Top.Mail.Ru

Bakıda gücləndirilmiş dezinfeksiya işləri APARILDI

Bakıda gücləndirilmiş dezinfeksiya işləri APARILDI

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tapşırıq və göstərişlərinə uyğun olaraq Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən paytaxtda koronovirus (COVID-19) pandemiyasına qarşı mübarizənin daha da genişləndirilməsi məqsədi ilə şəhərin  bütün rayonlarında həyata keçirdiyi tədbirlər davam edir.

Bu barədə Modern.az-a Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunub ki, görülən tibbi-profilaktik tədbirlər çərçivəsində Bakı Şəhər İcra Hakimiyyətinin strukturları tərəfindən mayın 16-da səhər saatlarından başlayaraq paytaxdakı 300-dən çox əsas küçə və prospektlərdə kommunal təsərrüfat xidmətlərinin 40 ədəd xüsusi texnikası və əməkdaşları tərəfindən xüsusi kimyəvi maddələrlə son bir ay ərzində artıq 3-cü dəfə əlavə gücləndirilmiş dezindeksiya işləri həyata keçirilib.

Mərkəzi küçələrlə yanaşı paytaxtın qəsəbə və yaşayış massivlərindəki küşələrdə də dezinfeksiya işləri aparılıb. Bu zaman istifadə edilən maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq paytaxt sakinləri ciddi zərurət yaranmadığı təqdirdə həmin gün küçəyə çıxmamaları barədə bir gün əvvəl KİV-lər vasitəsi ilə xəbərdarlıq ediliblər.

Daxili İşlər Nazirliyinin şəxsi heyəti keçirilən növbəti genişmiqyaslı dezinfeksiya işlərinə ənənəvi olaraq dəstək vermiş, nazirliyin 20 ədəd xüsusi təyinatlı avtonəqliyyat vasitələri  dezinfeksiya tədbirlərində fəal iştirak ediblər.

Gün ərzində paytaxtın kommunal xidmətlərinin 2000 nəfərdən çox əməkdaşı tərəfindən dezinfeksiyaedici aparatlarla səkilərdə, yol kənarlarında, park və meydanlarda, obyektlərin qarşısında, yol kənarı məhəccərlərdə də tibbi-profilaktiki işlər görüblər.

Eyni zamanda Bakı şəhər və eləcə də paytaxt rayonları İcra Hakimiyyətlərinin əməkdaşları, rayonlarda yaradılan Operativ Qərargahların üzvləri, könüllülər paytaxtın bütün rayonlarında sakinlərin daha çox toplandığı küçə və prospektlərdə maarifləndirici reydlər keçirərək vətəndaşlara tibbi maskalar paylayıb, xəstəliyə yoluxmamaq üçün lazımı tədbirlərin görülməsi yolları izah edilib.

Bununla yanaşı Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansında olan yaşayış binalarında, həyət və yaşayış məhəllələrində, buradakı idman-əyləncə qurğularında, məişət tullantılarının atıldığı konteyner meydançalarında da tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər görülür.

Qeyd edilməlidir ki, ölkə başçısının diqqət və qayğısı nəticəsində Bakı Şəhər İcra Hakimiyyətinin strukturları yeni xüsusi təyinatlı avtonəqliyyat və digər texnika ilə təmin olunub və yaxın vaxtlarda növbəti maşın və texnika Bakıya gətiriləcəkdir.

Paytaxtda tibbi-profilaktik və dezinfeksiya işləri gündəlik olaraq gücləndirilmiş qaydada davam etdiriləcəkdir.

DOSYE.ORG

COMMENTS