Suriyada artıq bir həftədən çox davam edən üsyançıların hücumu və onların mühüm uğurları bir çox ərəb ölkələrini narahat edir.
Musavat.com xarici mediaya istinadən xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat verib.
BƏƏ və Qətər 2000-ci ildən bəri hakimiyyətdə olan Bəşər Əsəd rejiminin tez bir zamanda çökməsi və bunun yarada biləcəyi regional qeyri-sabitlikdən narahatdırlar. WSJ-nin mənbələrinin verdiyi məlumata görə, Misir və İordaniyanın rəsmi şəxsləri Əsədi ölkəni tərk etməyə, müvəqqəti şura formalaşdırmağa və ora müxalifəti daxil etməyə çağırıb. Nəşr, Əsədin buna necə reaksiya verdiyini qeyd etmir, lakin məlumdur ki, cümə günü o, hələ də Suriyada idi.
Bununla belə, WSJ mənbələrinin məlumatına görə, Əsədin yaxın qohumları artıq ölkəni tərk ediblər. Onun həyat yoldaşı və övladları keçən həftə Rusiyaya, bacanaqları isə Birləşmiş Ərəb Əmirliklərinə uçublar.
WSJ-yə əsasən, Əsəd Türkiyəni vəziyyətə müdaxilə edib üsyançıları dayandırmağa çağırıb, BƏƏ, Misir, İordaniya və İraqdan isə silah və kəşfiyyat dəstəyi tələb edib, lakin hələlik rədd cavabı alıb.
Afaq
COMMENTS