Bakıda minə yaxın yoldan yüzü işlək deyil

Paytaxtda tıxaclar rayon avtomobillərinə görə yox, bərbad nəqliyyat infrastrukturuna görə yaranır

Ərşad Hüseynov: «Adamların çoxu ən riskli kreditlərə girib avtomobil götürürlər ki, canı bu avtobuslardan qurtarsın»
Avropa Oyunları ilə əlaqədar rayon qeydiyyatlı avtomobillərin Bakıya girişinə qoyulan məhdudiyyətin qüvvədə qalması geniş müzakirələrə və narazılıqlara səbəb olub. Vətəndaşlarla yanaşı, ekspertlər, deputatlar da bu qadağaya qarşı çıxırlar.
Rəsmi açıqlamada Bakının yollarında nəqliyyat sıxlığının aradan qaldırılması məqsədi ilə qadağanın hələlik saxlandığı və Nazirlər Kabinetinin Yol Hərəkətinin Təhlükəsizliyi Komissiyası tərəfindən tədbirlər planı hazırlandığı bildirilib.

Tıxac yaradan səbəblər

Ekspertlər bildirirlər ki, Bakıda yaranan tıxaclarda rayondan gələn avtomobillərin rolu cüzidir. Hüquqşünas, ekspert Ərşad Hüseynov Bizimyol.info saytına açıqlamasında bildirib ki, Bakıda tıxacların yaranmasının müxtəlif səbəbləri var. Əsası nəqliyyatın artması və avtomobil yollarının az olmasıdır. “Dünyada qəbul edilmiş standartlar var. Məsələn, Yaponiyada, ABŞ-da, Rusiyada çalışırlar ki, şəhərin ərazisinin 30 faizi yollar olsun. Bura avtomobillərin hərəkət etdiyi küçə və prospektlərlə yanaşı, velosiped və piyada yolları da daxildir. Azərbaycanda bununla bağlı dəqiq statistika almaq mümkün deyil. Amma o sahə ilə bir neçə mütəxəssisdən soruşmuşam, deyirlər ki, Bakıda yollar heç 10 faiz də deyil. Bakıda təxminən 1000-ə yaxın küçə və prospekt olsa da, onlardan cəmi 100-ü normal vəziyyətdədir. 900-ü isə pis gündədir. Ya qanunsuz tikililərlə zəbt ediblər, ya da elə vəziyyətdədir ki, heç kim ora maşınla girmək istəmir. Bir sözlə, tıxac yaradan əsas səbəb budur: Bakıda yol yoxdur!” – deyə Ə.Hüseynov bildirdi. O, əlavə etdi ki, digər əsas səbəb ictimai nəqliyyatda olan xidmət keyfiyyətinin aşağı olması ilə bağlıdır. Buna görə də adamların çoxu ən riskli kreditlərə girib avtomobil götürürlər ki, canı bu avtobuslardan qurtarsın.
Ekspertə görə, infrastrukturla bağlı amillər də var. “Bakının ətrafında çox sayda yaşayış massivləri salınıb. Məsələn, Bakı-Sumqayıt yolu artıq magistral yol yox, küçədir. Hər tərəfində evlər var. Amma həmin o evlərin çoxunun yaxınlığında məktəb yoxdur. O qəsəbələrdən Bakının mərkəzinə uşaqları dərsə gətirirlər. Buna görə də məktəb başlayandan sonra tıxaclar da artır”.
Ekspert qeyd edir ki, şəhərin mərkəzində yerləşən sənaye və təhsil müəssisələrinin də tıxacın yaranmasında rolu var.

“Bu səbəblərə avtomobildən istifadə mədəniyyətini də əlavə etmək lazımdır. Bizdə sürücü deyir ki, maşınım varsa, evimin yanındakı mağazayada maşınla getməliyəm, özü də saxlamalıyam düz marketin qarşısında ki, hamı görsün ki, bu maşından düşdüm. Bakı yeganə şəhərdir ki, burada nə tramvay, nə də trolleybus var. Bir metro var, bir də avtobuslar. Avtobusların da nə cür işlədiyini hamımız gözəl bilirik. 3 gündən bir hərəkət qrafikini, istiqamətini dəyişirlər. Yaxud dünən işləyən marşrutu gözləyirsən gəlmir. Məlum olur ki, artıq bağlanıb həmin xətt” – deyən Ə.Hüseynov vurğulayır ki, bütün bu amillər tıxacların yaranma səbəblərinə daxildir.

