Bakıdan Kremlə 4-cü bənd tələbi – vəziyyət savaşa aparır!

Bakıdan Kremlə 4-cü bənd tələbi – vəziyyət savaşa aparır!

Azərbaycan Prezidentinin düşmənə və havadarlarına sərt xəbərdarlığı; məğlublar sonuncu şansdan da istifadə etmək istəmirlər; QAT sədri: “Azərbaycan ləngimədən dəyənəyin o biri tərəfini işə salmalıdır”

Bu ilin 6 ayının yekununa həsr olunmuş müşavirədə Azərbaycan Prezidenti İlham Əliyev 10 noyabr 2022-ci il üçtərəfli kapitulyasiya aktının hələ də yerinə yetirilməmiş qalan bəndləri üzərində xüsusi dayandı. Azərbaycan öz imzasına sadiq qaldığı halda, erməni tərəfi və rusiya liderindən eyni münasibət görmədiyini konkret faktlarla ortaya qoydu.

Burada söhbət ilk növbədə sənədin 4-cü bəndindən gedir. Gerçək belədir ki, həmin bəndin ziddinə olaraq Qarabağda günü bu gün də erməni qanunsuz silahlı dəstələri qalır. Halbuki Rusiya sülhməramlı kontingenti yerləşən kimi onlar rədd olub getməli idi. Bunu isə Rusiya icra etməli idi, çünki 4-cü bəndin birbaşa tələbidir. Bu xüsusda Azərbaycan Prezidenti tam haqlı olaraq əsas məsuliyyəti Rusiyanın üzərinə qoydu. Çünki Ermənistan çoxdan ciddi söz sahibi deyil. Söz yiyəsi, sahibi Rusiyadır. Prezidentin sözlərindən o da məlum oldu ki, Rusiya tərəfi hətta vəd veribmiş ki, uzağı bu ilin iyun ayınadək erməni hərbi hissələri Qarabağdan çıxarılacaq (bu məqam Azərbaycanın indiyə qədər nədən səbr göstərdiyini ortaya çıxarır-müəllif) Amma hələ də qanunsuz dəstələr oradadır. Bu, sözsüz ki, Bakının səbir kasasının artıq dolmaq üzrə olması barədə Rusiyaya ünvanlı ciddi narazılıq idi. Hələ harasıdır, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini Saak Saakyan bir müddət öncə bəyanat verdi ki, Qarabağa çağırışçılar əvəzinə, muzdlu hərbçilər göndərəcək. Çox keçməmiş Nikol Paşinyan məhz qarabağlı Edvard Asryanı Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi təyin elədi. Bundan əlavə, məhz Moskvanın loyallığı və astagəlliyinə arxayın olan Ermənistandakı Rusiyaya bağlı radikal-revanşist müxalifət artıq Paşinyanın Azərbaycanla imzaladığı bütün sənədlərin qeyri-legitim elan edilməsi barədə sənəd hazırlığına başlayıb. Sənəd imzalanmaq üçün bütün siyasi qüvvələrə göndəriləcək. Bütün bunlar faktiki yeni müharibənin anonsu sayıla bilər və Bakı bunu görməzlikdən gələ bilməz. Prezidentin haqlı narazılıq və tələbi Moskvada eşidiləcəkmi? Nəticə çıxarılacaqmı? 4-cü bəndin yerinə yetirilməsinin nə vaxt şahidi olacağıq, yoxsa Bakı bunu təkbaşına icra etməli olacaq? Bütün bu sualların cavabları nəhayət ki, verilməlidir, həm də çox gec olmadan. Özü də təkcə bu sualların deyil, yeniləri də var. Bir məqam xüsusilə diqqət çəkir ki, Prezident İlham Əliyev savaşdan sonrakı 20 ayda ilk dəfə sərt şəkildə vurğuladı ki, əgər öhdəliklərə əməl edilməyəcəksə, açıq desinlər, işimizi bilək… Sıradan xəbərdarlıq deyil, şübhəsiz…

Prezident İlham Əliyevin sədrliyi ilə bu ilin altı ayının yekunlarına həsr  olunan müşavirə keçirilib YENİLƏNİB -2 VİDEO - AZƏRTAC

