Bakı dollarsız qaldı: Ekspertlər bədbin proqnozlar verirlər

Manat ucuzlaşır və əhali milli valyutadan xilas olmağa çalışır; Ekspertlər baş bankirin məlum açıqlamasını tələskən addım adlandırırlar; Paytaxtda dollar satışı dayandırılıb, ərzaq məhsullarının isə bahalaşması gözlənilir

Fevralın 16-da Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmovun manatın kursunun düşəcəyi barədəki xəbərdarlığından sonra paytaxt Bakıda dollar qıtlığı yaşanır. Bakı sakinləri kütləvi şəkildə valyutadəyişmə məntəqələrinə yollanaraq milli valyutanı ABŞ dollarına dəyişməyə çalışıb.

Günorta saatlarında paytaxtın mərkəzi 28 may küçəsində yerləşən valyutadəyişmə məntəqələrində ABŞ dolları satışı dayandırılıb. Səhər saatlarında dollar satılsa da, sonradan satış dayandırılıb. Xeyli sayda insan valyutadəyişmə məntəqələrində dolların satılacağını gözləyir. Bəzi valyutadəyişmə məntəqələrindən isə alıcılara bildirilir ki, günün ikinci yarısından sonra dollar satışının olacağı gözlənilir.

Dollar tapmayan Bakı sakinləri avro almağa da üstünlük verir. Bəzi valyutadəyişmə məntəqələrində avro tapmaq mümkündür. Dollar almağa çalışan Bakı sakinləri deyirlər ki, digər valyutadəyişmə məntəqələri də dolların satışını dayandırıb.

“Adamlar səhər tezdən gəlib, dollar və ya avro almağa, əllərindəki manatdan xilas olmağa çalışırlar. Hazırda bizim məntəqədə bircə dollar da qalmayıb. Hamısını satmışıq. Bu vəziyyətin nə vaxta qədər davam edəcəyini bilmirik”, – deyə D.Əliyeva küçəsindəki valyutadəyişmə məntəqələrindən birinin sahibi virtualaz.org saytına bildirib.

Qeyd edək ki, böyük ajiotajdan sonra hətta banklar da dollar satışını dayandırıb. “Atabank”ın Rixard Zorge küçəsində olan filialında da dollar yoxdur. “Bank of Baku”nun Puşkin, “Unibank”ın 28 may küçələrindəki filiallarında da dollar satışı dayandırılıb.

Milli Məclisin İqtisadi Siyasət Komitəsinin üzvü, deputat Vahid Əhmədov isə Mərkəzi Bankın addımını tələskənlik adlandırıb. O, bu məsələdə tələskənlik olub: “Mərkəzi Bankın sədri Elman Rüstəmov manatı devalvasiya gözləyəcəyini əvvəlcədən bəyan etməklə bir qədər tələsdi”.

O, əlavə edib ki, manatın kursunun süni şəkildə sabit saxlanması ölkənin büdcəsinə doğrudan da mənfi təsir göstərirdi: “Təsəvvür edin ki, Mərkəzi Bank manatın kursunu sabit saxlamaq üçün təkcə bu ilin əvvəlində 1,5-2 milyard dollar xərcləyib. Daha belə davam edə bilməzdi. Çünki Mərkəzi Bankın da ehtiyatları sonsuz deyil”.

Ekspert əmindir ki, manatın kursunun düşəcəyi barədə açıqlama verərkən daha ehtiyatlı olmaq lazım idi: “Bu siyasəti daha yumşaq aparmaq lazım idi ki, əhali arasında ajiotaj yaranmasın”.

Ekspert Fikrət Yusifov isə qeyd edib ki, milli valyutanın məzənnəsinin dəyişəcəyi barədə mətbuatda qaldırılan səs-küyə heç bir ehtiyac yoxdur. O, sosial şəbəkədə yazdığı statusda bildirib ki, burada söhbət əsasən manatın kursunun təkcə bir valyutaya – dollara bağlanması prinsipindən daha etibarlı sayılan iki valyuta hesabına formalaşacaq səbət vasitəsilə müəyyən edilməsindən gedir: “Bu gün manatın kursunun kəskin dəyişməsi ehtimalı yoxdur. Ona görə də belə ajiotaj yaratmaq heç kimə lazım deyil”.