“Məhdudiyyət Bakının küçələrindəki sıxlıq üçün heç bir əhəmiyyət daşımayacaq”

“Rayon qeydiyyatlı avtomobillərin Bakıya girişinə məhdudiyyət qoyulması Avropa Oyunları zamanı məntiqli və əsaslı idi. Ona görə də əksər sürücülər bunu anlayışla qarşıladılar. Lakin oyunlar başa çatdıqdan sonra da belə məhdudiyyətlərin davam etməsi yanlışdır. Çünki Avropa Oyunları zamanı şəhərdəki seyrəkliyin əsas səbəbi sürücülərin bu tədbirə sayğı ilə yanaşması və fərdi avtomobillərdən minimal dərəcədə istifadə etməsi, habelə yay tətili ilə əlaqədar ümumi sıxlığın olmamasıdır”. Ə.Hüseynov qeyd edib ki, belə məhdudiyyətlərin tətbiqinə hər hansı zərurət yoxdur, çünki bu, yeni məzmunlu problemlər vəd edir.

Gəlin bir məsələyə diqqət edək. Şəxsən əminəm ki, Bakının giriş-çıxışlarında görünən avtomobillərin böyük əksəriyyəti Bakıdan rayonlara gedən və geri qayıdanlardır. Onların sırasında rayondan Bakıya gələn və geriyə qayıdanlar uzaqbaşı 25 faiz ola bilər. Deməli, ən ciddi məhdudiyyət olsa da, yenə Bakıya daxil olan avtomobillərin az hissəsinin qarşısı alına bilər.
Bəs rayondan Bakıya gələn və geri qayıdanlar kimlərdir? Onların bir qismi rayonlardan Bakıya işləyən fərdi minik taksilərinin sürücüləridir. İkinci qrupu rayonlardan Bakıya kənd təsərrüfatı və digər məhsullar gətirən müxtəlif yük avtomobillərinin və hətta minik avtomobillərinin sürücüləridir. Üçüncü populyar qrup isə Bakıda daimi işi, ən azından faktiki yaşayış yeri olan rayonlulardır. Bu qruplardan ilk ikisinin şəhərə gəlişini qadağan etməklə onları çörəkdən məhrum etmək olar. Üçüncü qrupun isə şəhərə girişini sadəcə ona görə qadağan etmək olmaz ki, onlar öz işlərinə və evlərinə gəlirlər. Deməli, yerdə yalnız müxtəlif səbəblərlə öz fərdi minik avtomobilləri ilə Bakıya gələn və geri qayıdan rayon sakinləri qalır. Belələrinin sayı isə o qədər cüzidir ki, onların gəlişinə məhdudiyyət qoyulması Bakının küçələrindəki sıxlıq üçün heç bir əhəmiyyət daşımayacaq.

Rayon avtomobillərinə qadağa yeni problemlər vəd edir

Ərşad Hüseynov qeyd edir ki, rayon avtomobillərinin Bakıya girişinə məhdudiyyət qoyulmasının doğuracağı ciddi problemlər bunlar olacaq:

1. Belə məhdudiyyətə nəzarət üçün şəhərin girişlərində nəzarət postlarının yaradılması və gələn avtomobillərin yoxlanılması lazım olacaq. Bunun nəticəsində şəhərə girişlərdə hərəkət iflic olacaq.
2. Rayonlardan gəlib şəhərə daxil olmaq istəyənlər nəzarətçilərlə dil tapmaq üçün müxtəlif vasitələr axtaracaqlar. Nəticədə həmin postlarda vaxtaşırı münaqişələr, davalar, korrupsiya halları olacaq.
3. Rayonlardan Bakıya mütəmadi gələnlər şəhərə giriş üçün həmişəlik hüquq qazanmağa çalışacaqlar və bu məqsədlə avtomobillər üçün Bakı nömrələri əldə etmək, Bakıda hər hansı bir üsulla qeydiyyat hüququ qazanmaq kimi məsələlər ətrafında ajiotaj yaranacaq və s.

