Bakıda saxta pul əməliyyatları ilə bağlı ilginc iddialar

Bakıda saxta pul əməliyyatları ilə bağlı ilginc iddialar

Ekspert: “Ehtimal ola bilər ki, 5 və 50 manatlıq əsginaslarla bağlı hansısa informasiyalar müəyyən şəxslərə məlum olub və…”

Bakıda saxta pul dövriyyəsi ilə məşğul olan şəxslərin sayı son illərdə azalıb. Bir neçə il əvvəl Azərbaycanda saxta əsginaslar, xüsusən də xarici əsginasların çapı ilə məşğul olan şəbəkələr var idi. İndi isə ara-sıra belə dəstələr ələ keçirilir. Onlar da əsasən milli valyutanı saxtalaşdıranlardır.

Hüquq-mühafizə orqanlarının son bir neçə ildə keçirdiyi əməliyyatlar zamanı saxlanılan şəxslərin əməllərində diqqət çəkən bir neçə məqam var. Birincisi, yuxarıda qeyd etdiyimiz kimi, milli valyutanın saxtalaşdırılmasıdır. Digər iki diqqət çəkən məqam isə əsasən 5 və 50 manatlıq əsginasların saxtalaşdırılması və az miqdarda saxta pulların hazırlanmasıdır. Az sayda saxta pulların hazırlanmasının səbəbi də təbii ki, diqqət çəkməməkdir.

Son əməliyyatlar zamanı nəzərəçarpan məqamlarla bağlı bir neçə sual yaranır. Əsas sual isə niyə məhz 5 və 50 manatlıq əsginasların saxtalaşdırılmasıdır. 5 və 50 manatlıq əsginasları saxtalaşdırmaq asandırmı?

Bu suala iqtisadçı ekspert Əkrəm Həsənov cavab verib.

Əkrəm Həsənov: “Məzənnə fərqinin 92%-dən çoxunu dövlət ödəyəcək”

Musavat.com-a danışan Ə.Həsənov bildirib ki, 5 və 50 manatlıq əsginasların saxtalaşdırılmasının əsas səbəblərindən biri onların daha asan hazırlanması ola bilər. “Bu dediklərim ehtimaldır. Amma xüsusən 5 və 50 manatlıq əsginasların hazırlanması bunu deməyə əsas verir. Ümumiyyətlə isə əsginasların müəyyən təhlükəsizlik əlamətləri var. Biz adi insanlar həmin əlamətləri bilmirik. Onu yalnız istehsalçı və Mərkəzi Bankın müəyyən vəzifəli şəxsləri bilir. Ola bilər ki, Mərkəzi Bankın daxilində də müəyyən vəzifəli şəxslər arasında bölgü aparılıb. Yəni bir neçə təhlükəsizlik əlamətlərini ayrı-ayrılıqda bir neçə nəfər bilir. Eyni şəxs bütün əlamətləri bilmir. Təbii ki, bu fikirlər ehtimaldır. Çünki bu ciddi təhlükəsizlik məsələsidir və tam məxfidir. Amma dünyada belə praktikalar və düzgündür”- deyə, Ə.Həsənov qeyd edib.

Ekspert 5 və 50 manatlıq əsginasların daha çox saxtalaşdırılması ilə bağlı maraqlı iddia da səsləndirib:  “O da ehtimal ola bilər ki, 5 və 50 manatlıq əsginaslarla bağlı hansısa informasiyalar müəyyən şəxslərə məlum olub. Bizim pulumuz xaricdə istehsal olunur. Ola bilsin ki, oradakı hansısa şəxslərdən bu informasiya sızıb. Buna görə də məhz 5 və 50 manatlıq əsginasları hazırlamaq daha asandır. Səbəb olaraq bir məsələyə də diqqət çəkə bilərik. Ola bilsin ki, bu, psixoloji məsələdir. Çünki insanlar, hamımız əsasən kiçik əsginasları alan zaman saxta olub-olmamasına fikir vermirik. Əsasən 100 manatlıq əsginasa baxırıq. Bəzən heç ona da diqqət etmirik. Saxta pul hazırlayanlar məhz bu amili də nəzərə alır. Amma ümumi olaraq deyə bilərik ki, ”hansısa bir əsginasın saxtalaşdırılması asandır” deyə bir fikir yoxdur. Ola bilsin ki, hansısa əsginasların təhlükəsizlik əlamətlərini bilirlər”.

Saxta pul əməliyyatları zamanı onu da müşahidə edirik ki, cinayətkarlar əsasən hazırladıqları pulları ödəniş aparatlarında istifadə edirlər. Əkrəm Həsənov bunun səbəbini izah edərkən deyir ki, ödəniş aparatları saxta pulları ayırd etməkdə çətinlik çəkir və problemlər mövcuddur: “Ödəniş aparatları da pulların təhlükəsizliklə bağlı əlamətlərini bilmədiyi üçün saxta pulları müəyyən edə bilmir. Həmin əlamətləri aparatlar bilsə, hamı biləcək. Saxta pulları ödəniş aparatları müəyyən edə bilmirsə, deməli, bu işi görənlər artıq daha da peşəkarlaşıb”.

DOSYE.ORG

COMMENTS