Balakəndə seçki məntəqəsini satıblar

Balakənin Cederovtala kəndində bələdiyyə müdhiş saxtakarlıqlara yol verib. Kəndin torpaqları peşkəş edilib, bələdiyyənin sədri olmuş Ramiz Ceerçiyev əraziləri qarış-qarış satıb. Hətta bu azmış kimi kənd qəbristanlığının yerini də əkin-biçin üçün pay-püş edərək cibini doldurub. Eyni zamanda seçki məntəqəsini, futbol meydançasını, 12 hektar örüş sahələrini də satmaqdan çəkinməyib.
Kənd sakinləri uzun müddətdir ki, bələdiyyə sədrinin bu qanunsuz hərəkətləri ilə bağlı Balakən Rayon İcra Hakimiyyətinə çoxsaylı müraciət edirlər. 
Cederovtala sakinlərinin sözlərinə görə, bu kəndin bələdiyyəsi hələ 2000-ci ildə formalaşıb. Torpaq aktında göstərilir ki, kənd bələdiyyəsinə digər torpaq sahələri ilə yanaşı, üç hektar qəbristanlıq sahəsi də təhvil verilib. Həmin bu sahədə isə 2 qəbristanlıq yerləşir. 
Kənd camaatı arasında ərazi yeni və köhnə məzarlığa bölünür. Bu üç hektar sahəyə bitişik perspektiv torpaq sahələri var. Yəni perspektiv inkişaf torpaq sahəsi ola-ola yeni qəbristanlıqdan 40 sot ərazi satılıb. Cederovtala camaatı deyir ki, qəbristanlıq ərazisi başqa kəndlərin sakinlərinə satılıb. 
Kəndin köhnə qəbristanlığı isə 1 hektar ərazidə yerləşir. Həmin məzarlıqda artıq yer qalmayıb. Ona görə də 2000-ci ildə qəbristanlıqda sıxlıq yaranacağı hesablanıb, 2 hektar yeni ərazi ayrılıb. 
Bu hal “Bələdiyyə torpaqlarının təhvil verilməsi haqqında” protokolda öz əksini tapır. Kənd sakini Zumrat Varşayev deyir ki, yeni qəbristanlığın ərazisinin satılması ilə bağlı icra başçısına məktub ünvanlayıb: 
“Yeni qəbristanlığın 1,6 hektar sahəsi qalıb, 40 sotu satılıb. Biz hələ keçmiş icra başçısı Asif Məmmədova müraciət edib bildirmişdik ki, qəbristanlığın ərazisini bələdiyyə sədri Ramiz Ceerçiyev satmaq istəyir, dərhal torpaqların satışının qarşısını alsın. Bu, Allaha da xoş gedər, bizə də. Özü də deyim ki, bizim kənd qəbristanlığında Kilsəbuqov və Ağkilsə kəndlərinin sakinləri də dəfn olunublar. Amma icra hakimiyyətinin cavabına baxın. Bizim müraciətimizə cavab yazırlar ki, 2010-cu ilə qədər bu qəbristanlıqda cəmi 2 nəfər dəfn olunub, daha heç kim basdırılmayıb. Ona görə də bu torpaq sahəsi boş qaldığı üçün satılıb. 
Bu, dövlət orqanının verdiyi rəsmi cavabdır. Belə çıxır ki, kəndlərdə kütləvi qırğın olmalıydı, qəbristanlıqda başdaşı əlindən yer qalmamalıydı, onda satmamaq olardı. Necə yəni bu ərazidə cəmi 2 nəfər dəfn olunub deyə sahə boş qalıb satırıq? Mənim 80 yaşım var və bu yaşıma çatmışam, belə iş görməmişəm. Köhnə məzarlıqda, demək olar ki, yer qalmayıb. Bələdiyyə isə yeni qəbristanlığı satır, ”gözün üstə qaşın var” deyən də yoxdur”.
Z.Varşayevin sözlərinə görə, R.Ceerçiyev kənddə 12 hektar mal-örüş sahələrini də satıb. Bundan əlavə isə Cederovtalanın futbol meydançası başqa şəxslərə satılıb. Şikayətçi bildirir ki, vaxtilə uşaqlar bu stadionda futbol oynayırdı: “2007-ci ildə məktəblərarası respublika çempionatında bizim kəndin uşaqları birinci yeri tutublar. 
2005-ci ilə kimi kəndin futbol, voleybol komandaları olub, Balakəndə birinci yeri tutublar. İndi meydançaların heç birindən əsər-əlamət qalmayıb. Biz istəyirik ki, uşaqlar sağlam böyüsünlər, boş-bekar qalmaqdan oğurluqla məşğul olur, başqa yollara qurşanırlar. 
Mənim həyətyanı torpaq sahəm var. Mənim dərdim budur ki, gələcək nəsil sağlam olsun, millətə xidmət etsin. Bələdiyyə torpaqlarını satıb ciblərini dolduranlar bu haqda fikirləşmək istəmirlər. Kənddə baxın, bütün torpaqları qarış-qarış satıblar. 
