Bakıda sərxoş qadın “Porsche Panamera” ilə qəza törətdi

Gecə saatlarında paytaxtın Nərimanov rayonunda qadın sürücü qəza törədib. APA TV-nin məlumatına görə, qəza nəticəsində bir nəfər yaralanıb, qəzanı törədən qadın sürücü isə hadisə yerindən qaçıb. Qəza Koroğlu Rəhimov və Təbriz küçələrinin kəsişməsində qeydə alınıb.

Taksi fəaliyyəti göstərən 42 yaşlı Rahim Mustafayev idarə etdiyi “Fiat” markalı avtomobillə Koroğlu Rəhimov küçəsi ilə Həsən Əliyev küçəsi istiqamətində hərəkətdə olarkən Təbriz küçəsi ilə yüksək sürətlə hərəkət edən, sürücüsü məlum olmayan “90-VT-830” dövlət nömrə nişanlı “Porsche Panamera” onu vurub. Zərbə güclü olduğundan idarəetməni itirən “Fiat”ın sürücüsü avtomobili işıq dirəyinə çırpıb.

Baş verən qəzada Rahim Mustafayev müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Şahidlərin sözlərinə görə, qəzanı törədən “Porsche”nin sürücüsü və sərnişini içkili vəziyyətdə olduqları üçün hadisə yerini tərk ediblər.

COMMENTS