Bakının ən təhlükəli yerləri

Ekologiya və Təbii Sərvətlər Nazirliyi paytaxtın klassik sürüşmə zonalarının siyahısını açıqlayıb.

ANS TV-nin məlumatına görə, açıqlamaya əsasən Zığ -1, Zığ-2, Əhmədli-1, Əhmədli-2, Qaraçuxur, Badamdar, Bayıl, Masazır və Günəşli sahələri paytaxtda və Abşeron yarımadasında torpaq sürüşməsi təhlükəsi olan ərazilərdir. Coğrafiya İnstitutunun şöbə müdiri Elbrus Əlizadə bildirib ki, rütubətli hava Lənkəran-Lerik yolunda, eləcə də Şamaxıda Muğanlı-İsmayıllı yolu və onun ətrafı, Xızı və Şabran sürüşmə zonalarında aktivləşmə yaradır. Yağıntıların miqdarı artarsa paytaxtın sürüşmə zonalarında da aktivlik müşahidə edilə bilər. Elbrus Əlizadə qeyd edib ki, əgər belə davam etsə Bayılda və Badamdar zonasında aktivləşmə gözləmək olar.

Sürüşmə ərazilərində tikinti işlərinin aparılmasını məhdudlaşdıran qərar qəbul edilib.

Sürüşmə zonalarında evlərin tikilməsinini qarşısını almaq üçün Nazirlər Kabineti qərar qəbul edib. Qərara əsasən torpaq sürüşməsi təhlükəsi olan ərazilərdə, bəzi layihələr istisna olmaqla, aparılan tikinti işlərinin və tikintiyə icazələrin verilməsinin dayandırılması təmin edilməlidir.

Bu tapşırığın icrası ilə əlaqədar olaraq Fövqəladə Hallar Nazirliyi və yerli icra hakimiyyəti orqanları ildə 2 dəfə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verməlidirlər. Qərara əsasən Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar Nazirliyi 2015-ci ilin sonunadək Abşeron yarımadasında və Azərbaycan Respublikasının digər ərazilərində aparılan tədqiqatları davam etdirmək lazımdır.

Torpaq sürüşməsi təhlükəsi olan əraziləri müəyyən edən coğrafi koordinatlar əks olunan xəritələri hazırlayıb, təsdiq edilməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etməlidirlər.

COMMENTS