Banklardan kredit götürmək istəyənlərə müjdəli xəbər

Banklardan kredit götürmək istəyənlərə müjdəli xəbər

Banklardan kredit götürmək üçün iş yerindən arayış almağa ehtiyac olmayacaq

 

Bu funksiyanı “Elektron hökumət” portalının istifadəyə verəcəyi yeni xidmət növü vasitəsi ilə əvəzləmək mümkün olacaq.

Bu barədə APA TV-də yayımlanan “Sosium” verilişində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin direktoru Nail Mərdanov məlumat verib.

Onun sözlərinə görə, artıq qeyd olunan mexanizmlə bağlı banklardan biri ilə pilot layihə həyata keçirilir: “Yaxın həftələr ərzində kreditlərin verilməsi üçün arayışların vətəndaşlar tərəfindən elektron portal üzərindən göndərilməsi xidmətini tam olaraq istismara verəcəyik. Bilirsiniz ki, banklar kredit vermək üçün riskləri yoxlayır. İlk növbədə vətəndaşın vəzifə və əmək haqqı barədə arayış tələb edir və vətəndaş bu arayışı alıb aparmaq üçün xeyli vaxt sərf etmiş olur. Amma indi imkanlar dəyişir. Elektron imzası olan vətəndaş portalda özü haqqında məlumat formalaşdıracaq və elektron arayışı banka göndərəcək. Göndərilən arayışda əlbəttə ki “Elektron hökumət” portalının təsdiqi olacaq və bu həm də bankın müştəriyə olan inamını artıracaq. Çünki burada hər hansı saxtakarlıqdan söhbət belə gedə bilməz”.

“Elektron hökumət” portalının təqdim edəcəyi daha yeni bir xidmət mobil operatorlarla bağlıdır. Nail Mərdanov bildirib ki, mobil operatorlarla razılığa gəlinib ki, müştərilər, onların borcları və ödəniş sistemi, o cümlədən digər sənədləşmə işləri mərkəzləşdirilmiş xidmət şəkilində “Elektron hökumət” portalına yerləşdirilsin: “Məsələn, vətəndaş hər hansı bir nömrəni almaq üçün harasa getməyəcək. Vətəndaşın satış məntəqəsinə getməsi mütləq deyil? Mən, “Elektoron portal” vasitəsi ilə sifarişimi verirəm və kuryer vasitəsi ilə kart gətirdirəm. Kartı işlədiyim yerə və ya evimə verirlər. Bu, müştərilərin işini xeyli asanlaşdıracaq. Artıq bununla bağlı operatorlarla razılığa gəlmişik”.

“Elektron hökumət” portalında özəl sektora dair informasiya sistemlərinin son zamanlar artdığını deyən nazirlik rəsmisi vurğulayıb ki, əgər bu gün 75-ə yaxın dövlət informasiya sistemi reyestrə daxil edilibsə, portalda özəl sektorlar tərəfindən formalaşdırılan 140-da artıq informasiya sistemləri haqda məlumatlar yer alır.

“Elektron hökumət” portalına müraciət edənlərin sayı 850 mini keçdiyini deyən Nail Mərdanov portala daxil olmaların statistikasını da açıqlayıb: “İki ildir fəaliyyət göstəririk. Bu müddət ərzində portala daxil olmaların sayı 2 milyonu keçib. Portala daxil olanlar isə 7 milyon dəfə müxtəlif səhifələrə keçid ediblər. Portala yeni ziyarətçilərin qatılması ilə yanaşı, təkrarən portala ziyarət edənlərin sayı xeyli artıb. Məsələn, avqust ayı ərzində portala müraciət edənlərin 25 faizini yeni istifadəçilər, 75 faizini isə təkrar müraciətlər təşkil edir”.

İki il ərzində “Elektron hökumət” portalında 23 mindən artıq elektron imza sertifikatı verilməsinə baxmayaraq, Nail Mərdanov hesab edir ki, bu rəqəm daha yüksək ola bilərdi: “Elektron imza”nın alınması vətəndaş üçün zərurət olmalıdır. Düzdür, iki il üçün 23 min imza yüksək nəticədir. Amma bu daha da yüksək ola bilərdi. Elektron imza üçün istifadə yeri olmalıdır. Bütün əhalinin kompüterlə işləmək bacarığı, müəyyən kompüter bilikləri olmalıdır. Adamlar var ki, elementar istifadə qaydalarını bilmirlər. Hər bölmədə reqlamentlər var, hansı ki onları oxumaqla nə etmək lazım olduğunu bilirsən, amma bu reqlamentləri oxumurlar. Lakin bu problem aybaay azalır”.

COMMENTS