Bahar Muradova: “Deputatların sayının artırılmasına ehtiyac duymuram”

Bahar Muradova: “Deputatların sayının artırılmasına ehtiyac duymuram”

“Keçmiş baş nazirin istefası onun özünün qərarıdır”

Parlament seçkilərinə bir il qalmış daha bir deputat öz mandatına vida etdi. Bu isə növbəti dəfə deputatlar ətrafında zaman-zaman aparılan müzakirələri yenə aktullaşdırdı. Milli Məclisin sədr müavini Bahar Muradova “Yeni Müsavat”a geniş müsahibəsində yeni baş nazirin təyinatından tutmuş, sabiq həmkarları ətrafındakı qalmaqala, həmçinin digər gündəmi məşğul edən mövzularadək, oxucularımızı maraqlandıran mövzularla bağlı suallarımızı cavablandırdı. Müsahibəni diqqətinizə təqdim edirik:

– Bahar xanım, parlament yeni baş nazirə yekdilliklə razılıq verdi. Parlament rəhbərliyində hökumətdəki dəyişikliyə psixoloji hazırlıq var idi, yoxsa sizinçün də qəfil oldu?

–  İstər Heydər Əliyevin zamanında, istərsə də İlham Əliyevin prezidentliyi dönəmində idarəetmə və kadr islahatları sahəsində atılan addımlar parlament rəhbərliyi üçün gözlənilməz olmur. O mənada ki, biz prosesin içərisində olaraq həyata keçirilən bu siyasətin tələb etdiyi bu və ya digər addımların da zamanın tələbindən və diktəsindən irəli gəldiyi qənaətindəyik. Odur ki, millət vəkilləri bu məsələnin ətrafında çox da geniş diskussiya açmadan cənab prezidentin təklifinə yekdilliklə parlament dəstəyinin verilməsini təmin etdilər. Bir də nəzərə almaq lazımdır ki, irəli sürülən namizəd artıq uzun illərdir ki, Azərbaycanın ictimai-siyasi həyatında, xüsusilə cənab prezidentin sosial-iqtisadi sahədə həyata keçirdiyi siyasətin reallaşdırılmasına töhfələrini verən və bütün proseslərdə yaxından iştirak edən bir insandır. Ona görə də parlament bu təklifi çox yüksək səviyyədə qəbul edərək razılığını verdi və inanırıq ki, bu addım Azərbaycan dövləti, cəmiyyəti və onun maraqlarının reallaşması üçün çox vacibdir. Bu, əslində yeni mərhələ deyil, başlanğıcı və hədəfləri bəlli bir prosesin indiki halı, indiki vəziyyətidir. Belə bir dönəmdə bu addımın cənab prezident tərəfindən atılması onun planlaşdırdığı, bu və ya digər istiqamətdəki fəaliyyətə faydalı ola biləcəyi düşüncəsində olduğunu göstərir və biz bu məsələdə onunla həmrəyik.

 – İclasın gedişində YAP icra katibinin müavini Siyavuş Novruzovun Nazirlər Kabinetində islahatların ola biləcəyi barədə anonsu oldu. Bundan sonra hökumətin tərkibi ilə bağlı nələr gözləmək olar?

– Bilirsiniz ki, prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən siyasət struktur və kadr islahatları ilə müşayiət olunur. Ona görə mən bunun davamlı bir proses olduğu qənaətindəyəm. Bu, tək-tək hallardan ibarət deyil, ölkədə gedən ümumi islahatlar zəncirinin bir həlqəsidir. Gözlədiyim isə odur ki, atılan bu addımlar nəzərdə tutulan hədəflərə çatmaq işini daha sürətləndirəcək və inkişafın dinamikasına müsbət təsir göstərəcək.

– Bu dəyişiklik həm də parlament seçkiləri ərəfəsində baş verdi. Yəqin seçkilər öz axarına və qanuna uyğun şəkildə, gələn ilin payızında keçiriləcək, hansısa fövqəladə hadisə gözlənilmir, eləmi?

– Mən elə bir fövqəladə hadisə gözləmirəm. Əgər təkcə məntiqin köməyinə istinad etsək, o da bizə söyləyir ki, bu seçkilər vaxtında keçiriləcək.

– Parlamentdəki müxalifət partiyaları vaxtaşırı belə təklif səsləndirirlər ki, müxalifətə Milli Məclisin sədr müavini postu tanınmalıdır. Bu istiqamətdə addımın atılmasını mümkünsüz edən nədir?

– Parlamentdə bu tip qərarlar qüvvələr nisbəti nəzərə alınmaqla verilməlidir. Və hər zaman belə olub. Bugünkü parlamentin tərkibi üçün hazırki vəziyyət normaldır. Hər halda ötən müddət ərzində bundan ciddi narazılıq edənlərə rast gəlməmişəm. İndi qarşıda seçkilər var. Gözləyək. Bu seçkilərin nəticələri nəyi diktə edəcəksə, yəqin ki, ona müvafiq addımlar da atılacaq.

