Bakıda bina sakinləri “Penoplast” üzlükləri sökməyə başlayıb

50-dən çox sakin tezalışan plastik üzlüklərin vurulmasına etiraz ediblər

 Bakı şəhəri, Binəqədi rayonunda yaşayış binasında baş verən və 16 nəfərin ölümü, 60-dan çox insanın yaralanması ilə nəticələnən dəhşətli yanğın bu hadisənin törənməsinin əsas səbəbi olan “penoplast”dan üzlük çəkilmiş digər binaların sakinlərini də hərəkətə gətirib.

Bir çox belə üzlük çəkilmiş binalarda sakinlər özləri binanın fasadını bu tez alışan materialdan təmizləməyə başlayıblar. Xətai rayonundakı oxşar binaların sakinləri hadisədən bir neçə saat sonra etiraz aksiyası keçiriblər.

Musavat.com-un hadisə yerində olan müxbiri sakinlərin etirazlarını işıqlandırıb. 50 nəfərdən çox sakin binanın qarşısında toplaşaraq, tezalışan plastik üzlüklərin vurulmasına etiraz ediblər.

Hadisə yerinə FHN-nin əməkdaşları da gəliblər. Nazirlik nümayəndəsi sakinlərə “penoplast” üzlüklərin tezliklər söküləcəyini deyib. Lakin sakinlər bildiriblər ki, bir müddət öncə binaların bu materialla üzlənməsinin dayandırılacağına söz verilsə də, hazırda üzlənmə prosesi davam etdirilir və üzlənməsi yarımçıq qalan binalara “penoplast” üzlük vurulur.

Etirazçılar deyirlər ki, Zığ şossesində baş verən yanğın hadisəsindən sonra 2 minə yaxın imza toplayaraq, “penoplast” üzlüklərin sökülməsi ilə bağlı müvafiq icra orqanlarına müraciət ediblər. Lakin binaların fasadındakı “penoplast” üzlüklər nəinki sökülməyib, əksinə, yarımçıq qalan binalarda da eyni materildan olan üzlük vurulub.

COMMENTS