Bakıda evə soxulan şəxs bacı-qardaşı bıçaqladı

Hadisədə 4 bıçaq zərbəsi alan Elvin Hüseynov xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib
Bakının Səbail rayonu ərazisində bacı qardaşın bıçaqlanması ilə nəticələnən qanlı hadisə törədilib. 2-ci Bibiheybət döngəsi, ev 19-da baş vermiş hadisə nəticəsində həmin evdə yaşayan 33 yaşlı Hüseynova Türkan Elçin qızı və onun kiçik qardaşı 24 yaşlı Elvin Hüseynov müxtəlif dərəcəli bədən xəsarətlərilə 1 saylı xəstəxanaya çatdırılıb.

Xəstəxanadan verilən məlumata görə, döş qəfəsindən 4 bıçaq zərbəsi alan Elvin Hüseynov gətirilərkən yolda dünyasını dəyişib. Həkimlər müayinə zamanı artıq onda həyat əlamətləri müşahidə etməyib. Türkan Hüseyovanın xəsarətləri yüngül olduğundan ilkin tibbi yardımdan sonra o, evə buraxılıb.

Bir nəfərin bıçaqla öldürüldüyü, digərinin isə yaralandığı hadisənin təfərrüatlarını Səbail rayon prokurorluğu araşdırır. İlkin araşdırmalar zamanı məlum olub ki, qətli Türkan Hüseynovanın tanışı Rasim adlı şəxs törədib. Həmin şəxs evdə heç kim olmadığı zaman əvvəlcədən Türkanın və Elvinin yaşadığı mənzilə gələrək orada gizlənibmiş. Türkan, Elvin və onların anası evə gələndə Rasim özü ilə gətirdiyi bıçaqla onları vuraraq qaçıb.

Hazırda rayon polisi hər yerdə onu axtarır. Ailəli və təxminən 34-35 yaşlarında olduğu deyilən Rasimin Bakının Binəqədi rayonu ərazisində yaşadığı bidirilsə də, Hüseynovların evinə nə məqsədlə soxulduğu hələlik məlum deyil. Onun oğurluq niyyətilə evə daxil olduğu da ehtimal edilir.

Artıq qanlı cinayət faktına görə Səbail rayon prokurorluğunda cinayət işi başlanılıb. Rasim adlı şəxsin saxlanılıb-saxlanılmaması barədə ərazi üzrə Səbail RPİ-nin 8-ci polis bölməsinə müraciət olunsa da bölmədən konkret olaraq qətllə bağlı məlumatsız olduqlarını bildirdilər.

COMMENTS