Ölkədə pul dövriyyəsi kəskin azalıb, böhran bütün sahələri iflic edir Manatla kredit qoyuluşlarında kəskin bahalaşma, xarici valyutada isə ucuzlaşma baş verir
Ölkə iqtisadiyyatında pul kütləsi azalmaqda davam edir. Azərbaycan Mərkəzi Bankının iyunun 1-nə dair statistikasına görə, ölkədə geniş pul kütləsi geridə qoyduğumuz 5 ayda 21,5 milyard manatdan 18,9 milyarda qədər düşüb. Dövriyyədə olan manatın kütləsi isə ilin əvvəlindən indiyədək 17,4 milyarddan 11 milyarda qədər azalıb. Doğrudur, aprel ayı ilə müqayisədə pul kütləsi sabit qalıb.
Ekspertlərin fikrincə, pul kütləsinin azalmasından maliyyə və real sektor çox əziyyət çəkir. Nəticədə həm əhalinin, həm də hüquqi şəxslərin gəlirləri aşağı düşüb, iş yerlərinin bağlanması kütləviləşib, qiymətlər isə bahalaşıb.
Fevral ayında baş verən devalvasiyadan sonra əmanətlərin sürətlə azalması və dollarlaşması bankların «baş ağrısı»na çevrilib. Belə ki, fevral ayında sözügedən kommersiya qurumları 7,932 milyard manat fiziki şəxslərdən əmanət cəlb edə bilmişdilərsə, iyunun 1-nə olan məlumatda bu rəqəmin 7,6 milyard manata qədər düşdüyünü görürük. Dollarla qoyulan əmanətlərin həcmi iki dəfə artdığı halda, manatla cəlb edilən vəsaitlər isə əksinə, iki dəfə azalıb. Daha aydın mənzərəni görmək üçün aşağıdakı rəqəmlərə diqqət yetirək:
(fiziki şəxslərdən cəlb edilən əmanətlər)
Əmanətlərin həcmi manatla dollarla
(manatla)
Yanvar 7,121 mlrd 4,27 mlrd 2,84 mlrd.
Fevral 7,932 mlrd. 2,98 mlrd. 4.94 mlrd.
Mart 7,781 mlrd. 2,697 mlrd. 5,08 mlrd.
Aprel 7,717 mlrd. 2,245 mlrd. 5,472 mlrd.
May 7,601 mlrd. 2,172 mlrd. 5,428 mlrd.
Göründüyü kimi, may ayı ərzində əhali banklardan 116 milyon manatdan artıq əmanət çıxarıb. Mart ayında 151 milyon, aprel ayı ərzində isə 64 milyon manatdan çox vəsaiti geri götürülüb ki, bunlar da çox böyük məbləğdə pul deməkdir.
Əmanətlərin 71 faizi dollarda, 29 faizi isə manatda yatırılıb. Banklar yığılıb qalan bu dollar kütləsini dövriyyəyə buraxmaqda çətinlik çəkirlər. Çünki vətəndaşlar devalvasiyadan sonra xarici valyutada kredit götürməkdə maraqlı deyillər. Ona görə də manatla kredit qoyuluşlarında kəskin bahalaşma, xarici valyutada isə ucuzlaşma baş verir. Eyni proseslər əmanətlər ətrafında müşahidə edilir. Artıq banklar xarici valyutada cəlb etdiyi əmanətlərin faiz dərəcələrini 3-4 faizə saldığı halda, milli valyutada depozit qoyuluşlarını 12-15 faizə qədər yüksəldib.
Əhali əmanətlərini xarici valyutada yerləşdirməyə meylli olduğu kimi, banklar da kredit qoyuluşlarında dollara üstünlük verməkdədir. Ölkə üzrə ümumi kredit qoyuluşlarının həcmi fevralda 20,4 milyard manat təşkil edib. Fevral ayında isə bu rəqəm 20,6 milyard manat olub. Gözlənildiyi kimi, problemli kreditlərin həcmi sürətlə artaraq 1,3 milyard manata yüksəlib. İlin sonuna kimi bu rəqəmin kəskin artacağı gözlənilir. Çünki əhali kütləvi şəkildə kreditləri ödəməkdən imtina edir.
Kredit qoyuluşlarının strukturuna gəlincə, aşağıdakı kimi dəyişib:
Kredit qoyuluşu manatla dollarla
(manatla)
Yanvar 18.57 mlrd 13.5 mlrd 5 mlrd.
Fevral 20.69 mlrd. 12.3 mlrd. 8.3 mlrd.
Mart 20.63 mlrd. 12.2 mlrd. 8.4 mlrd.
Aprel 20.59 mrld. 12 mlrd. 8.5 mlrd.
May 20.46 mlrd. 11.7 mlrd. 8.7 mlrd.
Göründüyü kimi, həm əhalinin, həm də maliyyə təşkilatlarının manata olan inamları aydan-aya aşağı düşür. Əgər AMB operativ addımlar atmasa, ölkə iqtisadiyyatı «yaşıl» pulun əsirinə çevriləcək. Problemli borcların artması isə bankları daha ehtiyatlı rıçaqlardan istifadə etməyə, kredit qoyuluşlarında məhdudiyyətlər yatarmağa məcbur edib.
COMMENTS