İstənilən halda bir polis zabitinin bu cür davranması bu ölkədə birilərinin yerində olmadığını göstərir
Əslində qanunlar hamı üçün yazılır, lakin bəzən yazılan qanunlar kimlər üçünsə heç bir əhəmiyyət kəsb etmir. Çünki, belələri üçün daha çox “yazılmayan qanunlar” alidir. “Yazılmayan qanunlar” isə başqalarının qanuni haqqlarını, konstitusion hüquqlarını pozmağa yönəlir, ayrı-ayrı şəxslərin maraqlarını qorumağa xidmət edir.
Azərbaycan hüquqi dövlətdir və hər bir vətəndaş ölkə qanunları qarşısında bərabər hüquqa malikdir. Hər halda ən ali qanunumuz olan konstitusiyada belə yazılıb. Lakin, deyəsən bəziləri tutduqları vəzifə kürsüsündən, onun verdiyi səlahiyyətlərdən istifadə edərək nəinki bu bərabərlik hüququnu danır, hətta vətəndaşları “ağlara, qaralara”, müxtəlif kateqoriyalara bölür. Əgər belə olmasaydı, bir çox vəzifə sahibləri artıq özünü “başqa dünyanın adamı” saymaz, öz diqtəsini qanunlardan yüksək tutmazdı.
Dediyimiz kimi, qanunlar hamı üçün yazılır və dövlət bu qanunların aliliyini qorumaq üçün xüsusi qurumlar formalaşdırır. Qanunların keşiyində durmalı olan belə qurumlar və orada çalışan hər bir əməkdaş vəzifəsindən asılı olmayaraq, ilk növbədə özü əlahəzrət qanunlara hörmətlə yanaşmalıdır. Amma, axı biz “yazılmayan qanunlardan” da danışdıq.
Yollarda qayda qanunları qorumalı olan yol polislərinin “şanlı” əməlləri haqqında çox yazılıb. Sürücülərə “çörək ağacı” kimi baxan, bəzən elə yol hərəkəti qaydalarını özləri pozan yol polislərimizin də “yazılmayan qanunları” daha çoxdur. Lakin, bu təkcə sıravi polislərə aid olsaydı nə vardı ki…
Bakı şəhər Dövlət Yol Polis İdarəsinin yol-patrul xidməti alayının komandiri Rəşadət Babayevi yol yolçusu olan sürücülər və mətbuat nümayəndələri yaxşı tanıyırlar. Sürücülər ona görə ki, paytaxt yollarında daha çox R. Babayevin xüsusi qayda-qanunları tətbiq olunur. Mətbuat nümayəndələri isə rəis müavinindən həm bir sürücü kimi “çox çəkiblər”, həm də onun dastanlara layiq əməlləri haqqında çox şikayətlər oxumağa, məqalələr işıqlandırmağa məcbur olublar. Kefi istəyəndə xoşuna gəlməyən sürücünü döyməkdən, şil-küt etməkdən belə çəkinməyən Rəşadət Babayevin karyerası “yol əhvəlatları” ilə xüsusilə zəngindir. Gəlin onlardan bir neçəsi ilə tanış olaq.
“Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin yol-patrul xidməti alayının komandiri Rəşadət Babayev sürücüyə qarşı xuliqanlıq edib.
Hadisə aprelin 12-də, saat 14:00 radələrində paytaxtın Nizami rayonu 8 km qəsəbəsi ərazisində, Babək prospektində baş verib. O, heç bir səbəb olmadan paytaxt sakini Natiq Telman oğlu Əhmədovu vətəndaşların gözü qarşısında küçə söyüşləri ilə təhqir edib, vəzifə səlahiyyətlərindən sui-istifadə edərək vətəndaşın şəxsi avtomobilini müsadirə edərək cərimə meydançasına apartdırıb. Rəis müavini vətəndaşı sürüyərək çıxarıb və onun paltarını cırıb. Zərərçəkən Natiq Əhmədovun məsələ ilə bağlı ölkə prezidentinə müraciət edib”.
Oxuduğunuz sətirlər hansısa dedektiv filmin ssenarisindən deyil. Bu Rəşadət Babayevin öz ssenarisidir.
Digər bir məlumatı nəzərdən keçirək.
