Bakıda məktəblilərin həyatına təhlükə var

Bakıda məktəblilərin həyatına təhlükə var

Buzovnada yüksək gərginlikli xətlərdən “asılmış” talelər

 

Yeni dərs ili həmişə olduğu kimi özü ilə yeni qayğılar gətirir. Əlbəttə, bu qayğılar təkcə övladları məktəbə gedən ata-anaların kitab-dəftər, pal-paltar axtarıb tapmaları, uşaqlarının daha yaxşı qidalanmasını təmin etmələri, prestijli məktəb və müəllim axtarışına çıxmaları kimi problemlərlə bağlı deyil. Bütün bunlardan ən əhəmiyyətlisi şagirdlərin sağlamlığı, onların ekoloji cəhətdən təhlükəsiz, təmiz, əlverişli məkanda salınmış məktəblərdə təhsil almalarıdır.

Bu yazıda ötəri də olsa, toxunacağımız problem məhz bununla bağlıdır. Danılmaz bir faktdır ki, bu gün bir çox məktəb və uşaq tərbiyə müəssisələri ekoloji və biotəhlükəsizlik baxımdan əlverişli məkanlarda yerləşmir. Təmiz havası, suyu, yaşıllıqları olan ərazilərdə salınmış məktəblər və uşaq tərbiyə müəssisələri yetişməkdə olan gənc nəslin sağlamlığı üçün mühüm amildir. Təcrübə göstərir ki, ekoloji cəhətdən əlverişsiz ərazilərdə, o cümlədən təhlükəli radiasiya, habelə elektrik və elektromaqnit şüalanmalarının olduğu yerlərdə inşa edilən, yüksək gərginlikli elektrik hava xətlərinin yaxınlığında salınmış məktəblərdə uşaqlarda leykomiya (ağ qan), anemiya (qan azlığı), miqren (beyin yarımkürəsinin ağrıları), apatiya, süstlük, yaddaşın zəifliyi, yuxu pozğunluğu, tez yorulma və sair bu kimi hallara daha tez-tez rast gəlinir. Bəzən bu cür şərait ən adi bürokratik əngəllərin, səlahiyyət sahibi olan məmurların məsuliyyətsizliyinin nəticəsində baş verir. Belə hallarda vəziyyətdən çıxmaq üçün imkan olsa da illərlə davam edən süründürməçilik, laqeydlik möhtəşəm bir layihənin, gözəl bir nəticənin əhəmiyyətini heçə endirir…Bakının Xəzər rayonundakı Buzovna qəsəbəsi, Albalılıq ərazisindəki 322 saylı orta məktəbdə olduğu kimi.

Məsələ orasındadır ki, məktəbin cənub hissəsində bir neçə addımlıqdan keçən yüksək gərginlikli elektrik hava xətti uşaqlar üçün təhlükə mənbəyi olaraq qalmaqdadır. Valideynlərin sözlərinə görə, uşaqlar tez-tez baş ağrısı, yorğunluq, zehni zəiflikdən şikayətlənirlər. Ən pisi isə odur ki, məktəbin idman zalı da məhz yüksək gərginlik xəttinin bir neçə addımlığında yerləşib. Nisbi rütubətin çoxaldığı və yağmurlu havalarda yüksək gərginlikli elektrik xəttindən gələn gurultuya bənzər səslər şagirdləri dəhşətə gətirir. Ərazidəki yerli əhali də yüksək gərginlik xətti ilə bağlı narazılıqlarını bildirirlər. Sakinlərin sözlərinə görə, yüzlərlə ailənin məskunlaşdığı bu ərazidən keçən yüksək gərginlikli elektrik xəttinin yerini dəyişmək zamanı çoxdan çatıb. Ancaq zamanı çatan bu vacib məsələ ilə heç kəs maraqlanmır. Ərazidə söhbət etdiyimiz sakinlər yüksək gərginlik altında olan elektrik xəttinin sovetlər zamanında tikildiyini və indiyədək fəaliyyət göstərdiyini söyləyirlər. Onların sözlərinə görə dəfələrlə əlaqədar təşkilatlara müraciətlər olunsa da, vəziyyət dəyişməz olaraq qalmaqdadır. Belə çıxır ki, 322 saylı məktəbin müəllim və şagirdləri qarşıdakı yeni dərs ilində yenə də gərginlik altında olacaqlar?!

P.S. Biz ərazidə olarkən absurd bir olayla rastlaşdıq. Öyrəndik ki, hazırda məktəbə bitişik ərazidə yeni uşaq bağçası da tikilir. Bağçanın yaxınlığında isə yüksək gərginlikli elektrik yarımstansiyası fəaliyyət göstərir.

COMMENTS