Dövlət başçısı iyulun 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədə bildirib ki, 10 noyabr bəyannaməsi faktiki olaraq Ermənistanın kapitulyasiya aktıdır və müharibədə məğlub edilmiş tərəf kimi Ermənistan öz üzərinə öhdəliklər götürüb. Sitat: “Bu öhdəliklər orada açıq-aydın göstərilir. Onlardan biri erməni silahlı qüvvələrinin Qarabağdan çıxarılmasıdır. Bu günə qədər bu məsələ öz həllini tapmayıb. Biz dəfələrlə məsələ qaldırmışdıq, ancaq Ermənistan bunu uzadır. Eyni zamanda biz Rusiyanın hərbi rəhbərliyi qarşısında bu məsələni qaldırmışdıq və bir neçə ay bundan əvvəl Rusiyanın Müdafiə Nazirliyinin yüksəkvəzifəli şəxsi Azərbaycanda səfərdə olarkən bizim Müdafiə Nazirliyinə söz vermişdi ki, iyun ayına qədər erməni silahlı birləşmələri Qarabağdan çıxarılacaq. Ancaq bu gün artıq iyulun ortasıdır, bu məsələ öz həllini tapmayıb. Ermənistan 10 noyabr bəyannaməsinə zidd olaraq bu öhdəliyi yerinə yetirmir. Rusiya sülhməramlıları – Rusiya tərəfi də 10 noyabr bəyannaməsini imzalayıb – necə deyərlər, onları buna məcbur etmir. Əlbəttə ki, bu, dözülməz vəziyyətdir. Çünki erməni silahlı birləşmələrinin Azərbaycan ərazisində qalması tamamilə qəbuledilməzdir. Biz qalib ölkəyik, biz öz ərazi bütövlüyümüzü bərpa etmişik. Əgər Ermənistan Azərbaycan ərazisindən öz silahlı birləşmələrini çıxarmaq istəmirsə, onda bizə bunu açıq desin, biz də işimizi bilək. Bizim cavabımız nə olacaq? Onu bəlkə də indi demək yersizdir. Ancaq bu, 10 noyabr bəyannaməsinin kobudcasına pozulması deməkdir”. Prezident Əliyevin sözlərinə görə, ikinci mənfi məqam ondan ibarətdir ki, yenə də həmin 10 noyabr bəyannaməsində Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında irtibat qurulmalı idi və Ermənistan buna boyun əymişdi, bu öhdəliyi öz üzərinə götürmüşdü: “Ancaq bu günə qədər bizə bu imkan verilmədi. Laçın yolu açıqdır və 10 noyabr bəyannaməsində biz öhdəlik götürmüşdük ki, Laçın yolu işləyəcək və Azərbaycan o yolun təhlükəsizliyinə zəmanət verir. Biz bunu öhdəlik kimi götürmüşük və buna əməl edirik. Amma Azərbaycanın əsas hissəsindən Naxçıvana getmək üçün bizim imkanımız yoxdur. Nəinki imkanımız yoxdur, biz görmürük ki, Ermənistan ərazisində bu istiqamətdə hansısa işlər görülsün”.

Ölkə başçısının digər vacib mesajları, sərt xəbərdarlıqları da olub. Eyni zamanda Minsk Qrupu ilə bağlı qətiyyətli mövqeyini bir daha bəyan edib. Diqqət edin: “Digər məqamlardan biri də odur ki, son vaxtlar Ermənistan rəhbərliyi yenə də hansısa status haqqında danışmağa başlayıb. Halbuki müharibəyə son qoyulanda, Ermənistan kapitulyasiya aktına məcburən imza atanda bizim – Azərbaycan, Rusiya, Ermənistanın rəhbərləri arasında şifahi razılaşma olmuşdur ki, status məsələsinə toxunulmur. Ermənistan müəyyən müddət buna əməl edirdi. Ancaq son zamanlar artıq bu, adi hala çevrilib. Gah onların baş naziri, gah xarici işlər naziri Qarabağın statusundan danışırlar. Status hara gedib və statusa nə olub, mən müharibədən sonra demişəm, təkrarlamaq istəmirəm. Əgər Ermənistanda bunu kimsə unudubsa, təkrarlaya bilərəm. Amma hesab edirəm ki, hələlik buna ehtiyac yoxdur. Ona görə status haqqında danışmaq Ermənistan üçün hesab edirəm ki, çox təhlükəli məsələdir. Çünki biz də status haqqında danışa bilərik, Zəngəzur üçün status tələb edə bilərik. O Zəngəzur ki, 1920-ci ilin noyabrında bizdən qoparıldı. Biz ki, danışmırıq, amma danışa bilərik, baxaq görək nəticəsi nə olacaq. Buna oxşar mənfi məqamlar çoxdur. Yenə də ölmüş Minsk Qrupunu diriltmək cəhdləri var. İndi Minsk Qrupu faktiki olaraq səhnədən gedib. Biz – bu prosesin iştirakçısı olan ölkə deyirik ki, Minsk Qrupuna ehtiyac yoxdur, 28 il heç bir nəticə hasil etməyən qrupa ehtiyac yoxdur. Bunu biz deyirik. Minsk Qrupu həmsədrləri arasında yumşaq desək, soyuq müharibə gedir. Faktiki olaraq özləri etiraf edirlər ki, Minsk Qrupu qeyri-funksionaldır. Rusiya tərəfi deyir ki, Minsk Qrupu artıq fəaliyyətsizdir və digər həmsədrlər bu instituta son qoyub. Ermənistan tərəfi yenə də, hər dəqiqəbaşı Minsk Qrupu belə gəldi, Minsk Qrupu belə getdi deyir. Bu, nə deməkdir? Sadəcə olaraq, biz yenə də bunun arxasında ölkəmizə qarşı ərazi iddiası görürük. Bir tərəfdən, Ermənistan bizim beş prinsipimizi qəbul edir, bunu etiraf edir – onların arasında ölkələrin ərazi bütövlüyünün qarşılıqlı tanınması, bir-birinə qarşı ərazi iddialarından əl çəkilməsi və digər müddəalar var – digər tərəfdən, Minsk Qrupu elə bil, nə iləsə məşğul olmalıdır. Onda sual olunur: Nə ilə məşğul olmalıdır? Qarabağ münaqişəsi həll olunub, Qarabağ mövzusu bağlanıb. Qarabağ Azərbaycandır! Bunu mən demişəm və haqlı olaraq demişəm, indi bunu hamı deyir. O cümlədən Ermənistan deyir – öz xoşu ilə yox, məcburən. Bu məsələ ilə bağlı müzakirə apardığımız bütün ölkələr, təşkilatlar deyir”.

