Bakı İdarəetmə və Texnologiya Kolecinin direktoru komitə sədrinə arxalanır?

Artıq bir neçə müddətdir ki, redaksiyamıza daxil olan məktublarda Bakı İdarəetmə və Texnologiya Kolecində yer almış çoxsaylı qanun pozuntuları və çeşidli neqativ hallar barədə məlumatlar təqdim edilir.

 

Məlumatlarda qeyd olunur ki, bu təhsil müəssisəsində imtahanların nəticələri artıq çoxdan qiymət alveri predmetinə çevrilib. Maraqlıdır ki, hələ bir müddət əvvəl aldığımız məlumata görə, Bakı İdarəetmə və Texnologiya Kolecində rüşvətin yığılması işində sinif nümayəndələri vasitəçi rolu oynayırlar. Mənbələrin iddiasına görə sinif nümayəndələri tələbələrdən yığılmış toplam pulu müəllimlərə çatdırırlar. Əvəzində özləri imtahanları və təcrübəni pulsuz keçirlər. Müəllimlər də ümumi məbləğdən paylarına düşəni götürüb qalan hissəni şöbə müdirlərinə verirlər. Onlar isə öz növbələrində, həmin pulları kollecin direktoru Heydər Hüseynova təqdim edirlər. Onu da qeyd edək ki, bu kollecdə imtahanların qiyməti fənlərə və müəllimlərə görə dəyişir. Belə ki, hər bir fənnin və həmin fənn üzrə dərs deyən müəllimin “özünün” qiyməti var ki, tələbələr də artıq bunları çox gözəl bilirlər.Bundan başqa isə kollecdə tələbələrdən qayiblərə görə də pul tələb olunur. Bir çox tələbələrin adı jurnalda getsə də, özlərinin dərslərdə iştirak etməməsi buna əyani sübutdur. Məlumatlarda qeyd olunur ki, dərslərdə iştirak etməməyin aylıq “xərci” 100 manatdır. Orta hesabla bir tələbə semestri 350-500 manat xərclə başa vurur. Tələbələr bildirirlər ki, Bakı İdarəetmə və Texnologiya Kollecində dərslərinə hazırlaşan və hazırlaşmayan tələbə arasında elə də böyük fərq qoyulmur. İstənilən halda pul hamıdan yığılır. Yaxşı oxuyanlar üçün məbləğ 200 manat, oxumayanlar üçün 300-400 manatdır. Mənbələrin rəyinə görə burada tələbələrin və müəllimlərin psixologiyasına oxumaq və təhsil vermək yaddır. Tələbələrin təhsil almaq həvəsləri kollecin rəhbərliyi tərəfindən məqsədyönlü şəkildə boğulur. Hər imtahan qabağı ixtisas rəhbərləri onları öz otağına yığır və deyir ki, filan imtahanın qiyməti bu qədərdir. Tələbə məcburdur, borc-xərc edib imtahanların pulunu tapsın. Pulsuz imtahana gəlmək, avtomatik kəsilmək deməkdir.Qəribədir ki, Heydər Hüseynovun yol verdiyi özbaşnalıqlara və qanun pozuntularına hətta Təhsil Nazirliyi tərəfindən də lazımi reaksiya verilmir. Təhsil sahəsində həyata keçirilən islahatlar və ölkədə aparılan korrupsiyaya qarşı mübarizə tədbirləri fonunda H.Hüseynov tərəfindən bu gün də qanunsuz tələbə qəbullarının reallaşdırılması faktı kollec direktorunun bu əməllərini yetərincə pərdələyə bildiyindən xəbər verir. Lakin, mövzuya dair dərc etdiyimiz ötən materiallarda da bildirildiyi kimi, Heydər müəllimin fəaliyyəti sadəcə bu maxinasiyalarla nəhayətlənmir. Saxta diplom və arayışların verilməsi kimi hallar da H.Hüseynovun xüsusi rəğbət bəslədiyi əməllərə aid edilməlidir. Məlum olduğu kimi kollec sistemi ölkənin təhsil sisteminin önəmli sahələrindən biridir. Məhz elə bu səbəbdən də bu gün Azərbaycanda həyata keçirilən təhsil islahatları orta və ali təhsil müəssisələri kimi kolleclər sistemində də mütərəqqi reformaları nəzərdə tutur. Bununla belə hələ də bu tədris müəssisələrinə rəhbərlik edən şəxslər arasında istər ölkənin təhsil sistemi üçün, istərsə də cəmiyyətimizin maddi-sosial rifahı üçün kolleclərin necə böyük əhəmiyyət kəsb etdiyini tam dərk etməyən kadrlara tez-tez rast gəlmək olur. Bütün bunlar da əlbəttə ki, ölkənin ümumilikdə təhsil sisteminə, bir vətəndaş kimi hələ tam formalaşmamış gənc nəslin təlim-tərbiyyəsinə çox böyük ziyan vurur.Mənbələr isə bu qənaətdədirlər ki, Bakı İdarəetmə və Texnologiya Kolecində cərəyan edən hadisələr Təhsil Nazirliyi tərəfindən araşdırılarsa, ortaya daha maraqlı faktlar çıxa bilər. 

COMMENTS