Bakı marketlərində bizi belə aldadırlar

Bakı marketlərində bizi belə aldadırlar

Elə bir insan yoxdur ki, alış-veriş etməsin.

 

Günlük, həftəlik və aylıq ehtiyaclarımızı yaşadığımız yerə yaxın olan bazar və marketlərdən təmin edirik.

İndi böyük marketlər o qədər inkişaf edib ki, demək olar, bazara getməyə ehtiyac qalmır. Marketlərdə kibritdən tutmuş meyvə-tərəvəzə qədər,hər şey satılır. Belə xidmətin olması insanlar üçün çox yaxşıdır. Bir çoxlarının fikrincə, marketlərin çoxunda məhsullar təzə olur, bu da çox yaxşı haldır. Lakin yaxşı olmayan məsələ haqq-hesab məsələsidir. Şəxsən mən özüm böyük marketlərin birində bir neçə dəfə eyni problemlə qarşılaşmışam. Söhbət ondan gedir ki, vitrindən alacağım məhsulun qiymətinə baxıb,səbətimə yığıram, kassir xanımın yanına gələnə qədər qiymət dəyişilir. Bu necə olur? Yəni vitrindəki qiymətlə kassadakı qiymət üst-üstə düşmür. Eyni vəziyyətlə 3 dəfə rastlaşmışam. Alış-veriş etdiyim marketdə bu problemi 1-ci dəfə kassada əyləşən xanıma bildirdim, üzr istəyərək dedi ki, səhv olub düzəldəcəyik. 2-ci dəfə isə məsələni bir az böyüdərək kassirə nəzarət edən məsul şəxsə şikayətimi çatdırdım. O da üzr istəyərək səhv etdiklərini dedi. 3-cü dəfə isə artıq çox əsəbiləşərək və səs tonumu qaldıraraq “buranın sahibi kimdir, gəlsin ona öz şikayətimi deyim” dedim, heç kim gəlmədi və orada çalışanlar yenə üzr istədilər və mən marketdən çıxdım. Səhv və ya düz etmişəm, deyə bilmərəm. Daha sonra eyni hal ilə qarşılaşaraq əsəbiləşən bir neçə müştəri də gördüm. Təbii ki, məhsulu seçib kassaya gələndən sonra onun vitrindəki qiymətdən baha olduğunu gördüyün halda almamaq da mümkündür, lakin sən orada vaxt itirirsən və pərt olursan. Bu problemdən əlavə, bəzi marketlərdə kassada alınan malı hesablayarkən məbləği artıq vuraraq müştərilərin aldadılması da baş verir. Belə bir problem ilə bağlı bizə müraciət edən bir vətəndaş bu halın bir neçə dəfə təkrarlandığını söylədi. Biz də bütün bu kimi problemlərin qarşısını almaq məqsədilə və ya “bu problemlərlə qarşılaşan zaman nə etmək lazımdır?” sualına cavab tapmaq üçün bu işlə bağlı ekspertlərə müraciət etdik.

“Bu məsələ ilə bağlı ən çox şikayət “Neptun” marketlərindən gəlir”

“Azad İstehlakçılar Birliyi”nin (AİB) sədri ekspert Eyyub Hüseynov dedi: “Bu sahədə çox təəssüf ki, problem var. Azərbaycanda müasir texnologiyalar tətbiq olunduqca paralel olaraq, istehlakçıların hüquqlarının pozulması və soyulması baş verir. Bu, mobil rabitə xidmətlərindən, satışların avtomatlaşdırılmasından, plastik kartların tətbiqindən tutmuş, demək olar ki, həyatımızın bütün sahələrinə aiddir. Təsadüfi deyil ki, cənab Prezident İlham Əliyev 16 mart 2014-cü ildə özünün xüsusi sərəncamında, eləcə də 14 yanvar 2011-ci ildə Nazirlər Kabinetinin yığıncağında ölkədə şişirdilmiş qiymətlərin olmasını dilə gətirdi və buna qarşı mübarizə aparılmasını tapşırdı. Azad İstehlakçılar Birliyinə hər həftə belə problemlərlə bağlı 2-3 telefon zəngi gəlir. Xüsusən, satışları avtomatlaşdırılmış marketlərdə vitrindəki qiymətlə kassadakı qiymətlərin fərqli olması məsələsi dilə gətirilir. Marketdəki məsul şəxsə müraciət etdikdə, deyirlər ki, “köhnə qiyməti dəyişdirməmişik”, “bu,təzə qiymətdir”, cürbəcür bəhanələr gətirərək, bu səhvlərini orada çalışan işçilərin üzərinə ataraq problemdən yayınmağa çalışırlar. Bu məsələ ilə bağlı ən çox şikayət “Neptun” marketlərindən gəlir. Hətta bizə göndərilən başqa bir şikayətdə 250 manatlıq alış-veriş edən müştəriyə 30 manat əlavə pul yazılmışdı. Bunun səbəbləri müxtəlifdir, alınmayan məhsul hesablanır, malın üzərindəki qiymətlə son skanerdəki hesablanacaq qiymət düz gəlmir və s. Bu halda məhsulu alanda, hesablayanda qiymətlərə və çeklərə diqqətlə baxmaq lazımdır. Baxmayaraq ki, mən İqtisadiyyat və Sənaye Nazirliyinə konkret istehlakçı şikayəti, dəqiq ünvanlı marketlər vermişəm. Lakin onlar deyirlər ki, monitorinq aparıldıqdan sonra bir problem tapa bilmədik. Çox təəssüflər olsun ki, bu vəziyyət dəyişməz olaraq qalır. İnsanlar belə hallarla qarşılaşan zaman bizə, İqtisadiyyat və Sənaye Nazirliyinin “qaynar xətti”nə şikayətlərini bildirə bilərlər. Marketdən kənarlaşmadan məsələni həll etməyə çalışsınlar, bu zaman marketdə problem həll edilib, müştəri yola salınır. Lakin bu problemlərin birdəfəlik həlli üçün dövlət orqanları bu işə cəlb olunmalıdırlar”.