Ekspert Natiq Cəfərli isə bildirib ki, 2008-ci ildə qlobal iqtisadi böhran başlayanda Azərbaycan hökuməti ciddi səhv edib: “Manatın kursunu az da olsa salmalı idi, bunu etmədi. Çünki manatın kursunu iqtisadi amildən çıxararaq, siyasi sabitliyin simvollarından birinə çevirmişdilər. O zaman çox yazdıq, dedik, çıxışlar etdik, ancaq dinləmədilər. Halbuki 2008-də manat az da olsa, yumşaq devalvasiya edilsəydi, hələ can verən qeyri-neft sektorunun ixrac potensialını artırmaq olardı. Paralel olaraq, islahatlar da etmək şərti ilə bunu etmək mümkün idi. Mərkəzi Bank və hökumət indi 2015-ci ildə yumşaq devalvasiyaya, yəni milli valyutanın ucuzlaşmasına gedəcəyinin siqnalını verdi. Səbəb kimi də guya qeyri-neft sektorunun ixracatının artırılmasına yardım, iqtisadiyyatın çoxşaxəli modelə keçməsinə kömək göstərilir. Gülməlidir, Azərbaycanda qeyri-neft sektoru yox səviyyəsindədir! İxracatda bu sektorun payı 2 faizdən çox deyil. Hökumətin “qeyri-neft sektoru” dediyi sahə təmir-tikinti sahəsidir ki, bu da neftə görədir. Neftin pulu Neft Fonduna, büdcəyə, təmir-tikintiyə gedir, vəssalam… Yəni neft pulu olmayanda “qeyri-neft” sektoru da olmayacaq”.

Ekspertin sözlərinə görə, hökumətin manatın yumşaq devalvasiyasına getməyə qərar verməsinin önəmli faktorları var: “Birincisi, neftin ucuzlaşmasıdır. İkinci, ölkəyə əsasən 2 mənbədən valyuta daxil olurdu, neftin pulu və Rusiyadan öz ailələrinə göndərilən vəsait… Hər iki mənbədən gələn vəsait azalıb, özü də ciddi azalıb. Rusiya ilə bağlı isə hətta əks proses gedir. Yaxşı vaxtlarda Rusiyada çalışıb, qazandığı vəsaitə Bakıda daşınmaz əmlak alan bəzi iş adamları, Rusiyada öz bizneslərini ayaqda tutmaq üçün həmin mülklərini satıb, dollara çevirib, Rusiyaya aparırlar. Deməli, manata olan basqılar ciddi artıb, hökumət məhz bu səbəbdən yumşaq devalvasiyaya getmək qərarı alıb. “İxracatı artırmaq, istehsalçını qorumaq” kimi söz-söhbətlər mifdir”.

N.Cəfərli qeyd edib ki, manatın kursunun azalması qaçılmazdır: “Əgər hökumət “səbət” tənzimləməsinə keçib, manatı avroya, bununla da avronun dollara nisbətən kursuna bağlamaq istəyirsə, və prezidentin də elan etdiyi kimi, “1 manat 1 avroya bərabərdir” formuluna görə dolların kursu hesablanacaqsa, onda indiki kursla 1 dollar 0,88 manata bərabər olacaq. Yaxın gələcəkdə avronun kursu dollara qarşı enəcək. O zaman dolların manata qarşı kursu da qalxacaq. Yəni, 1 avro 1,05 dollara qədər kurs ensə, onda 1 dollar 0,95 manat olacaq. Ehtimallar bu kursun daha real olacağını göstərir. Yox, əgər avro daha da ensə, yəni, 1 avro 1 dollara bərabər olsa, onda “ideal” kurs yaranacaq: 1 avro 1 manata və eyni zamanda 1 dollara bərabər olacaq. Bir sözlə, manatın kursunun azalması qaçılmazdır. Bu isə öz növbəsində ölkədə ciddi inflyasiyaya, qiymət artımına gətirib çıxaracaq. Bundan başqa, qiymətlərin və kreditlərin yenidən “dollarlaşması” olacaq. Yəni daşınmaz əmlak və avtomobil qiymətləri keçmiş illərdə olduğu kimi, yenə dollarla müəyyənləşəcək. Banklar da kreditləri dollarla verməyə başlayacaq”.

Qeyd edək ki, fevralın 17-də ölkədə manatın məzənnəsi ABŞ dolları ilə müqayisədə aşağı düşüb. Mərkəzi Bankın məlumatına görə, 1 ABŞ dolları 0,7853 manat olub. İnflyasiyanın 7 faiz qalxacağı da istisna olunmur. Belə olan təqdirdə, birbaşa istehlak bazarında qiymətlərin bahalaşması baş verə bilər.

Ekspertlər bildirirlər ki, qiymətlərin artması inflyasiyanın qalxması ilə əlaqəlidir. Ölkəyə gətirilən malların və məhsulların böyük əksəriyyəti xaricdən dollarla alındığından, daxili bazarda onların manatla olan ekvivalenti artıma səbəb olacaq. Mərkəzi Bankın rəhbərinin bu il inflyasiyanın 7 faiz civarında olacağı barədə açıqlaması da onu göstərir. Yəni həm ərzaq, həm də qeyri-ərzaq bazarında müəyyən dərəcədə artım olacaq. Bu da dolların kursu ilə əlaqəlidir. Ölkədə istehlak olunan ərzaq məhsullarının yarısından çoxu xaricdən gətirilir. Dollar qalxdıqca, ölkəyə gətirilən məhsulların manatla dəyəri qalxacaq.  

COMMENTS