qiyməti var. Belə ki, şöbədə qeysər üsulu ilə əməliyyat olunmaq üçün təkcə Rəhilə xanıma 600-700 manat verilməlidir. Bundan başqa, yenicə doğmuş qadının xəstəxanada ən azı 3 gün qalması tələb olunur ki, bunun da müqabilində ödəniləcək məbləğ təxminən 200-300 manat civarında müəyyənləşdirilib. Doğum evində işləyən tibb bacıları, baxıcılar və digər işçilərə də bu müddət ərzində 100 manata qədər pul xərclənir ki, nəticədə hər doğuş 1000 manata qədər başa gəlir.

Eyni zamanda da mənbələr burada hökm sürən şəraitsizliyi və elə də yüksək səviyyədə təmin olunmayan sanitar vəziyyəti diqqət mərkəzinə gətirirlər. Qeyd edək ki, ölkə mətbuatında Rəhilə Məhərrəmovanın və onun rəhbərlik etdiyi müəssisənin fəaliyyətinə dair ciddi iradların əks olunduğu materiallar dəfələrlə dərc olunub. Hələ bir müddət əvvəl Bərdədə məskunlaşmış, Xocalı rayonunun Cəmilli kəndindən olan bir ailənin Bərdə rayon doğum evinin həkimlərinə qarşı irəli sürdüyü ağır ittiham böyük ictimai rezonansa səbəb olmuşdu. Ailə başçısının iddiasına görə, onun həyat yoldaşı Bərdə doğum evində uşaq dünyaya gətirərkən müəssisənin həkimləri körpənin normal doğuşunu təmin etməyiblər. Nəticədə uşaqda müəyyən problemlər yaranıb. Doğuşdan 1 gün sonra evə buraxılan uşaq isə sonradan bir ərzində müalicə almalı olub. Lakin redaksiyamıza yeni daxil olmuş məlumatda Bərdə doğum evinin rəhbərliyinə qarşı daha ciddi ittiham irəli sürülüb. Mənbə bildirir ki, bu yaxınlarda Rəhilə Məhərrəmovanın rəhbərlik etdiyi doğum evində QİÇS daşıyıcısı olan uşaq dünyaya gəlib. Bundan qorxuya düşən valideynlər körpəni həlak etmək qərarına gəliblər. Bundan sonra yeni doğulan uşaq öldürülərək, elə ata evinin həyətindəcə basdırılıb. Məlumatı təqdim edən mənbə vurğulayır ki, bu qorxunc cinayət hadisəsi Bərdə doğum evinin bəzi həkimləri və rəhbərliyinin razılığı ilə həyata keçirilib…

Materialda irəli sürülən ittihamlara Bərdə doğum evinin rəhbərliyinin də münasibətini dərc etməyə hazırıq.

/Bizimdovr.az/

COMMENTS