Bahar Muradova:“Matəm libası geyinib düşməni sevindirə bilmərik”

“Cəbhə xəttində baş verənlərə insidentlər, lokal hərəkətlər demək olmaz. Artıq  bu geniş əməliyyat xarakteri almağa başlayıb”. 
Bu sözləri Modern.az saytına açıqlamasında Milli Məclis sədrinin müavini, ATƏT-in Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradova deyib.

 

“Təbii ki, biz də çox ciddi narahatlıq hissi keçiririk. Eyni zamanda, dünya ictimaiyyətini Ermənistanın artan bu kimi hərəkətlərinə qiymət verməyə çağırırıq. ATƏT-in Minsk qrupunun həmsədrləri, ATƏT-in Minsk qrupuna üzv olan ölkələr, eləcə də vasitəçilik missiyasını daşıyan ölkələr bu məsələ ilə bağlı kəskin münasibətini bildirməlidir. Çünki bu səngərdə dayanmış əsgərlər arasında deyil, dinc insanların da həlak olmasına səbəb olur.  Azərbaycan ərazilərinin atəşə tutulması, güllə-baran edilməsi həqiqətən də bütün Azərbaycan vətəndaşları kimi, dünya ictimaiyyətini də narahat etməlidir. Hərçənd, dünyada beynəlxalq ictimiyyəti narahat edən bir sıra hadisələr də baş verir. Həm Azərbaycan vətəndaşı olaraq, həm müvafiq qurumların rəhbərləri olaraq, həm də siyasətlə məşğul olan insanlar olaraq bütün imkanlarımızdan istifadə edərək, Azərbaycan vətəndaşlarını  həmrəy olmağa Azərbaycan dövləti ətrafında sıx birləşməyə eləcə də bütün imkan və səylərimizi Ermənistanın təcavüzkar siyasətini ifşa etməyə və onu durdurmağa yönələn fəaliyyətə sərf etməliyik”.   

Bahar Muradova 12 hərbçimizin şəhid olması ilə əlaqədar matəm elan edilməsi barədə səslənən təkliflərə də münasibət bildirib. “Nə qədər insan varsa, o qədər də fərqli  mövqe, insanların keçirdiyi hisslərin fərqli təzahür forması və fərqli ifadə tərzi mövcudur. Amma elə məsələlər var ki, bizim mövqeyimizdən, siyasi düşüncəmizdən dini mənsubiyyətimizdən asılı olmayaraq, bir vətəndaş mövqeyi sərgilənməlidir. Baş verən hadisələr də bu qəbil hadisələrdəndir ki, bizi bir-birimizdən fərqləndirən bütün bölünmələri aradan qaldırmalı və hər kəsi Azərbaycan dövlətçiliyi  ətrafında birləşdirməyə sövq etməlidir. Ona görə də fikirlərimizi ifadə edərkən məlumatları alarkən və yayarkən onun etibarlılığına, dəqiqliyinə, səhihliyinə diqqət yetirməli olduğumuz kimi, öz fikirlərimizi ifadə edərkən də müəyyən çərçivələri gözləməliyik. Bəziləri bu hadisələrdən o dərəcədə narahat olurlar ki,  “Azərbaycanda matəm elan olunmalıdır”deyirlər. Bəziləri ümumiyyətlə, bir başqa təkliflər irəli sürür. Bu təkliflərə normal yanaşsam da, ayrı-ayrı məqamlar var ki, onlar da bizi narahat edir.  Eyni zamanda, bununla bağlı  fikirlərimizi elə formada ifadə etməliyik ki, insanlar bütün bu ifadə formalarından istifadə edərkən onun dəqiqliyi, milli maraqlara uyğunluğu və etik milli dəyərlərə uyğunluğu da gözlənilsin. Bu məsələlər də vacibdir. Bəzən sosial şəbəkələrdə insanların  hislərinə toxunan  və yaxud  atributlarımızın fərqli istifadəsi hallarına rast gəlmək olur.  Hesab edirəm ki, bu məqamda diqqətli olmalıyıq. Düşmən o qədər hiyləgərdir ki, belə məqamlarda istifadə etməyə çalışırlar.  Ona görə də belə ciddi məqamlarda monolit və həmrəy olmalıyıq. Azərbaycan dövləti, Azərbaycan prezidenti, müvafiq qurumlar lazımi adekvat tədbirlər görməkdədir. Hazırda düşmən ciddi itkilər verir. Baş vermiş hadisələrdən narahat oluruq. Dərin kədər hissi keçiririk. Şəhid olanların yasını tuturuq, ailələrinin dərdlərinə şərik  oluruq. Amma matəm libası geyinib düşməni sevindirə bilmərik. Bütün imkanlarımızı səfərbər edərək hər cür bizə olan hücumlara cavab verməyə qadir olduğumuzu ortaya qoymağı və düşməni sevindirməməliyik. Qanı tökülən vətən oğullarının qisasını almalıyıq”.

Müdafiə Nazirliyi ilə əlaqə saxlamağa gəlincə, “gündəlik fəaliyyətimlə bağlı bütün sahələrdə olduğu kimi müdafiə sahəsi ilə də maraqlanıram. Müdafirə Nazirliyinin təşkil etdiyi tədbirlərdə tez-tez iştirak edirəm. Cəbhə bölgələrində oluram. Eləcə də Müdafiə Nazirliyinin bir qrup generalı ilə birlikdə Qusar rayonunda Milli Qəhrəman Fəxrəddin Musayevin xatirəsinə həsr olunmuş hərbi döyüş bayramında iştirak etdik. Milli Qəhrəmanın xatirəsinə həsr olunmuş bir bayramın keçirildiyi gün digər şəhidlərimiz torpağa tapşırılırdı. Həm orda, həm də telefon xətti ilə nazirliyin müəyyən əməkdaşları ilə əlaqə saxlayıb, mənə veriləcək informasiyalar çərçivəsində vəziyyətin nə yerdə olduğunu öyrənirəm”-deyə Bahar Muradova vurğulayıb.

Qeyd edək ki, ön cəbhədə vəziyyət gərgin olaraq qalır. Ordumuzun dünən 8, bu gün isə 4 hərbçisi şəhid olub. Erməni tərəfi də itkilər verib, amma bunun sayını gizlədirlər…

COMMENTS