“Bakı Şəhər Dövlət Yol Polisi İdarəsində (BŞDYPİ) qalmaqal baş verib. Keçmiş ədliyyə naziri Əlisahib Orucovun oğlu Kamran Orucov yaxın dostu Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin ( DİN BDYPİ ) əməkdaşı, kapitan Sadiq Əsgərova bildirib ki, BŞDYPİ-nin rəis müavini, polkovnik Rəşadət Babayev ona “zaderjaniya” verib. Sadiq Əsgərov isə bildirib ki, burda problem yoxdur, bir yerdə gedərik Rəşadət müəllimin yanına və məsələ həll olunar. Növbəti gün Sadiq Əsgərovla Kamran Orucov Şəhər “QAİ”sinə yollanırlar. Kamran aşağıda gözləyir, Sadiq isə yuxarı qalxıb Rəşadət müəllimlə görüşür. Rəşadət Sadiqi hörmətlə qəbul edir, ancaq Kamranın adını eşidən kimi… hər şey dəyişir və Kamranın yuxarı qalxmasını təkid edir. Kamran xidməti kabinetə daxil olan kimi BŞDYPİ-nin rəis müavini Rəşadət Babyev onu sillələyir, araya girən Sadiq Əsgərova isə elə bir kəllə qoyur ki, ağız-burun qan olur. İdarənin işçiləri içəri daxil olurlar. Vəziyyətin gərginləşdiyini görən Kamranla Sadiq ekspertizaya müraciət edib rəy alırlar. Hazırda işlə Bakı Şəhər Prokurorluğu məşğul olur. Məlumatı verən mənbə bildirdi ki, hörmətli Baş prokuror Zakir Qaralov məsələyə obyektiv və təcili münasibət tələb edib”.
Bu da daha bir dedektiv “ssenarisinin” xatırlatmasıdır. Bu siyahını çox uzatmaq da olar, çünki belə döyülənlərin, haqqı, hüququ tapdalananların sayı heç də düşündüyünüz kimi az deyil. Öz vəzifə səlahiyyətlərini bu qədər aşmaq, vətəndaşlara belə yuxarıdan aşağı baxmaq heç bir hüquqa, qanuna və kitaba sığımır. İstənilən halda bir polis zabitinin bir vətəndaşla bu cür davranması bu ölkədə birilərinin yerində olmadığını göstərir.
Ancaq, düşünməyin ki, bu yazını Rəşadət Babayevin keçmiş “xatirələri” əsasında tamamlamaq fikrindəyəm. Əsla. Çünki, onun necə bir qanun keşikçisi olduğunun özüm də şahidi olmuşam. Uzaq tarix deyil. Bu “xoşbəxt təsadüfdən” cəmisi ikicə gün keçib.
Prezident Administrasiyasının yaxınlığında avtomaşınla hərəkət edərkən hər gün minlərlə sürücünün etdiyi kiçik bir qayda pozuntusuna yol verdim. Və… mənim bu qayda pozuntumun canlı şahidi 400 seriya nömrəli xidməti maşını ilə ərazidən keçən Rəşadət Babayevin şəxsən özü oldu. Düzdür, bu dəfə bəxt məndən yana idi. Çünki, yuxarıda qeyd etdiyim “dedektiv ssenarilər” təkrar olunmadı. Alay komandiri sadəcə məni qəzəbli baxışlarla süzməklə kifayətlənərək yoluna davam etdi.
Hər şeyin yaxşı qurtardığını düşünərək yoluma davam etdim. Ancaq bu xoş təəssüratlarım Milli parkın yanına qədər davam etdi. Burada yol polisləri heç bir hüquqi normativə uyğun olmayaraq qəribə göz-qaş işarələri ilə məni maşını saxlamağa məcbur etdilər. Özünü təqdim etməyən polis əməkdaşı hər hansı qayda pozuntusu olduğunu izah etmədən dərhal protokol tərtib etməyə başladı. Mənə nə üçün protokol tərtib edildiyini soruşanda isə çavuş olduğu halda Rəşadət Babayevin “xüsusi tapşırıqlarını” yerinə yetirən Seyidov Mirsəməd aciz görkəm alaraq ən
azından kəmər taxılmamasını da olsa yazmağa məcbur olduğunu bildirdi. Bunun niyəsini isə təsadüfən protokolun üzərindəki qeydə gözüm sataşandan sonra anladım. Protokolun üzərində xüsusi qeyd var idi – “400-ün göstərişi ilə” yazılmışdı. Elə o andaca “400”-dən mənə baxan qəzəbli baxışları xatırladım. Kiçik bir qayda pozuntusuna görə az qala bütün Bakı yollarında axtarışa verilmişdim. Anladım ki, Rəşadət Babayevin qəzəbindən qurtarmaq mümkün deyilmiş. Hər halda məni bütün paytaxt polislərinə “tapşırmasından” sonra belə qənaətə gəlmək olar.
Mənə 655008 saylı protokol tərtib olundu və maşınımı cərimə meydançasına apardılar. Maşının cərimə meydançasına aparılması necə qanunsuzluqla müşayiət olunmuşdusa, elə buraxılması da eyni qaydada baş verdi. Yalnız poçta ödədiyim pulun qəbzləri və telefon zəngi ilə maşınımı buraxdılar.
Doğrusu, Rəşadət Babayevin belə “operativliyinə” heyran qalmamaq olmur. Məhz onun və yol polislərinin “xidmətləri” nəticəsində paytaxtın bütün yol, tıxac problemləri aradan qaldırılıb, avtoşların axırına çıxılıb, şəhər küçələrində ralli təşkil edən “kasıb” balalarının bütün “oyuncaqları” əllərindən alınaraq cərimə meydançalarına doldurulub. Saatlarla tıxaclarda qalan hər bir Bakı sakini yol polislərinin belə anlarda necə “zəhmət çəkdiklərini”, haralarasa yoxa çıxaraq tıxaca “çarə” axtardıqlarını yaxşı bilir. Necə olur ki, yuxarılardan hər hansı sərt tapşırıq verilən kimi paytax yollarında tıxac problemi bir andaca həll oluna bilir, amma başqa vaxt bunun çarəsi tapılmır?
