“Bakıda da İŞİD var, ehtiyatlı olun”

Onları millət vəkili Qənirə Paşayevanın evində gördüm. Deputatla müsahibə üçün getdiyimiz yerdə Kərkükdən Bakıya pənah gətirən soydaşlarımızı görüb onlarla söhbətləşməmək və bunları yazmamaq ən azı vicdansızlıq olardı.

 

Onları ata-baba yurdundan İŞİD didərgin salıb. Yol yorğunluğu, vətən həsrəti, qucaqlarında bir yaşındakı körpənin tez-tez ağlamağı…

 

Soydaşımızın təhlükəsizliyi üçün onu şərti olaraq Nicat adlandıracağıq. Nicat əslən Kərkükdəndir. Bir neçə il əvvəl Türkiyədə bakılı bir xanımla tanış olub. Sevginin gücü ilə bakılı qızla evlənib. Qız da Kərkükə, Nicatın yanına köçüb. Bir il sonra “Bakı-Kərkük” cütlüyünün balaca oğlan uşağı dünyaya gəlib. Uşağın dünyaya gəlməsinə sevincləri elə də çox çəkməyib. Çünki bölgədə İŞİD adlı yeni kabus dolaşmağa başlayıb… Nicatın ailəsi bir neçə dəfə ölüm təhlükəsi ilə üzləşib. Bir neçə metr onlardan aralıda bomba partlayıb, məsciddən çıxanda gülləbarana tuş gəlib…

Nicat uşağının təhlükəsiz yerdə olmasından nə qədər məmnun olsa da, Kərkükdən doymaq bilmədiyi hər halından bəlli idi. Deyir, uşaq olmasa, yenə də orda birtəhər qalmaq olardı:

“Biz orda yaşamağa alışmışıq. Hər necə olsa yaşayardıq, vətənimizdir. Uşaq olandan sonra böyüklərimiz orda qalmağımıza icazə vermədi. Dedilər, uşağı götürüb getməlisiniz. Orda hər şey var yaşamaq üçün, bircə rahatlıq yoxdur”.

İŞİD ilə bağlı hər gün yeni xəbərlər yayılır. Bu xəbərlərin nə qədər doğru olmasını müəyyənləşdirmək üçün Kərkükdən pənah gətirən soydaşlarımızla söhbətləşdik. İŞİD-də bir nəfər də iraqlı yoxdur İŞİD-lə bağlı dediklərinin bir hissəsini Nicatın öz dilindən dinləyin:

“Bilmirəm, kənardan necə görünür, ancaq İŞİD-də vuruşanların arasında bir nəfər də olsun, iraqlı yoxdur. Hamısı kənar ölkələrdən bura gətirilən vəhhabilərdir. Aralarında hər millətdən olan var. Çeçen, kürd, ləzgi, ərəb, afrikalı… Hərəsinə aylıq 15 min ABŞ dolları verirlər. Dəfələrlə İŞİD terrorçusu ələ keçirmişik. İndiyə qədər bircə dəfə də olsun aralarnda iraqlıya rast gəlməmişik”.

Bir qədər sonra isə Nicatın dedikləri təəccübümüzü gizlətməyə imkan vermir:

“Bir dəfə birini ələ keçirmişdilər. Ərəb fars, kürd, türk dillərini bildiyim üçün mütərcim (tərcüməçi) kimi məni çağırdılar. Nə görsəm yaxşıdır? Tutduqları İŞİD-çi tər-təmiz türkcə danışır. Donub qaldım. Əslən malatyalı idi. Deyirəm, burda nə gəzirsən, nə itin azıb? Mənə dedi ki, İraqa gəlmişəm ki, mən də şiə öldürüm…”

2 min türkiyəli İŞİD sıralarında

Kərküklü soydaşımız deyir ki, Türkiyədən 2 min nəfərə yaxın insan İŞİD sıralarında döyüşür. Onlar bir komandanlıq altındadır. Əksəriyyəti ərəb və kürdlərdir. Soydaşımız Türkiyənin məşhur “Cəvahir” alış-veriş mərkəzinin terrorçular tərəfindən talan edilərək içəridən necə partladıldığını ən xırda detalına qədər izah edir:

“”Cəvahir” alış-veriş mərkəzindən orda bizdə də açmışdılar. Bunlar oranı elə ələ keçirib partlatdı ki, hamımız çaşıb qaldıq. Orada çalışan dostlarla söhbətləşdim, onlar təfərrüatı danışdılar. Deməli, əvvəlcə iki vəhhabi alış-veriş mərkəzində yer götürüb. Deyiblər ki, tacirdir, o da yer almaq istəyir. Bunların dükanının yuxarısında depo vardı, onu da icarəyə götürdülər. Hər dəfə bunlar depoya dolu qutular yığırdılar. Biz zənn edirdik ki, satacaqları məhsullardır. Ancaq depodan mağazaya heç nə gətirmirdilər. Buna görə bir az özlərinə şübhə çəkmişdilər. Ancaq gec oldu. Alış-veriş mərkəzini partladandan sonra qutularla depoya yığılanların dinamit olduğunu anladıq…” Səhər ayılıb gördük ki, Mosulu tutublar…

Nicat İŞİD lənətindən hər kəsin zülm görməsini təsdiqləməklə bərabər ən çətin durumda olanların məhz soydaşlarımız olduğunu deyir:

“Ərəbli, kürdlü, türkmanlı bütün iraqlılar zülm yaşayır. Ən çətin durumda olan isə, bizim türkmanlardır. Mosulumuzu bir gecədə ələ keçirdilər. İnsanları necə didərgin saldıqlarını görsəydiniz, dəhşətə gələrdiniz. İnsanlar səhra ilə, uzun-uzun yol gedirdilər ki, bəlkə o biri şəhərlərə gedib çatsınlar. 45 dərəcə istidə səhrada uşaqla yol getməyin nə demək olduğunu sözlə anlatmaq çətin məsələdir. Çoxunun gecələməyə və istidən qorunmağa çadırı belə yox idi. Səhrada qalmağa çadırı olan mosullu zəngin sayılırdı. Görün bizi nə günlərə qoydular! İndi də Kərkükə göz dikiblər…”

Bakıda da İŞİD var, ehtiyatlı olun!

Kərkükdən ata yurdu olan Azərbaycana pənah gətirən soydaşımız bizə ehtiyatlı olmağı tövsiyə etdi:

“Siz bəlkə onları tanımırsınız. Mən onların qiyafəsindən, insanlara baxışından anlayıram. İŞİD-in dəstəkçiləri sizdə də az deyil. Məscidlərinizə getmişəm, görmüşəm. Onlarla ehtiyatlı olun, siz hələ onların necə cəllad olduğunu bilmirsiniz. İnsan başı kəsmək onlar üçün gündəlik işdir”.

COMMENTS