Banklar əhalinin borcunu şişirdir…

Ekspertlər bildirirlər ki,bankların bu qanunsuz addımı kreditin ödənməsinə səbəb olmur, əksinə…

Ölkə banklarının durumu yenidən diqqət mərkəzindədir. Üstəlik, ikinci devalvasiyadan sonra bu durumun daha da kritikləşəcəyi vurğulanır. Əhalinin kredit borcunu qaytara bilməməsi bankların problemli kreditlərinin artacağını deməyə əsas verir. İkinci devalvasiyadan sonra dollarla olan kreditlərin məsələsi isə dalana dirənib. Bu kreditlərin həddindən artıq “şişməsi” əhalinin onun ödəmə imkanlarını heçə endirir.

Ekspert Əkrəm Həsənov məsələ ilə bildirib ki, banklar əhalinin borcunu qanunsuz olaraq şişirdir: “İqtisadiyyat və Sənaye Nazirliyinə bununla bağlı məktub yazmışam. Banklar əhalinin borcunu iki yolla qanunsuz olaraq şişirdir. Faizləri ildə bir dəfə tutmaq əvəzinə ayda bir dəfə tutmaqla və gecikdirilmiş borc üzrə ödənişdən ilk növbədə cəriməni tutmaqla. Nəticədə əsas borc azalmır ki, azalmır. Əslində vətəndaşdan faiz kimi alınan ödəniş onun əsas borcunu azaltmalıdır. İqtisadiyyat və sənaye nazirinə və onun tabeçiliyində olan Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə bununla bağlı məktub göndərmişəm. Bu qanunsuzluqların araşdırılması bilavasitə həmin xidmətə aiddir, çünki söhbət istehlakçıların hüquqlarının pozulmasından gedir. Ümid edirəm ki, onlar məsələyə müdaxilə edərək, banklara qarşı tədbir görəcək və onları qanuna uyğun fəaliyyət göstərməyə məcbur edəcək”.

Deputat Vahid Əhmədov isə bildirib ki, manatın növbəti devalvasiyası ilə əlaqədar əhalinin kommersiya banklarına olan 10 min manata qədər borclarının əvvəlki məzənnə ilə ödənilməsi nəzərdə tutula bilər.Deputat qeyd edib ki, əslində devalvasiyanın yumşaq şəkildə tətbiqi nəzərdə tutulsa da, neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi manatın 50 faiz ucuzlaşmasını labüd edib: “İl ərzində iki dəfə devalvasiyanın olması bank sisteminin, eyni zamanda əhalinin bəzi problemlərinin həllini gündəmə gətirib. İlk olaraq müzakirə predmeti istehlak kreditləridir. Belə ki, dollarla kredit götürən insanların vəziyyəti çox çətindir. Bu baxımdan onlar əlavə vəsait ödəməsinlər deyə, Azərbaycan hökuməti və Mərkəzi Bank məsələyə baxmalıdır, həmin insanların aldığı on min manata qədər kreditlərin köhnə məzənnə ilə ödənilməsi qərarı verilə bilər. İstəyimiz nisbətən aşağı təbəqəyə malik insanların əziyyət çəkməməsi, kreditlərin ödənilməsinə müəyyən mənada yardım edilməsidir.Bank sistemində bank faizləri, o cümlədən iri bankların yaradılması məsələləri öz həllini tapmalıdır. Banklar öz aralarında birləşərək, kapital yığını əmələ gətirməlidir ki, bank faizləri aşağı düşsün”.

Ekspertin sözlərinbə görə, gələcəkdə devalvasiyanın baş verməməsi üçün Azərbaycan hökumətinin üzərinə çox böyük məsuliyyət düşür ki, ixrac yönümlü məhsulları artırsın, idxalın strukturuna yenidən baxsın. “Hansı məhsulları ki, Azərbaycanda istehsal etmək lazımdır, onları idxaldan çıxarmaq lazımdır. Büdcə xərclərilə əlaqədar nəzarət gücləndirilməli, hər bir manat təyinatı üzrə xərclənməlidir. Mən hesab edirəm ki, Mərkəzi Bank və Azərbaycan hökumətinin bu sahədə ciddi planları var və bunları həyata keçirəcəklər”,- deyə o, modern.az-a bildirib. V.Əhmədov deyib ki, bankların bağlanmaq təhlükəsi yoxdur və onların hər birinin iqtisadi cəhətdən manevr etmək imkanları var. O, həmçinin qeyd edib ki, əmanətlərin qorunması məsələsi gündəmdədir: “Bildiyiniz kimi 30 min manatadək olan əmanətlər qorunur. Biz təklif etdik ki, əmanətlər 250, 500 min manata qədər qorunsun və 3 il müddətinə monopoliya qoyulsun ki, heç bir problem yaranmasın. Hökumət belə addımlara gedə bilər, çünki, beynəlxalq praktikada da bu var”.

COMMENTS