Bəlkə Rəşadət Babayev 400 nömrəli maşının pəncərəsindən Bakı küçələrinə daha diqqətlə baxaydı. Onda rəhbəri olduğu polislərin sürücülərlə necə rəftar etdiyini, onların əsəbləri ilə “rəqs etdiklərini”, az qala infarkt vəziyyətinə gətirdiklərini daha yaxşı görərdi.
Diqqətli olsaydı görərdi ki, Yol polisi küçənin ortasında başlayır sürücünü qovmağa, belə halda istənilən qəza törənə bilər. Sürücünü təhqir edirlər, aşağılayırlar. Belədə əlbəttə insan infarkt da keçirər, ölər də. Son zamanlar lap dəhşətdir. Polislər ağacın arxasında gizlənir, elə bil pusquda durublar. Elə bunu gözləyirlər ki, kimsə qaydanı pozsun, düşsünlər ardınca. “Dərisi soyulanlar” isə bir parça çörək qazanmaq ümidilə paytaxt küçələrində dolaşan taksilər və “yetim yesirlərdir”.
Görəsən, bəs axşamlar bu polislər niyə bu qədər cəldlik nümayiş etdirmirlər? Axşam saat 9-10-da “avtoşlar”ın əlindən küçəni keçmək olmur. Maşınlar adamın üstünə elə gəlir ki, qorxub kənara çəkilirsən. Kimdi “avtoşluq” edən, sadə, kasıb vətəndaş bunu etməz. Bunu edən arxası olanlardır. Bilir ki, polis onun vəsiqəsini almağa cürət etməyəcək, alsa da, uzaqbaşı sabah gedib geri qaytaracaq.
Məgər Rəşadət Babayevin xəbəri yoxdurmu ki, bizdə yol polisləri əsasən şəhərin sıx yerlərində maşını götürüb getməklə məşğul olurlar. Əgər yad sürücü avtomobili hansısa yolun kənarında saxlasa, o zaman onun evi yıxıldı. Dərhal ağaclıqda, körpü altında, sıxlıq yerdə dayanan yol polisləri evakuator maşınları ilə gəlib maşını aparırlar. Prosesin buraya qədər olan hissəsini bilməsə də, hər halda alay komandirinin sonra baş verənlərdən xəbəri olmamış olmaz.
Bəs Rəşadət Babayev paytaxt küçələrində qayda-qanun yaratmaq əvəzinə yol hərəkəti qaydalarını pozan polislərdən necə xəbərsizdirmi?
Məgər qanunu qorumaq yalnız sürücülər üçün keçərlidir, bəs, bu qanunun keşiyində dayanmalı olan yol polisləri niyə qanunları ayaq altına atmaqla məşğuldurlar?.. İstənilən vaxt, yeri gəldi-gəlmədi bu cür “qanun keşikçiləri” yol hərəkət qaydalarını sürücülərdən də daha çox pozurlar, qırmızı işığa məhəl qoymayaraq yollarda ciddi qəza vəziyyətləri yaradırlar. Cənab Prezidentimizin qeyd etdiyi kimi, qanunu qorumaq və xalqa xidmət etmək lazımdır.
Amma gördüklərimiz isə tamam başqa şeylərdən xəbər verir. Hətta Cənab Prezident hər kəsə nəsihət olsun deyə “xalqımın birinci xidmətçisi özüməm” kəlməsini işlətmişdi. Prezidentimizin bu gözəl siyasətinə, qurduğu hökumətə bu cür məsuliyyətsiz yol polis əməkdaşları xələl gətirməyə çalışırlar. Ən maraqlısı odur ki, bir sürücü yol polisinə qarşı kobud hərəkət etdikdə, dərhal ona cinayət işi qaldırılır, hətta həbs belə olunur. Amma vətəndaşlar şikayət etdikdə həmin operativliyi adekvat görmürük. Qanun sadəcə hamı üçündür, onu qorumaq təkcə sürücülərin deyil, həm də yol polislərinin müqəddəs vəzifəsidir!”
Yəqin ki, Daxili İşlər Naziri cənab Ramil Usubov, DİN Baş DYP İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalov bütün bunlara qarşı tezliklə ciddi tədbirlər görəcəklər. Polis sıralarında bu adı doğrultmayan, öz hərəkətləri ilə bu şərəfli peşəni nüfuzdan salan əməkdaşlara qarşı daha sərt olacaqlar. Belə olarsa, yol polis sistemində illərlə həll olunmayan bir çox ağrılı problemləri 100 faiz həll etmək olar. Nəinki 100 faiz, hətta “400” faiz!
Mövzunu davam etdirəcəyik…
Nicat Mahmudov

COMMENTS