Barbados rəsmən respublika elan olundu

Barbados rəsmən respublika elan olundu

Karib dənizinin şərq hissəsində yerləşən Barbados rəsmi olaraq respublika olub.

“Dosye.org” “TASS”a istinadən xəbər verir ki, oktyabr ayında ölkənin Prezidenti seçilən Sandra Meyson da, həmçinin vəzifəsini icra etməyə başlayıb.

Bununla da, ölkə Böyük Britaniya Taxt Tacının hökmranlığından çıxır və kraliça II Yelizaveta artıq Barbadosun rəhbəri hesab olunmayacaq.

Respublikanın elan olunduğu mərasim ölkənin müstəqilliyinin 55-ci ildönümündə keçirilib. Mərasimə İngiltərənin vəliəhd şəhzadəsi Çarlz, eləcə də məşhur müğənni Rihanna qatılıb.

Barbados parlamenti sentyabr ayında Böyük Britaniya kraliçası II Yelizavetanın adanın rəhbəri statusunu ləğv etməyi nəzərdə tutan konstitusiya dəyişikliyini təsdiq edib.

Qeyd edək ki, Barbados 1627-ci ildən etibarən Böyük Britaniyanın müstəmləkəsi olub və 1966-cı ildə müstəqillik əldə edib. Ölkənin rəhbəri isə qubernator tərəfindən təmsil olunan Böyük Britaniya kraliçası hesab olunurdu. Bu ölkədə hazırda təqribən 300 min nəfər yaşayır.

DOSYE.ORG

COMMENTS