Azərbaycan Avronest PA-nın sessiyasında iştirak etməyəcək
“Avronest PA-nın 4-cü sessiyası İrəvanda qondarma “erməni soyqırımı”nın 100 illiyi ərəfəsində keçiriləcək. Ermənistan tərəfinin bu beynəlxalq tədbirdən qondarma erməni soyqırımının təbliğatı vasitəsi kimi istifadə edəcəyi şübhə doğurmur.”
ANS PRESS-in məlumatına görə, bunu Avronest PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov bildirib.
O yaydığı açıqlamada deyib ki, ona görə də rəsmi Bakı təşkilatın bu il martın 16-18-də İrəvanda keçiriləcək 4-cü sessiyasına qatılmayacaq: “Xüsusilə vurğulamaq istərdim ki, Ermənistanın Gömrük İttifaqı Sazişini imzalaması və Avrasiya İqtisadi Birliyinə üzv olması faktına baxmayaraq, Avronest PA nəinki ona münasibət bildirməyib, hətta yaranmış vəziyyəti müzakirə etməyib. Əksinə, belə bir şəraitdə Avronest PA-nın plenar sessiyasının bu ölkədə keçirilməsi, onun qeyd edilən qurumlara daxil olmaq haqqında qəbul etdiyi siyasi qərarların təqdir edilməsi anlamına gəlir. Bu isə Avronest PA-nın İrəvanda keçiriləcək sessiyası gedişatında Ermənistanın öz maraqlarına uyğun istənilən qərarın qəbul edilməsinə nail olacağından xəbər verir.”
E.Süleymanov söyləyib ki, biz dəfələrlə, digər beynəlxalq təşkilatlarda olduğu kimi, Avronest PA-da da Azərbaycana münasibətdə ikili standartlar siyasəti həyata keçirilməsinin şahidi olmuşuq. Çoxsaylı səylərimizə baxmayaraq, Avronest PA-nın nə komitə iclaslarında, nə də plenar sessiyalarında indiyədək Ermənistanın 20% Azərbaycan ərazisini 23 ildən çox müddət ərzində işğal altında saxlaması faktının müzakirə edilməsi mümkün olmayıb. Biz hər dəfə Avronest PA-nın Dağlıq Qarabağ və işğal edilmiş digər ərazilərin problemini həll edə biləcək təşkilat olmadığı barədə bəyanatla üzləşmişik.
O xatırladıb ki, Avronest PA 4-cü sessiyasını qondarma “erməni soyqırımı” iddialarının 100 illiyi ərəfəsində İrəvanda keçirməklə, bu sərsəm iddialarının dünya ictimaiyyəti arasında yayılmasında özünü təbliğat maşını qismində təsdiq etmiş olur: “Maraqlıdır ki, sərsəm “erməni soyqırımı”na faktiki dəstək verən bu qurum nəzərə almır ki, bu qondarma iddiaların 100 illiyini qeyd etməyə hazırlaşan ermənilər hələ 1905-ci ildən başlayaraq, azərbaycanlılara qarşı soyqırım cinayətləri törətməyə başlayıb və artıq 110 ildir ki, ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırım cinayətləri davam edir.”
COMMENTS