Bağça müdirəsinin keçmiş hakimlə ortaq biznesiElnurə İlyasova ilə Həsən Əliyev arasında ortaq “biznes” maraqları da mövcud olub…
Qəzetimizin 15.07.2015 tarixli sayında dərc olunmuş “98 saylı bağçada təmirdən sonra bahalaşma” sərlövhəli tənqidi materialda, bu uşaq məktəbəqədər müəssisəsinin fəaliyyətində müşahidə olunan bəzi neqativ hallardan bəhs edilmişdi. Bu xüsusda redaksiyamıza daxil olan məlumatlarda iddia edilir ki, Yeni Yasamal yaşayış massivində yerləşən 98 saylı uşaq bağçası bir müddət bundan əvvəl Heydər Əliyev Fondunun ayırdığı maliyyə vəsaitləri hesabına əsaslı şəkildə təmir olunmuşdur.
Müəssisənin həqiqətən də yüksək səviyyədə, müasir tələblərə uyğun şəkildə yenidən qurulması istər uşaqların, istərsə də valideynlərin böyük sevincinə səbəb olmuşdur. Lakin əsaslı təmirdən sonra uşaq bağçasının rəhbərliyi valideynlərdən tutulan qeyri-qanuni ödəniş məbləğlərini də əsaslı şəkildə artırmışdır. Belə ki, övladlarını həmin müəssisəyə yazdırmaq istəyən valideynlər ilk növbədə bağçanın müdiri Elnurə İlyasovadan artıq boş yerlərin olmadığını eşidirlər.
Bəzi valideynlər istifadəsiz qalan uşaq çarpayılarına işarə etdikdə isə Elnurə xanım boş yerlərin guya ki, hansısa rəhbər vəzifəli şəxslərin sifarişlərinə əsasən “bron” saxlandığını da bəyan edir. Nəhayət bütün bunlardan sonra Elnurə xanım özünün seçimi əsasında müəyyənləşdirdiyi bəzi valideynlərlə “səmimi” söhbətə keçir. Məlum olur ki, bağçada hələ də bir-iki uşaq yerləşdirmək mümkündür.
Lakin bunun üçün 400-500 manat məbləğində xərc çəkmək lazım gələcək. Təbii ki, sonradan reallaşacaq aylıq ödənişlər, əlamətdar günlər münasibəti ilə yığılan pullar və digər xərclər də öz yerində. Yeri gəlmişkən, məlumatlarda bu da bildirilir ki, məhz təmirdən sonra bu müəssisədə hər uşağa görə yığılan aylıq ödənişlər də artıq 80 manata çatdırılmışdır.
Qeyd etməliyik ki, bu materialın dərcindən sonra redaksiyamıza 98 saylı bağçanın müdirəsi Elnurə İlyasova barəsində artıq şəxsi xarakterli ilginc məlumatlar təqdim olunub. Daha dəqiq desək, bu məlumatlarda Elnurə İlyasova ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin keçmiş hakimi Həsən Əliyev arasında mövcud olmuş münasibətlərə dair müəyyən açıqlamalar əks olunub.
Xatırladaq ki, dələduzluq və rüşvətxorluqda təqsirləndirilən keçmiş hakim Həsən Əliyev barəsində olan cinayət işi üzrə məhkəmə prosesi bu ilin aprel ayının 1-də Gəncə Ağır Cinayətlər Məhkəməsində başa çatmışdır. İttiham aktına görə, Rusiyadan gələn iş adamı Ramazan Səlimov işə düzəlmək üçün 2011-ci ildən tanıdığı Elman Məmmədova müraciət edib.
E.Məmmədov isə onu Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Həsən Əliyevlə tanış edib. Həsən Əliyev R.Səlimovdan işə düzəltmək adı ilə 600 min manat pul alıb. Lakin sonradan nə vəd etdiyi işi düzəldib, nə də pulu qaytarmayıb. Bundan sonra R.Səlimov polisə şikayət edib. Şikayət əsasında cinayət işi başlanıb və ilk olaraq E. Məmmədov həbs olunub.
İstintaq dövründə Həsən Əliyevə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq törətmə) maddəsi ilə bərabər, Cinayət Məcəlləsinin 312-ci (rüşvət vermə) maddəsi ilə də ittiham elan olunub. Lakin barəsində həbs-qətimkan tədbiri seçilməyib. Prezident İlham Əliyev Həsən Əliyevin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi haqqında sərəncam imzalayıb.
Buna səbəb kimi Həsən Əliyevin qanunvericiliyin tələblərini dəfələrlə kobudcasına pozması göstərilib. Nəhayət Gəncə Ağır Cinayətlər Məhkəməsində getmiş prosesdə oxunan hökmə əsasən, məhkəmə həmin ana qədər azadlıqda olan Həsən Əliyevin barəsində 7 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin etmiş və o, məhkəmə zalında həbs olunmuşdu.
Məlumatı təqdim edən mənbə isə bir müddət bundan əvvəl Elnurə İlyasova ilə Həsən Əliyevin arasında olduqca səmimi münasibətlərin olduğunu iddia edir. Məlumatda vurğulanır ki, bu münasibətlərin daha çox şəxsi xarakter daşımasına baxmayaraq, tərəflər arasında həmçinin ortaq “biznes” maraqları da mövcud olub…
Qarşı tərəfin də mövqeyini öyrənməyə hazırıq.
COMMENTS