“Bakı Metropoliteni”nin əməkdaşları Avropa Oyunlarına görə treyninqdə

Böyük Britaniya paytaxtında metropoliten şəbəkəsini də əhatə edən “Transport for London” şirkətinin mütəxəssisləri Bakıda treyninq keçir.

Publika.az-ın məlumatına görə, “Bakı Metropoliteni” QSC-nin dəvəti ilə təşkil edilən treyninq təhlükəsizliyin təminatı ilə bağlıdır. Treyninqdə metropoliteninin mühafizəsi üzrə polis şöbəsinin əməkdaşları iştirak edir.

5 gün davam edəcək seminarlarda “Transport for London”un infrastruktur məsələləri və əməliyyat üzrə proqram direktoru Corc Makaynalti (George McInulty) və mütəxəssis Hyu Makkey (Hugh Mackay) London metrosunun təcrübəsi ilə bölüşərək, xüsusi proqram əsasında seminarlar keçir, bu dövrdə işin təşkili və idarə olunması prinsiplərindən söz açır, tövsiyələrini verirlər.

Treninqin ilk təliminin mövzusu polis əməkdaşlarının davranış qaydalarında sosial-psixoloji məsələlərə diqqət edilməsi olub.

Bakıya gələcək turistlərin fərqli ölkəni, fərqli mədəniyyəti, fərqli dünya görüşə malik mühiti təmsil edə biləcəyinin nəzərə alınması və bu zaman davranışın maksimum nəzakət və tövsiyə xarakterli olması vacibdir. Daha bir məsələ polisin iş vaxtı diqqət etməli olduğu məsələlər, onlara kompleks və fərdi yanaşma metodları və konkret məqamları ilə bağlıdır. Stansiyada sərnişinlərin daim hərəkətdə olması, qatara vaxtında minib-düşməsi və s. kimi məsələlər nəzərə alınaraq, mütəxəssislər bəzi təkliflərini, tövsiyələrini əyani nümunələr əsasında veriblər.

London və Bakı metropolitenləri arasında oxşar və fərqli cəhətlər nəzərə alınaraq, britaniyalı mütəxəssislər diqqətə alınması vacib olan bir sıra məsələlər ətrafında xüsusi dayanaraq, daha geniş və çeşidli metodlarla onların müzakirəsini təşkil edirlər.

Bakı metropolitenində mühafizə sistemi və təhlükəsizliyin təminatının Avropanın aparıcı dövlətlərinin metroları səviyyəsində və bəzən onlardan da yüksəkdə olduğunu gördükləri üçün məmnun qaldıqlarını ifadə edən Makaynalti, polis əməkdaşlarının hazırlığını və peşəkarlığını da vurğulayaraq, Oyunların ən yüksək səviyyədə təşkil ediləcəyinə əminliyini qeyd edib.

Qeyd edək ki, təlimlər eyni zamanda “Bakı Metropoliteni” QSC-nin digər əməkdaşları üçün də təşkil ediləcək.

COMMENTS