Bakının qisas əməliyyatı: Vətən müharibəsi qapıda! – GƏLİŞMƏ

Bakının qisas əməliyyatı: Vətən müharibəsi qapıda! – GƏLİŞMƏ

Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində döyüş əməliyyatları davam edir. Bəli, məhz döyüş əməliyyatları. Bunun başqa adı isə müharibədir. Klassik anlamda müharibə ölkələr arasında olur, ölkə daxilində yox. Ölkə daxilində antiterror əməliyyatı keçirilir ki, heç şübhəsiz, günün birində Azərbaycan dövləti işğal altındakı ərazilərimizdə, Dağlıq Qarabağda buna mütləq gedəcək.

Ancaq məsələ ondadır ki, Azərbaycan tarixi Türk torpaqlarında yaradılmasına rəğmən, “Ermənistan” adlı qondarma dövlətin ərazisində gözü yoxdur. Ermənistan isə nəinki Azərbaycana, digər qonşu ölkələrə – Türkiyə və Gürcüstana da ərazi iddiası ilə yaşayır, bu iddialarını heç gizlətmir də. Torpaqlarımızın 20 faizi də illərdir yenə məhz erməni işğalı altındadır. Odur ki, qərb sərhədimiz boyu erməni təxribatlarında hansı tərəfin maraqlı olmasını müəyyən eləmək üçün baş sındırmağa dəymir.

Hərbi gücü Azərbaycandan xeyli zəif olan düşmən ölkənin bununla əsasən hansı hədəflər güddüyü barədə yazmışıq. Bu hədəflərə Ermənistandakı acınacaqlı daxili sosial-iqtisadi vəziyyətdən və narazılıqdan ictimai diqqəti yayındırmaq cəhdindən tutmuş, KTMT timsalında Rusiyanı Azərbaycanla konfliktə cəhd eləmək kimi çeşidli məkrli niyyətlər daxildir.

Tanınmış yerli və əcnəbi hərbi, siyasi ekspertlərin bu xüsusda şərh və proqnozları diqqət çəkir.

*****

“Cəbhə xəttində baş verən hadisələr tamamilə gözlənilən idi. Düşünürəm ki, erməni tərəfinin motivasiyası kifayət qədər aydındır. Səbəb Moskva ilə İrəvan arasında münasibətlərin pisləşməsidir”.

“Yeni Müsavat”ın məlumatına görə, bunu Minval.az-a açıqlamasında Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov deyib. Onun fikrincə, Ermənistanın baş naziri Nikol Paşinyan Kremllə tərəfdaş olmayacağını yaxşı bilir: “Bundan əlavə, o, Rusiyanın daxildə ona qarşı bütün siyasi rəqibləri dəstəklədiyindən qorxur. Bu vəziyyətdə Paşinyanın yalnız bir yolu var – hərbi əməliyyatların başlanmasını tətikləmək, kömək edib-etməyəcəyindən asılı olmayaraq Moskvanı xəyanətdə ittiham etmək. Ardınca İrəvan bəyan edəcək ki, Moskva ilə münasibətləri kəsir və bundan sonra qərbyönlü siyasət yürütmək niyyətindədir. Buna görə də son təxribatın seçim yeri birmənalıdır”.

Sabiq XİN başçısına görə, mövcud vəziyyət Azərbaycan üçün böyük imkanlar açır. “Birincisi, Moskva İrəvana heç bir şəkildə kömək etməyəcək. İkincisi, yaranmış vəziyyət qoşunların bütün təmas xətti boyu düşmənə ciddi zərbələr vurmağa imkan verir”, – deyə o qeyd edib.

Tofiq Zülfüqarov eyni zamanda, qəribə bir vəziyyətin yarandığına diqqət çəkib: “Hərbi əməliyyatların başlamasında ən çox maraqlı olmayan Rusiyadır. Çünki Moskvada anlayırlar ki, müharibə onu seçim önündə qoyacaq. Yəni sən ya Azərbaycanın, ya da Ermənistanın tərəfindəsən. Kreml isə belə həssas vəziyyətdən hər vəchlə yayınmaq istəyir – xüsusən də Moskvanın imkanlarının xeyli məhdud olduğu indiki şəraitdə. Üstəlik, Qərbdən Rusiyaya çox ciddi təzyiqlər edilir. Moskvada onu da başa düşürlər ki, regional və hərbi cəhətdən Azərbaycan və Türkiyəyə qarşı heç bir şey qoya bilməzlər. O Türkiyə ki, şəkk-şübhəsiz, Bakının köməyinə gələcək. O səbəbə, Kremlə belə böyük qarşıdurma gərək deyil”.

*****

Öz növbəsində tanınmış rusiyalı siyasi ekspert, Moskvadakı Siyasi Təhlil və Proqnozlar Mərkəzinin prezidenti Denis Korkodinov hesab edir ki, “12 iyul Ermənistan üçün sonun başlanğıc günü ola bilər”.