Deməli, futbol meydançasının ərazisindən 41 sot Cahan Muradovaya pay torpağı kimi verilib, qalan hissəsi isə Rövşən Muradovun istifadəsinə verilib. Rövşən Muradov rayon torpaq şöbəsinin müdiri Sabir Qardaşovun qardaşının qaynıdır. 
Cahan Muradova isə Rövşən Muradovun qohumudur. Onlara bu torpaqlar ona görə verilib ki, guya bələdiyyənin balansında başqa torpaq sahəsi yoxdur. Mən xahiş edirəm ki, Balakənə komissiya göndərilsin və iştirakımla baxış keçirilsin. Mən komissiya üzvlərinə boş torpaq sahələrini göstərməyə hazıram”.
İcra başçısının müavini Məmməd Şərifov sakinlərin müraciətinə cavabında həmin sahədə futbol meydançası yaradılmasının mümkün olmadığını qeyd edir. Z.Varşayev isə deyir ki, faktiki həmin meydança uzun illər kənd sakinləri tərəfindən istifadə olunub: “2004-cü il yanvarın 15-də Cederovtala bələdiyyəsi iclas keçirib. İclasda futbol meydançasının tikintisi qərara alınıb. Ancaq sonra Ramiz Ceerçiyev bələdiyyə sədri olduğu dövrdə bu torpaqları satıb”. 
Kənd sakinləri onu da deyirlər ki, bələdiyyənin ehtiyat fondunun faktiki 9,5 hektar torpaq sahəsi var. Bələdiyyə sədri torpaqları istədiyi şəxslərə sənədsiz, qeyri-rəsmi şəkildə sata bilib. Bu sahələrdə isə əkin-biçin işləri görülür. Camaat deyir ki, bələdiyyə sədri torpağın hektarını 120 manata satıb və vəd verib ki, vəzifədə olana qədər bu sahələrdən istifadə edə biləcəklər.
Qeyd edək ki, R.Ceerçiyev hazırda Sarıbulaq və Cederovtala bələdiyyələrinin birləşməsindən sonra yaranmış icra nümayəndəliyinin rəhbəridir. Sakinlərin sözlərinə görə, 2009-cu ildə bu bələdiyyələrin birləşdirilməsi qanunsuz həyata keçirilib. 
Rəsmi olaraq bəyan edilib ki, guya Cederovtalanın 175 sakini və Sarıbulağın 169 sakini bələdiyyələrin birləşməsinə səs verib. Kənd sakinləri isə bildirirlər ki, heç bir səsvermə keçirilməyib: “Bu adamlar şəxsi maraqları naminə bələdiyyələri birləşdiriblər, torpaqları satıblar, bələdiyyə ərazisində olan binaları peşkəş ediblər, ümumi örüşdən istifadə edib şəxsi məqsəd üçün qeyri-qanuni icarəyə veriblər”. 
Z.Varşayev deyir ki, kənddə seçki məntəqəsi 2000-ci ildən fəaliyyətdə olub: “Ta ki son prezident seçkilərinə qədər. Bu seçki məntəqəsi Xanayev Nəbulla Məhəmmədoğluna satılıb. O da məntəqəni ticarət obyekti kimi istifadə edir. Bələdiyyə rəsmi sənəddə qeyd edir ki, məntəqə 5 min manata satılıb. Guya bələdiyyənin Sosial Müdafiə Fonduna borcu olub. 
Bilirsiniz ki, bələdiyyə gördüyü iş müqabilində sosial fonda pul keçirir. Əslində heç bir borc olmayıb. Bunu Sosial Müdafiə Fondunun Balakən şöbəsinin müdiri Rauf Qaracayev də təsdiqləyib. Sadəcə, Ramiz Ceerçiyev varlanmaq üçün seçki məntəqəsini də satmağa əl atıb. Hazırda yeni seçki məntəqəsi qonşu Ağkilsə kəndindəki məktəbdə yerləşir”. 
Sakinlər artezian quyusu ilə bağlı problemdən təngə gəldiklərini də açıqladılar. Belə ki, layihədə kənddə artezian quyusu qazmaq planı olub. Amma kəndin yuxarı başında olmaq əvəzində artezian quyusu ortada qazılıb. Bu yerdə isə istifadəyə yaramayan, bulanıq su çıxır. 
Cederovtala sakinləri kənddə tibb məntəqəsi və məktəb olmadığını da söylədilər. Hazırda uşaqlar qonşu Ağkilsə məktəbinə gedirlər ki, bu da hardasa 2 -3 kilometr aralıda yerləşir. Z.Varşayev deyir ki, bu problemlərlə bağlı icra başçısına edilən müraciətlər ona çatmır. 

“Yeni Müsavat”

COMMENTS