– Milli Məclis üzvlərinin sayı artırıla bilərmi?

– Bunun üçün artıq gərək konstitusiyaya dəyişiklik olsun. Ehtimal olaraq hər şey söyləmək olar. Amma bu ehtimalı gücləndirən şərait olmalıdır. Ona görə də indiki halda mən deputatların sayının artırılmasına ehtiyac duymuram.

– Niyə? Məsələn, 7 milyon olduğumuz zaman da 125 nəfər deputatımız var idi, bu gün 10 milyonuq, yenə eyni say tərkibi. Sizcə, mübahisəyə yer yoxdurmu?

“Ona qalsa, gərək Tramp prezident seçilməyəydi”

– Əslində istənilən məsələnin ətrafında mübahisə və diskussiya açmaq mümkündür. Amma faydalılığı məsələsi var axı. Təmsilçilik üçün kvotalar artırıla, dairələrin sərhədi genişləndirilə bilər. İndi bu say 40-45 min seçici arasında dəyişir. Amma mən deputat sayının artırılmasını o qədər də məqbul hesab eləmirəm.

– Yeri gəlmişkən, sovetlər dönəmində Azərbaycan Respublikası Ali Sovetinin 350 deputatı var idi…

– Fərqli dönəmlər, fərqli siyasi sistemlər, fərqli yanaşmalardır.

– Düzdür, deputatların sayı artsa, büdcədən əlavə vəsait xərclənəcək. Lakin eyni zamanda, müəyyən problemlərin həlli, hakimiyyətlə seçici arasında körpülərin yaradılması baxımından addımlar atılmış olacaq, dövlətin yükü azalacaq, elə deyilmi?

– Sizin fikirlərinizin faydalı olduğunu söyləmək üçün bu arqumentləri bəlkə də qəbul etmək olar. Amma indiki vəziyyətin heç də faydasız olmadığını sübut etmək üçün də başqa arqumentlər gətirilə bilər. Hər halda son vaxtlar Azərbaycanın ümumilikdə çevik, sürətli, dinamik inkişafını nəzərə alsaq, problemlərin çoxu artıq yerlərdə həll olunmaqdadır. Yəni millət vəkillərinə bu və ya digər məsələnin həlli ilə bağlı edilən müraciətlərin sayı getdikcə kəskin şəkildə azalır. Hesab edirəm ki, bu, belə də olmalıdır.

– Müxalif fikir var ki, deputatlara inam azalıb, ona görə belədir…

– İcazə verin razılaşmayım. Əvvəllər sovet dövründən qalma inersiya ilə millət vəkillərinə, onların fəaliyyətinə aid olan məsələlərdən daha çox, sosial-iqtisadi problemlərin həlli ilə bağlı müraciətlər daha çox olurdu. Kimlərsə şəxsi problemlərinin həllini əlçatanlıq baxımından və tez-tez görüşmək imkanı olduğu üçün məhz millət vəkilinə yönəldirdi. Artıq vəziyyət dəyişir. Çünki indi Azərbaycanda konkret hakimiyyət bölgüsü var. Hər hakimiyyət qanadının konstitusiya ilə müəyyən olunmuş səlahiyyətləri və vəzifələri var. Və hakimiyyətin hər bir qanadı öz işi ilə məşğuldur. Belə olduqda isə proseslərə daha peşəkar yanaşmaq olar. Nəzərə alsaq ki, mərkəzi icra hakimiyyəti orqanları, baş idarələr, onların rəhbərləri indi yerlərdə daha çox olurlar, elektron hökumət forması da bu əlaqələri daha əlçatan edib, indi kiminsə öz problemini həll etmək üçün mərkəzə gəlməsinə ehtiyac yoxdur. Əlindəki telefonla aidiyyəti quruma zəng edə, videomüraciət göndərə, elektron qaydada yaza bilər. Yəni bu cür əlaqə vasitələri təkmilləşdiyi üçün proseslər artıq aidiyyəti orqanların səlahiyyəti çərçivəsində yerlərdə həll olunur. Ona görə də millət vəkillərinə qanun yaradıcılığı ilə məşğul olmaq, seçicilərin qanunverici qurumda təmsilçiliyi məsələsinə daha çox diqqət yetirmək, ölkədaxili məsələlərə münasibət bildirmək və beynəlxalq proseslərdə Azərbaycanı təmsil etmək kimi səlahiyyətlərini daha çox yerinə yetirmək qalır. Yəni yaranmış vəziyyətdə millət vəkili bilavasitə öz mandatına aid olan məsələlərlə məşğul olmalıdır. Bu baxımdan hesab edirəm ki, Milli  Məclis üzvlərinin sayının artırılmasına ehtiyac yoxdur. Hər halda bu, mənim şəxsi qənaətimdir.