“Mütəxəssislərin dəfələrlə bəyan etdikləri kimi, Bakı ilə İrəvan arasında barışıq yalnız qarşılıqlı iki şərtin təmin edilməsi halında mümkündür – bu, işğal olunmuş Azərbaycan torpaqlarının tam azad olunması və atəşkəsdir. Lakin Ermənistan müntəzəm olaraq Azərbaycana qarşı təxribatlar törətməklə bu şərtləri qəti şəkildə qəbul etmir. Təxminən 30 ildir Bakı münaqişənin siyasi yolla həllinə və beynəlxalq birliyin vasitəçiliyinə ümid edərək, atəşkəsə dözüm göstərməyə çalışır. Lakin 12 iyul 2020-ci il Ermənistanın sonunun başlayacağı gün ola bilər. Bakı son dərəcə qətiyyətlidir. Bu baxımdan beynəlxalq birlik, o cümlədən Moskva, çox güman ki, hərbi hadisələrin gedişatını dəyişdirə bilməyəcək”, – deyə ekspert qeyd edib.

“Ermənistanla Azərbaycan arasında yeni müharibə ehtimalı çox yüksəkdir”. Müsavat.com-un məlumatına görə, bu sözləri tanınmış rusiyalı hərbi ekspert Pavel Felqenhauer «Rosbalt»a müsahibəsində deyib.

Onun sözlərinə görə, hadisələr müharibəyə doğru gedir və ehtimal ki, bu qaçılmazdır: “Çünki Qarabağ problemi heç bir şəkildə həll olunmur və bundan ötrü hətta nəzəri perspektivlər də görünmür. Hazırda iki seçim var: ya döyüşmək, ya da ”nə sülh, nə də müharibə” ruhunda davam etmək, yəni dondurulmuş münaqişə. Lakin dondurulmuş münaqişələr, xüsusən də insanların öldürülməsi ilə davam edən, atışmaların müntəzəm baş verdiyi yerlərdə adətən müharibəyə səbəb olur”.

Hərbi ekspert daha sonra Azərbaycanın İsraillə fəal əməkdaşlıq etdiyini yada salıb: “İsrail, ümumiyyətlə, bu ölkədə ciddi hərbi mövcudluğa malikdir. Burada onun kontraktçıları, Azərbaycan Ordusunu təkmilləşdirən mütəxəssisləri var. İsrail həqiqətən də Rusiyanın təqdim edə biləcəyi silahlardan da daha müasir silahlarla Bakını yaxşı silahlandırıb. Deyə bilərik ki, Azərbaycan Silahlı Qüvvələri keyfiyyətcə hətta Rusiyanınkından üstündür. Məsələn, müasir dronlar məsələsində. Üstəlik, İsrail pilotsuz təyyarələrini bizə satmadı, çünki Pentaqon icazə vermədi, amma Azərbaycana satdı. 2016-cı ilin ”4 günlük” müharibəsi zamanı Azərbaycan Silahlı Qüvvələrinin erməni ordusundan keyfiyyətcə üstünlüyü özünü göstərdi. Azərbaycanlılar o vaxt İsrail dronlarından əlavə, Rusiyanın “Buratino” adlı ağır sistemlərini erməni mövqelərinə qarşı tətbiq etmişdilər. Ermənilər üçün bu əsl şok idi, o zaman onlar yetərincə ciddi itki vermişdilər”.

İşğalçı ordunun göstəricilərinə gəlincə, Felqenhauer hesab edir ki, Ermənistan sovet tipli bir orduya malikdir. “Həm Azərbaycanda, həm də Ermənistanda sovet istehsallı hava hücumundan müdafiə sistemləri mövcuddur. Ancaq təkrar edirəm, yalnız Bakı İsrailin daha keyfiyyətli və müasir silahlarına sahibdir. Unutmayaq ki, israillilər hazırda Azərbaycan T-72 tanklarını Rusiya T-90 tankları səviyyəsinədək modernləşdiriblər. Bundan əlavə, Azərbaycan kifayət qədər inkişaf etmiş müdafiə sənayesinə malik Türkiyədən də müasir silahlar alır. Ermənistanın isə pulu azdır və o, yalnız Rusiyadan nəsə ala bilər, özü də yalnız Moskva satmaq və ya vermək istədiyi şeyi. Ermənilər İrandan silah almırlar, çünki başa düşürlər ki, Amerikanın ”qara siyahıları”na düşə bilərlər”, – deyə analitik qeyd edib.

Fikrini yekunlaşdıran rusiyalı hərbi ekspert Ermənistanla Azərbaycan arasında barışıq baxımından vəziyyəti ümidsiz adlandırıb və əlavə edib: “Qarabağ münaqişəsi kimi konfliktlərin daha böyük müharibə ilə nəticələnə biləcəyi ehtimalı yüksəkdir”.

*****

Bu, siyasi və hərbi ekspertlərin şərh və təxminləri idi. Bir şey dəqiqdir ki, Azərbaycanın təcavüzkara qarşı qisas əməliyyatı artıq başlayıb. Vətən müharibəsi qapıdadır! 12 iyulu həqiqətən də işğalçı üçün sonun başlanğıcı edə bilərik…
“Yeni Müsavat”

COMMENTS