Ekspert “Neptun” marketindən bu tipli şikayətlərin gəldiyini bildirəndən sonra marketin rəhbəri Vüqar bəylə əlaqə saxladıq. Müdir bildirdi ki, bizim marketdə belə hallar olmur. O, bu cür hallar baş verdiyi zaman müştərilərə marketi tərk etmədən rəhbərliyə şikayət etmələrini tövsiyə etdi: “Son vaxtlar bizim marketdə xeyli dəyişikliklər olub. Həm yeni hesablama aparatları alınıb, həm də yeni kadrlar işə alınıb. Belə problemlərlə bağlı işçilərə böyük cərimələr də kəsilib. Məhsulların qiyməti son üç ayda xeyli aşağı düşüb. Hal-hazırda müştəri necə şikayət edə bilər ki, əgər bir malın qiyməti 1 manatdırsa, kassada 95 qəpik olaraq hesablanır. Bu çox gülməli olar ki, alıcı belə vəziyyətin olmasına baxmayaraq, şikayət edir”

Marketin rəhbəri Vüqar bəylə danışandan bir gün sonra daha iki müştəridən belə bir şikayət eşitdim. Açığı təəccübləndim, müdir axı dedi ki, belə bir şey mümkün deyil. Deməli, vitrində qiyməti 50 qəpik göstərilən çay içkisini vitrindən götürüb kassaya gələn həmin alıcıya burada deyiblər ki, qiymət 53 qəpikdir. Təbii ki, o buna əsəbiləşib və 2 ədəd yox, 1 ədəb çay içkisi alıb. Digər müştərinin şikayəti də təqribən buna bənzərdir. O, saçaqlı pendiri 3,5 AZN qiyməti ilə səbətinə yığaraq kassaya gəlib və burada qiymət 70 qəpik çox hesablanıb, yəni 4 manat 20 qəpik. O, buna etiraz olaraq, həmin pendiri geri qaytarır. Söhbət ondan getmir ki, kiminsə 70 qəpiyi çatmır, sadəcə olaraq, insanlar xırda bir şeydə olsa belə,aldanmağı artıq qəbul etmirlər.

“Hüquq pozuntusu zamanı lazımiorqanlara bildirmək lazımdır”

Məsələ ilə bağlı “Proqress Hüquq MMC”nin hüquqşünası Seymur Məmmədova müraciət etdik. O bildirdi ki, belə problemlərlə qarşılaşan zaman birbaşa marketin rəhbərliyinə bildirmək daha yaxşıdır. Hüquqşünas dedi: “Əvvəlcə,dəqiq bilmək lazımdır ki, həqiqətən də,problem var. Yəni əsaslı şəkildə qəbzlə sübut edilə bilərsə, hüquq pozuntusu varsa, müştərinin şikayət etməyə haqqı var. Bu işlərlə əlaqəli orqanlara müraciət edərək,şikayət edilə bilər. Şəxsən mən özüm də belə bir halla qarşılaşmışam. Aldığım məhsulun qiyməti kassa ilə fərqli olub, daha sonra məlum olub ki, köhnə tarixdəki qiymətlə qarışıb və həqiqətən də işçinin səhvi olub. Bu halda vətəndaşlar bunu da nəzərə almalıdırlar, lakin dəfələrlə düşüncəli bir şəkildə aldadılma halı baş verirsə, bu, artıq qanun pozuntusudur. Bu barədə tədbir görmək lazımdır. Təbii ki, öncə marketin rəhbərliyinə müraciət edərək,belə bir halın olduğunu bildirmək lazımdır. Daha sonra rəhbərlik məsələni həll etmirsə, yəni eyni hal yenidən təkrarlanırsa, artıq vətəndaş lazımi orqanlara şikayət etməlidir”.

Sonda qeyd edək ki, dövlətin istehlakçı hüquqlarının qorunmasına və sahibkarlığın inkişafına verdiyi xüsusi önəmin nəticəsində, ölkə iqtisadiyyatında inhisarçılığın qarşısının alınması və haqsız rəqabətlə mübarizənin gücləndirilməsi, habelə istehlakçıların hüquqlarının müdafiəsi sahəsində dövlət idarəetməsinin təkmilləşdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2009-cu il tarixli fərmanı ilə İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti yaradılıb. Vətəndaşların ərizə və şikayətlərinə baxılması sahəsində şəffaflığın və operativliyin təmin edilməsi üçün dövlət xidməti tərəfindən iki telefon nömrəsi ayrılıb. İstehlakçılar bu telefonlarla (012) 498 15 01 və (012) 498 15 04) dövlət xidmətinə müraciət edə bilərlər. Bundan başqa, İqtisadi İnkişaf Nazirliyinin “195-2” telefon məlumat mərkəzinin yaradılması da vətəndaşların sözügedən xidmətə müraciət imkanlarını sadələşdirib.

COMMENTS