Top.Mail.Ru

Bakıda Türk Şurasının informasiya və media üzrə məsul rəsmilərinin toplantısı keçiriləcək

Bakıda Türk Şurasının informasiya və media üzrə məsul rəsmilərinin toplantısı keçiriləcək

 

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 2019-cu ilin oktyabr ayında Bakıda keçirilən VII Zirvə Görüşündə təşkilata sədrlik Azərbaycana keçib. Azərbaycan tərəfi Türk Şurasına sədrliyi dövründə təşkilatın fəaliyyətinin gücləndirilməsi, üzv ölkələr arasında əməkdaşlığın dərinləşdirilməsi istiqamətində ardıcıl səylər göstərir. 2020-ci ilin aprel ayında Azərbaycan Respublikasının Prezidentinin təşəbbüsü ilə üzv ölkələrin dövlət başçılarının COVİD-19 pandemiyasına həsr olunan videokonfrans vasitəsilə fövqəladə iclası keçirilib ki, bu iclas beynəlxalq təşkilatların pandemiyaya həsr olunan və dövlət başçıları səviyyəsində keçirilən ilk iclası idi.

Pandemiyanın mənfi təsirlərinə baxmayaraq, Azərbaycanın təşkilata sədrliyi dövründə indiyə kimi nəqliyyat, səhiyyə, iqtisadiyyat, gömrük, miqrasiya, energetika və turizm sahələrində məsul nazirlərin iclasları təşkil olunub.

Türk Şurası çərçivəsində əməkdaşlığın əhəmiyyətli istiqamətlərindən biri də informasiya və media sahəsində əməkdaşlıqdır. Türk Şurasının 2014-cü ilin iyun ayında Bodrumda keçirilən IV Zirvə Görüşündə təşkilat çərçivəsində informasiya və media sahəsində əməkdaşlıq prosesinin başladılmasına dair dövlət başçıları tərəfindən verilən göstərişə uyğun olaraq, 2015-ci ilin avqust ayında Astanada Türk Şurasının informasiya və media üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 1-ci toplantısı keçirilib.

Türk Şurasının 2015-ci ilin sentyabrında Astanada keçirilən V Zirvə Görüşünün mövzusu informasiya və media sahəsində əməkdaşlıq olub. 2019-cu ilin may ayında Bakıda Türk Şurasının informasiya və media üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 2-ci toplantısı keçirilib.

Türk Şurasının 2019-cu ilin oktyabrında Bakıda keçirilən VII Zirvə Görüşünün yekun Bəyannaməsində informasiya və media sahəsində əməkdaşlığın inkişaf etdirilməsinin, milli televiziya kanalları və xəbər agentlikləri arasında əlaqələrin gücləndirilməsinin əhəmiyyəti vurğulanıb.

Azərbaycanın Türk Şurasına sədrliyini nəzərə alaraq, Türk Şurasının informasiya və media üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 3-cü toplantısının 10 aprel 2021-ci ildə Bakıda keçirilməsi qərara alınıb. Toplantıya hazırlıq məqsədilə aprelin 9-da Türk Şurasının informasiya və media sahəsində əməkdaşlıq üzrə İşçi Qrupunun 8-ci iclası təşkil olunacaq.

Toplantı çərçivəsində Azərbaycana Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin sədri Fahrettin Altun, Qırğız Respublikasının Mədəniyyət, İnformasiya, İdman və Gənclər siyasəti naziri Kayrat İmanaliyev, Özbəkistan Prezident Administrasiyası yanında İnformasiya və Kütləvi Kommunikasiya Agentliyinin direktoru Asadjon Xojayev, Qazaxıstan İnformasiya və İctimai İnkişaf nazirinin müavini Asxat Oralov, Macarıstan Xarici Əlaqələr və Ticarət Nazirliyinin Təhlükəsizlik Siyasəti üzrə dövlət katibi Peter Sztaray; Türk Şurasının Baş katibi Bağdat Amreyev səfər edəcəklər.

Toplantıda digər məsələlərlə yanaşı, türkdilli ölkələrdə baş verən hadisələr barədə yerli və beynəlxalq səviyyədə məlumatlandırmanın artırılması istiqamətində birgə fəaliyyətin gücləndirilməsi, informasiya və media sahəsində 2021-2022-ci illəri əhatə edən Fəaliyyət Planı, türkdilli dövlətlərin tarix və mədəniyyətinə aid bədii və sənədli filmlərin çəkilişi, media ekspertləri üçün təlim kurslarının və mübadilə proqramlarının reallaşdırılması kimi məsələlər müzakirə olunacaq.

Tədbirin 3-cü günündə aprelin 11-də nümayəndə heyətləri Azərbaycanın işğaldan azad olunmuş Ağdam şəhərinə və Gəncə şəhərinə səfər edəcəklər.

COMMENTS