Top.Mail.Ru

Bakı-Tbilisi-Qars ilə Rusiyadan Türkiyəyə strateji məhsullar nəql edilib – FOTO

Bakı-Tbilisi-Qars ilə Rusiyadan Türkiyəyə strateji məhsullar nəql edilib – FOTO

Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu vasitəsilə Rusiyadan Türkiyəyə taxıl və buğda kəpəyi nəql edilib.
“Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY Express” MMC-dən verilən məlumata görə, 13 örtülü vaqonda 780 ton taxıl Rusiyanın Tatarskaya stansiyasından (Qərbi-Sibir dəmir yolu), səkkiz taxıldaşıyan vaqonda 480 ton buğda kəpəyi isə Şadrinsk stansiyasından (Cənub-Ural dəmir yolu) göndərilib.
Rusiya-Azərbaycan sərhədində yerləşən Yalama stansiyasından keçən yüklər Böyük-Kəsik və Gürcüstanın Axalkalaki stansiyasına çatdırılıb. Daha sonra taxıl və kəpək Türkiyənin Qars şəhərinə yola salınıb.
Qeyd edilib ki, BTQ dəmir yolu ilə bu cür yüklərin nəqli sahibkarlara ənənəvi dəniz yolu ilə daşınmalardan daha sərfəlidir. BTQ ilə fasiləsiz kiçik həcmli yükləri daşımaq mümkündür ki, əvvəllər sifarişçilər bu yükləri Türkiyəyə göndərmək üçün Novorosiysk limanında gəminin doldurulmasını gözləməli olurdular və limanda yüklərin aşırılması əməliyyatları aparılırdı. Bu isə əlavə xərclər deməkdir.
Bundan başqa BTQ vasitəsi ilə yüklərin nəqli tranzit vaxtını iki dəfə azaldır. Yük sahibləri Bakı-Tbilisi-Qars vasitəsi ilə mütəmadi olaraq bu cür yüklərin Türkiyəyə göndərilməsini planlaşdırır.

COMMENTS