Dinimiz İslam təlqin edir ki, insanın ən böyük cihadı öz nəfsi ilə apardığı mübarizədir. Nəfs insanın içində yatmış və anındaca onu parçalamaya hazır vəziyyətdə olan aslandır.
Bu qaydalara bütün insanların əməl etməsi həyatı əhəmiyyət daşıyır. Xalqın, toplumun, böyük bir rayonun taleyi tapşırılmış rəhbər şəxslərin isə bu və digər ibratamiz fikirlərə əməl etməsi daha vacibdir. Nəfsi təmiz insanlar həmişə cəmiyyətdə hörmət və ehtiramla qarşılanır,onlar olmayanda belə haqqlarında xoş sözlər səsləndirilir.Balakəndə necə, rayonun, əhalinin taleyi tapşırılmış məmurlar buna əməl edirmi?
Nə baş verir?
Balakən rayonunun Hənifə kənd sakini Nazim Qazıyev qeyd edir ki,yaşadığı Hənifə kəndi 2 il öncə şəhərə birləşdirildi.Kənd camaatı qoyunçuluq və maldarlıqla məşğuldur. Rayonda və kəndimizdə başqa iş yerləri yoxdur. Əhali mal heyvan saxlayıb birtəhər başını dolandırır. Keçən il kəndimizə məxsus ümumi istifadədə olan örüş yerlərimizə tanımadığımız imkanlı şəxs tərəfindən 1500 baş qoyun gətirildi və kəndimizə məxsus örüşlərdə otarılmağa başladı. Hətta iş o yerə çıxdı ki,bu işbazlar yerli kənd camaatının mal heyvanını otarmaq üçün bu ərazilərə buraxmırdılar. Həmin vaxt bu məsələ üstündə xeyli narazılıq oldu və bir qrup kənd sakini rayon icra hakimiyyətinin başçısı İslam Rzayevin qəbuluna getdi.İslam müəllim bizi qəbul edib dinlədi və bir neçə məmura göstəriş verdi ki, problemi yoluna qoysunlar.Problem belə yoluna qoyuldu ki, həmən qoyun sürüsü ərazidən çıxarılmadı. Sadəcə ona tapşırıldı ki, əhalinin də mal heyvanının eyni örüşdə otarılmasına mane olmasın. Tapşırılan formada da işlər getməyə başladı.
Yaranan yaxud yaradılan növbəti problem
Örüş məsələsi həll olunandan bir neçə ay sonra kəndimizin üzərində yenidən qara buludlar dolanmağa başladı.Bu dəfə özlərini dövlət neft şirkətinin yetkililəri kimi təqdim edənlər, həmin sözügüdən örüş yerlərində texnika ilə qazıntı işlərinə başladılar. Onlar ərazidə bir neçə balıq gölü inşa etmək fikrindəydilər. Ərazidə xeyli sahələr texnika ilə qazılaraq yararsız hala salındı.Bu dəfə də əhali narazılıq etdi və işə yenidən rayon icra hakimiyyəti qarışdı. Mən özüm bu işlə bağlı prezidentə, birinci xanıma, ekologiya və təbii sərvətlər nazirinə teleqram vurdum. Əhalinin narazılıqlarını görən işbazlar işi yarımçıq qoyub ərazini tərk etdilər.
Son günlər yenə fəaliyyətə başlayıblar
Bir neçə gündür ki,həmin şəxslər yenidən əraziyə texnika gətirərək yenidən balıq gölləri qazmaqla məşğuldurlar. Biz yenidən icra hakimiyyətinə müraciət etsək də artıq bizi dinləyən yoxdur.Açıqca deyirlər ki, gedin kimə istəyirsiniz şikayət edin. İş icraçıları açıqca bildirirlər ki,biz rəhbərliyə külli miqdarda pul verib bu yeri almışıq,siz bizə heç nə edə bilməzsiniz. Ərazidə rayonun istifadə etdiyi zibillikləri də bu adamlar zəbt ediblər. Bu şəxslərə gözün üstə qaşın var deyən tapılmır. Bilmirik dərdimizi kimə deyək. Balakən Azərbaycan qanunları ilə idarə olunmur. Buranın öz standartı var.Yalan danışmaq,insanları alçaltmaq,hüquqlarını tapdalamaq,haqqını tələb edənləri inzibatı yollarla şərləyib ləkələmək və rüşvət. Budur Balakən həqiqətləri. Artıq bizlərə aydındır ki,bu işlərin başında birbaşa icra başçısı İslam Rzayev durur. Əgər belə deyilsə nədən onun sözünü eşidib problemi yoluna qoymurlar? Necə olur ki, İslam Rzayev hansısa özünə sərf edən bir məsələ ilə bağlı göstəriş verəndə,məmurlar dərhal qeyd şərtsiz onu həll edirlər,ancaq böyük bir kəndin əhalisinin haqlı tələbi nəzərə alınmır? Bəs biz mal heyvanımızı harada otaraq.? Onda bizlərə iş yeri açsın,orada işləyək,mal heyvanı da sataq. Bunu da etmirlər,rayonda sadə insanları fikirləşən yoxdur. Mərkəzdən uzaq yerdir,kim nə istəyir edir. Məmurlar bizləri adam yerinə qoymurlar, bizə yuxarıdan aşağı baxırlar. Bir nəfər deyə bilməz ki,icra hakimiyyətinə etdiyi müraciət yüz faiz onun xeyrinə həll olunub.Mütləq bir qulp qoyulmalıdır. Dərd burasındadır ki,problemi elə məmurlar yaradır. Hərdən fikirləşirsən ki,bunların nə mundar nəfsi var,nə qədər yeyirlər,yığırlar yenə də gözləri doymur. Danışanda da dövlətçilikdən, prezidentin adından danışırlar.Prezident deyir ki, əhalini incidin? Prezident deyir ki,rüşvət alın?Prezident deyir ki, kəndçının torpağını əlindən alın və işbazlara satın? Belə ədalətsizlik olmaz.Biz bir daha dövlətin başçısına,digər rəsmi şəxslərə üzümüzü tutub kömək istəyirik. Balakəndə məmurlar dövlətə xidmət etmir,maklerlik fəaliyyəti ilə məşğul olurlar.Bizləri onların əlindən qurtarın.
Elçin İsmayıllı
Dosye.org
COMMENTS