Bakı bulvarında ilğinc cınayət

Bakı bulvarında ilğinc cınayət

Qabil Quliyev, zərərçəkmiş: «Onlar bıçaqla məni qorxudaraq əlimdən bütün pullarımı aldılar»

 

Vətəndaş Quliyev Qabil Fərhad oğlu Səbail Rayon Polis İdarəsinin 39-cu polis bölməsinə müraciət edərək, Dənizkənarı Milli Parkda 4 nəfər şəxsin ona qarşı quldurluq etdiyini bildirib.

 

Zərərçəkənin sözlərinə görə, cinayətkar dəstənin üzvləri ona qarşı zor tətbiq edərək, 203 manat pulunu götürüblər: «Dostlarımı yola saldım. Evə qayıdanda bulvarda 4 nəfər yaxınlaşdı ki, kömək edə bilərsən, çörək almağa pulumuz yoxdur.

 

Çıxardıb 3 manat verəndə pullarımı gördülər. Hamısını istədilər. Dedim verə bilmərəm rayona getməliyəm. Bu zaman telefonu istədilər ki, zəng etsinlər. Telefonu onlara vermədim, nömrəni özüm yığırdım.

 

Bu zaman o birisi gəldi telefonun qapağını tutdu ki, əlimdən alsın. Biri isə bıçağı çıxardı, bıçaqla burunumu kəsəcəyini bildirdi. Pulu götürüb qaçdılar. Mən də mühafizəni çağırdım. Sonra isə polisə gəlib ərizəmi yazdım».

 

İşin ibtidai istintaqı ilə məşğul olan bölmənin təhqiqatçısı Rövşən Şahkərəmovun sözlərinə görə, vətəndaşın şikayətindən dərhal sonra əməliyyat-istintaq qrupu yaradılıb və cinayəti törədən şəxslərdən ikisi isti izlərlə saxlanılıb:

 

«Əməkdaşlarımız tərəfindən keçirilən operativ əməliyyat tədbirləri nəticəsində hadisədən təxminən 3 saat sonra cinayəti törətməkdə şübhəli bilinənlərdən Eynullayev Camal Bəşir oğlu və Salmanov Əfqan Rafiq oğlu saxlanılıb.

 

Digər 2 nəfərin axtarışları isə davam etdirilir. Gələcəkdə onların tutulmaları da təmin olunacaq. Saxlanılan şəxslərin üzərilərindən 2 ədəd mobil telefon və 1 ədəd bıçaq götürülüb.

 

Törətdikləri cinayət əməlini etiraf edən saxlanılan Əfqan Salmanov cinayəti dostuna köməklik etmək məqsədilə törətdiyini bildirib:

 

«Bulvarda körpünün yanında dayanmışdım. Yanımda da dostum var idi. Mən Qabilə yaxınlaşıb dedim ki, çıxart 3 manat ver, qaqaş getsin çörək yesin.

 

O da çox yekəxana danışdı. Pulu verməmək istəyəndə aramızda mübahisə düşdü. Biz də onu bir az qorxutmaq istədik. Yaxşılıq eləmədiyinə görə iş bu vəziyyətə gəlib çıxdı”.

 

Saxlanılan Camal Eynullayev isə Əfqandan fərqli olaraq başqa cür izahat verib: «Rayona getmək istəyirdim. Bulvarda bir nəfərə yaxınlaşdım, yol pulu üçün ehtiyacım olduğunu bildirdim. O da verməyəndə belə bir hadisə baş verdi».

 

Faktla bağlı Səbail Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 181- quldurluq maddəsi ilə cinayət işi başlanıb. Araşdırmalar davam edir. Saxlanılan şəxslər tərəfindən zərərçəkmiş şəxslərin polisə müraciət etmələri xahiş olunur.

COMMENTS