Bütün bunlardan sonra da Ermənistan və onu dəstəkləyən qüvvələrin vəziyyəti gərginləşdirmək cəhdləri sözsüz ki, bölgədə növbəti müharibə təhlükəsinin yaranması deməkdir. Azərbaycan Prezidenti bu perspektivi də istisna etməyərək vurğuladı ki, dövlətimiz hərbi sahənin inkişafına da xüsusi diqqət yetirir.

Buyurun, Ermənistanın müdafiə naziri Suren Papikyan iyulun 18-də Kəlbəcər rayonu ilə sərhəddəki Göyçə mahalına (Geğarkunik-red.) gəlib. Papikyan Ermənistan ordusunun Geqarkunikdəki mövqelərinə baş çəkib, oradan Azərbaycan Silahlı Qüvvələrinin döyüş postlarını müşahidə edib. Son günlər bu istiqamətdə erməni tərəfin təxribatlarının ardı-arası kəsilmir, hər dəfə də cavablarını alırlar. Ermənistanı müdafiə nazirinin səfərindən sonra da təxribatlara son qoyulmayacaqsa, deməli, Azərbaycanı sərt tədbirlərə vadar etmək niyyətləri ortaya çıxacaq. Dövlət başçımızın xəbərdarlığından və ordu rəhbərliyinin bu bölgəyə səfər edərək düşmənin təxribatlarına dərhal cavab verməklə bağlı əmrindən sonra Ermənistanın revanşist cəhdlərini davam etdirməsi isə intihara bərabər hal olardı. Görünən budur ki, məğlublar sonuncu şansdan da istifadə etmək istəmirlər və revanşa cəhd edilər.

Akif Nağı

Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı “Yeni Müsavat”a bildirdi ki, regionda ağır, gərgin proseslər cərəyan edir: “Rusiya regionda qalmaq istəklərini tam reallaşdırmağa çalışır. Azərbaycan və Ermənistan tərəfi ilə intensiv işlər, məsləhətləşmələr aparır. ABŞ da görünməmiş fəallıq nümayiş etdirir, hətta Mərkəzi Kəşfiyyat İdarəsinin direktorunu da işə salıb, regiona göndərib. Tehranda İran, Türkiyə və Rusiya rəhbərlərinin görüşündə də Cənubi Qafqazla bağlı müzakirələrin olacağı şübhə doğurmur”. A.Nağı qeyd etdi ki, bütün bu proseslərin içərisində ən fəal və diqtə edən tərəf Azərbaycandır: “Rəsmi Bakı Kreml qarşısında əsas məsələni qoyub: bu, erməni silahlı qüvvələrinin bölgədən çıxarılmasından ibarətdir. İndiki məqamda məhz bütün proseslər bu nöqtəyə bağlıdır. Erməni silahlıları ərazilərimizdən çıxarılandan sonra Azərbaycan hakimiyyətinin orada bərqərar olması çətin olmayacaq. Bizim üçün əsas olan budur. Ermənilər də bununla razılaşmalı olacaqlar. Belə görünür ki, Rusiya da artıq Azərbaycanın haqlı tələbini yerinə yetirməli olacaq. Çünki Rusiyanın bundan başqa yolu qalmayıb. Azərbaycan hərbi yolla öz haqqını bərpa edərsə, Rusiya ermənilərlə birlikdə regionu tərk etməli olacaq. Ona görə də regionda müəyyən təsir imkanlarını saxlamaq üçün Azərbaycanın şərtlərinə əməl etməlidir. Müşahidələr göstərir ki, nəticə belə də olacaq. Əgər olmasa, Azərbaycan ləngimədən dəyənəyin o biri tərəfini işə salmalıdır”.

Elşad PAŞASOY,
“Yeni Müsavat”

COMMENTS