Bakıda yandırılmış məscidlə bağlı cinayət işi açıldı

Suraxanı rayonu Qaraçuxur qəsəbəsində məsciddə törədilmiş yanğın faktına görə Cinayət Məcəlləsinin 134-cü (öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) maddəsi ilə cinayət işi açılıb. Bu barədə Trend-ə Bakı şəhər prokurorluğundan məlumat verilib.

Suraxanı rayon Polis İdarəsinin İstintaq şöbəsində müvafiq araşdırmalar aparılır.

Qeyd edək ki, noyabrın 26-da saat 02:38-də Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinə Qaraçuxur qəsəbəsindəki məsciddə yanğının baş verməsi barədə məlumat daxil olub. Yanğın nəticəsində ümumi ərazisi 300 kv.m olan məsciddə 5 kv.m-lik xalça və palaz yanıb. Hadisə yerinə 3 yanğınsöndürən briqada cəlb olunub və yanğın qısa vaxt ərzində söndürülüb.

Daxili İşlər Nazirliyindən isə öncə Trend-ə bildiriblər ki, məscidin gözətçisi ifadəsində iki naməlum şəxsin məscidə daxil olaraq yanğın törətməyə cəhd göstərdiyini deyib.

Məscidin axundu KİV-ə açıqlamasında deyib ki, iki naməlum şəxs məscidin şüşələrini sındıraraq qəsdən yanğın törədib. Hətta məscidi yandıranlar gözətçiyə güc də tətbiq ediblər. Onun sözlərinə görə, bunu edənlər 2 nəfər olub.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Siyavuş Heydərov isə öncə Trend-ə açıqlamasında deyib ki, gecə saat 01:30-da 2 nəfər şəxs şüşə qaba yandırıcı maddə töküblər, sonra məscidin qapısını sındıraraq həmin şüşə qabı içəri atıblar.

Hadisənin ölkədəki hansısa radikal qruplaşma tərəfindən planlaşdırıldığını istisna etməyən Komitə sədrinin müavininin sözlərinə görə, hazırda həmin şəxslər barəsində araşdırma aparılır: “Onları məscidə gətirən taksi sürücüsü saxlanılıb. Hazırda dindirilir. O, Gəncə şəhər sakinidir. Qaraçuxur qəsəbəsində yaşayır”.

COMMENTS