Göstərilənləri və digər məqamları nəzərə alaraq, rayon qeydiyyatlı avtomobillərin Bakıya girişini nəinki qadağan etməyə, hətta bu mövzuda müzakirə aparmağa da ehtiyac yoxdur.
Bakı şəhərində nəqliyyat gərginliyini azaltmaq üçün daha səmərəli və perspektivə hesablanmış kompleks tədbirlər (paytaxtın yol şəbəkəsinin artırılması, ictimai nəqliyyatın işinin ideal səviyyəyə gətirilməsi, paytaxtda yerləşən sənayə, ticarət, təhsil müəssisələrinin, iri dövlət idarələrinin fəaliyyətini nəqliyyat baxımdan daha optimal təşkil etmə, paytaxtın ətrafındakı yaşayış massivlərində sosial infrastrukturu inkişaf etdirmək, yeni iş yerləri açmaq hesabına həmin massivlərdən mərkəzə axını azaltmaq və s.) görülməlidir.

Əsas sual: Bu avtomobilləri sürənlər Bakıya nəyə gəlirlər?

Ekspert hesab edir ki, rayonlardan Bakı şəhərinə gələn avtomobillərin sayını optimallaşdırmaq üçün çox sadə bir suala cavab tapılmalıdır: Bu avtomobilləri sürənlər Bakıya nəyə gəlirlər? Bu sualın cavabı tapıldıqdan sonra ikinci sualın cavabını axtarmaq lazımdır: Necə etmək olar ki, onlar Bakıya fərdi avtomobillərlə gəlməkdən vaz keçsinlər, yaxud avtomobillərini şəhərin girişlərində qoyub, ictimai nəqliyyata keçsinlər?
Məncə, məntiqi ardıcıllıqla bu iki sualın cavabını axtarsaq, görərik ki, bir sıra tədbirlər vasitəsilə Bakıya fərdi avtomobillərin girişini inzibatçılıq və qadağa olmadan, könüllü şəkildə azaltmaq olar. Bunun üçün daha mühüm saydığım iki məsələyə diqqət artırmaq zəruridir.

1. Rayonlardan Bakıya işləyən avtobus marşrutlarını daha yüksək səviyyədə təşkil etmək və ölkənin əsas istiqamətləri üzrə ekspres qatar marşrutları təşkil etmək, rayonlardan Bakıya gətirilən yükləri imkan olan dərəcədə dəmiryolu ilə daşımaq və s.

2. Bakı şəhərinə fərdi avtomobillərlə gələn şəxslərin şəhər ərazisində avtomobilsiz hərəkətini stilmullaşdırmaq. Rayonlardan Bakı şəhərinin girişlərinə qədər fərdi avtomobillərlə gələn şəxslər üçün elə şərait yaratmaq lazımdır ki, onlar şəhərə çatdıqdan sonra öz avtomobillərini girişdə qoyaraq, könüllü surətdə şəhərdaxili ictimai nəqliyyata keçsinlər. Bu məqsədlə Bakının nəqliyyat qovşağı əhəmiyyətli girişlərində (məsələn, “20 Yanvar” metrosu və ya avtovağzal ətrafında, “Koroğlu” metrosu ətrafında, Şıx çimərliyi zonasında) nəhəng avtodayanacaqlar yaratmaq və orada simvolik parklanma xərci (məsələn, bir gün üçün 1 manat) tətbiq etmək lazımdır. Belə dayanacaqlardan şəhərin müxtəlif nöqtələrinə, xüsusən də metro stansiyalarına intensiv avtobus marşrutları olmalıdır ki, öz avtomobilini orada qoyan şəxs qısa müddətə şəhərin lazımi yerinə qədər gedə bilsin.
Şübhəsiz ki, Bakıdan dəfələrlə böyük olan meqapolislərdə və şəhər aqlomerasiyalarında nəqliyyat infrastrukturunun təşkili ilə bağlı səmərəli təcrübənin öyrənilməsi nəticəsində başqa faydalı ideyalar da həyata keçirmək olar. Bunun üçün sadəcə olaraq mövcud şəraiti düzgün qiymətləndirmək və doğru qərarlar qəbul etmək lazımdır. Amma belə kreativ ideyalar arasında Bakıya girişi rayon avtomobilləri üçün qadağan etmək kimilərinin yeri görünmür” – Ə.Hüseynov bildirdi.

COMMENTS