Xətai rayon Polis İdarəsi 37-ci Polis Bölməsinin əməkdaşları növbəti uğurlu əməliyyat axtarış tədbiri həyata keçirib.
Polis əməkdaşları Bakı şəhər sakinləri, 31 yaşlı Aydın Balayevi və 28 yaşlı Tamerlan Əlizadəni şübhəli şəxs qismində saxlayıblar. Əməliyyat zamanı onların avtomobilindən 1 ədəd pnevmatik tapança, 1 ədəd elektroşok aparatı, 1 ədəd durbin, 1 ədəd dəmir dəyənək, 1 ədəd bıçaq, gözyaşardıcı qaz, idman papaqları və digər əşyalar aşkarlanıb.
İlkin araşdırma zamanı müəyyən edilib ki, Aydın Balayevin idarə etdiyi “Hunday” markalı avtomobilin dövlət nömrə nişanı oğurluqdur. Avtomobil bir müddət əvvəl kirayəyə götürülüb, dövlət nömrə nişanı isə Yasamal rayonu ərazisində oğurlanan başqa bir avtomobildən çıxarılaraq ” Hyundai”a salınıb.
Polis saxlanılan şəxslərin aşkarlanan əşyalarla cinayət törətdiklərini istisna etmir. Bu şəxsləri görüb tanıyanlardan və ya onların əməlindən əziyyət cəkənlərdən Xətai rayon Polis İdarəsinə məlumat vermələri xahiş olunur.
COMMENTS