Ötən günlər ərzində bəzi yerlərdə yağan yağışlar nəticəsində respublikanın bəzi çaylarında sululuğun artımı müşahidə olunub.
Bu barədə redaksiyamıza Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən məlumat verilib. Nazirliyin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 60-110, Kiçik Qafqazın çaylarında 90-100, Lənkəran-Astara bölgəsi çaylarında isə 140-160 faizini təşkil edir.
İyulun 21-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 10 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 33 m3/s olmaqla ongünlük normanın 22 faizini təşkil edir. 2014-cü ildə isə bu rəqəm 82 m3/s olmaqla ongünlük normanın 54 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 5 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 58 m3/s olmaqla, ongünlük normanın 66 faizini təşkil edir. 2014-cü ildə isə bu göstərici 35 m3/s təşkil edərək ongünlük normanın 40 faizinə bərabər olub.
İyulun 21-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən mühüm dəyişiklik müşahidə olunmayıb. Belə ki, Kür çayının Surra məntəqəsində 10, Şirvanda 2, Salyanda 7 sm artım, Bankədə 6, Araz çayının Novruzlu məntəqəsində isə 1 sm azalma qeydə alınıb. Hazırda Surra məntəqəsində suyun səviyyəsi 352 sm (2014-cü il iyulun 21-də 295 sm), Şirvanda 193 sm (2014-cü il iyulun 21-də 131 sm), Salyanda 117 sm (2014-cü il iyulun 21-də 63 sm), Bankədə 179 sm (2014-cü il iyulun 21-də 205 sm), Araz çayının Novruzlu məntəqəsində isə 62 sm (2014-cü il iyulun 21-də 16 sm) təşkil edir.
COMMENTS