 – Hazırda 7 deputat kürsüsü boşdur. Rafael Cəbrayılov məsələsində bəraət qazandırdığınız məqam oldumu?  

– Bu məsələnin mənəvi tərəfləri cəmiyyəti çox narahat edir. Məsələyə də daha çox bu kriteriyalarla yanaşılır. Siz bilirsiniz ki, həmkarımız özü istefa ərizəsi yazdı və bu, artıq onun özünün bu məsələyə münasibətinin göstəricisidir. Odur ki, hansısa bəraət qazandırmaqdan söhbət gedə bilməz. Şəxsən mənə görə, istər şəxsiyyət vəsiqəsi, istər bu və ya digər səlahiyyətləri özündə ehtiva edən vəsiqələrdən kimliyi təsdiq etmək istisna olmaqla, bu və ya digər şəkildə başqa məqsədlər üçün istifadə, əlbəttə ki, məqbul deyil.

– Dərs olacaqmı?

– Hesab edirəm ki, bu, ibrətamiz bir faktdır. Amma artıq bunun özü də bir davranış nümunəsidir. Məsələnin bu tərəfinə daha çox diqqət yetirmək lazımdır. Nə baş veribsə, artıq verib, amma bu vəziyyətdən necə çıxmaq məsələsi çox vacibdir. Proses məhz burada insanları sınağa çəkir.

– Bahar xanım, bu vəziyyət bir daha sübut etdi ki, biznes maraqları daha öndə olub, nəinki deputat vəsiqəsi, parlament imici, seçici qarşısında öhdəlik və s. Bəlkə növbəti seçkilərdə iş adamı, biznesmenlərin öz işləri ilə məşğul olmaları və bunun dövlətə, millətə faydalı olması tövsiyə edilsin. Düzdür, hər bir normal vətəndaşın seçib-seçilmək hüququ var, amma sonda belə hadisələrin baş verməməsi üçün belə daha yaxşı olmazmı?

– Ona qalsa, gərək Donald Tramp prezident seçilməyəydi. Bilirsiniz, Azərbaycan qanunvericiliyində istənilən şəxsi – onun hansı peşə ilə məşğul olmasına istinad edərək seçkili orqanlarda iştirakdan məhrum edən bir müddəa yoxdur. Heç bir ölkənin qanunvericiliyində cinayət törətmiş və üzərində məhkəmə hökmü olan və digər müstəsna hallardan savayı belə bir məhdudiyyət yoxdur. O ki qaldı məsuliyyətə, bu, bütün sahələrdə lazımdır. Təkcə millət vəkilləri deyil, dövlət qulluqçuları, media nümayəndələri və bələdiyyə üzvləri, hətta yazıçıya, şairə qarşı da qanunun bütün gücü ilə yanaşmaq lazımdır. Bunun üçün davranış kodeksləri, mükəmməl hüquq sistemi, qanunlar və onun müəyyən etdiyi çərçivələr var. Onun daxilində fəaliyyət göstərmək lazımdır. Belə olduğu halda isə xüsusi çərçivələr düşünməyə ehtiyac yoxdur. Bütün vətəndaşları peşəsindən, mövqeyindən, asılı olmayaraq, bərabər tutan qanunlar qarşısında cavabdehlik, daşımaq lazımdır. Hüquqi dövlətdə, o cümlədən Azərbaycanda bu və ya digər hüquqi prosedurlar pozulduqda o zaman bunun üçün məsuliyyəti müəyyən edən müddəalar dərhal işə düşür ki, bu da normal bir haldır.

– Rafael Cəbrayılovun istefasından sonra baş nazir Novruz Məmmədov istefa ərizəsini parlamentə təqdim etdi. Fərqli məsələlər olsa da, nadir hallarda rast gəlinən istefa mədəniyyətindən çox danışıldı bu aralar. Davamı ola bilərmi?

– Məncə, bunları belə sıralamaq doğru olmazdı. Azərbaycanda belə hallar olub. Bir də ki, biz ümumi və ya xüsusi hallar deyə, bunları bölməmişik heç zaman. Şərait nəyi diktə edirsə, onu gözləmək olar. Keçmiş baş nazirin istefasına gəldikdə isə qeyd etmək lazımdır ki, hörmətli Novruz Məmmədovun özünün istefa ərizəsinə əsasən cənab prezidentin Milli Məclisə ünvanladığı yeni baş nazirin təyin olunmasına razılıq verilməsinə dair təqdimata baxılıb və yekdilliklə razılıq verilib.

– Son müsahibəsində etiraf etmişdi ki, prezidentə “Baş Nazir olmağı bacarmaram, sizin etimadınızı doğrulda bilmərəm”, deyib…

– Gəlin razılaşaq ki, bu istefada qeyri-adi nəsə axtarmaq məntiqdən uzaqdır. Hər halda, onun qərarına hörmətlə yanaşmaq lazım idi və biz də bunu etdik…

DOSYE.ORG

COMMENTS