Top.Mail.Ru

Baş nazirin adından saxta sənəd hazırlanıb? – Qərarın adı var, özü yoxdur

Baş nazirin adından saxta sənəd hazırlanıb? – Qərarın adı var, özü yoxdur

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi koronavirus pandemiyasından ən üzüqara çıxan qurumdur desək, yanılmarıq. Ölkə başçısının müvafiq göstərişi ilə işsizlikdən əziyyət çəkən vətəndaşlara ayrılmalı olan 190 manatın bölgüsündə baş verən problemlər, ədalətsizlik əhalidə ciddi narazılıq yaratdı.

Obyektivlik naminə qeyd etməliyik ki, pandemiya səbəbindən elan edilən xüsusi karantin rejimi dövründə maddi durumu ağırlaşan insanların sayı çox idi. 190 manatı alacaq vətəndaşların sayı əvvəl 200 min elan edilsə də, sonrada Prezident İlham Əliyevin xüsusi göstərişi ilə bu rəqəm 600 minə qaldırıldı. Müraciətlər isə bəzi məlumatlara görə təxminən 3 milyondan çox oldu. Bu durumda adıçəkilən nazirliyin fəaliyyəti ilə bağlı narazılıqların olması mümkün idi. Lakin məsələ ondadır ki, ƏƏSMN prosesdə çox ciddi səhvlərə yol verdi. İlkin kütləvi narazılıq qeydiyyatın başlanması zamanı oldu. Proses başlar-başlamaz aydın oldu ki, ƏƏSMN-in e-sistemi bu yükü qaldırmağa hazır deyilmiş. Qeydiyyat üçün sistemə daxil olanların çoxluğu səbəbindən günlərlə e-sosial.az saytı işləmədi. Sonra nazirlik çıxış yolunu saytda yaratdığı e-qeydiyyat bölməsini ləğv etməkdə gördü. Bu da işə yaramayanda qeydiyyatın sadələşdirilməsi yolu tutuldu. Lakin bu variantda da problemlərin yarandığını görən ƏƏSMN bir neçə rayonu birləşdirərək qeydiyyatı ayrı-ayrı günlərə saldı. İnsaf naminə, bu metod vəziyyəti xeyli yumşaltdı. Bundan sonra sadə qeydiyyatla qeydiyyata düşmək ciddi problem yaranmadan davam etdi.

Növbəti mərhələdə prosesin ən pik həddi, yüz minlərlə, bəlkə də milyonlarla insanı dövlətdən, dövlət rəhbərliyindən narazı salan məsələlər gündəmə gəldi. Nazirlik tərəfindən müraciətçilərə verilən imtina səbəblərinin absurd əsaslandırmaları, SMS-lərin səhv göndərilməsi, işləyən ailə üzvlərinin digər işsiz ailə üzvlərinə təsdiq, heç bir üzvü işləməyən ailələrə imtina cavabının gəlməsi xüsusilə narazılıq yaradan məqamlardan oldu. Nazirlik hətta bu məsələdə bir qədər “dərinə gedərək” subay şəxslərə təxminən bu mövzuda SMS-lər göndərdi: “Sizin ərinizin (arvadınızın) adına avtomobil və daşınmaz əmlak aşkarlandığı üçün 190 manatın təyin edilməsindən imtina edilir”. Sonradan kütləvi narazılıq yarandığı üçün SMS-in mətnində dəyişiklik edərək “ərinizin”dən əvvələ “özünüzün” ifadəsini artırmaqla bu vəziyyətdən “çıxış yolu” tapdılar. “Siz əriniz (arvadınız) barədə təhrif olunmuş məlumat təqdim etdiyiniz üçün…”, “Adınıza avtomobil olduğu üçün…”, “Adınıza əmlak olduğu üçün…”, “Adınıza aktiv əmək müqaviləsi aşkarlandığı üçün…”, “Adınıza əktiv VÖEN aşkarlandığı üçün” və s. bu tipli SMS-lər alan vətəndaşlar arasında hətta eləsi vardı ki, azyaşlı körpəsinə bir qutu qida almaq imkanlarından məhrum idi, kimlərinsə humanizminin ümidinə qalmışdı. Lakin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, nazir Sahil Babayev bunları görməzdən, bilməzdən gələrək öz yalanlarını davam etdirdi.
Hər kəsi bir sual düşündürürdü: Nazirlər Kabinetinin 7 aprel 2020-ci il tarixli 127 saylı qərarında hər hansı dəyişiklik olubmi ki, ƏƏSMN işsizlik statusu almalı olan şəxslərə aztəminatlı statusuna uyğun gəlmədiyini əsas gətirərək birdəfəlik yardım təyin edilməsindən imtina edir? Çünki sözügedən qərarda 190 manatın təyin olunması üçün başqa meyarlar əsas götürülürdü. Həmin meyarları bir daha xatırladaraq NK-nın qərarı ilə birdəfəlik yardımı ala bilməyəcək şəxslərin siyahısını təqdim edirik:

ünvanlı dövlət sosial yardımı (ÜDSY) alan ailələrin üzvləri;
əmək pensiyaçıları;
aylıq müavinət alanlar;
aylıq təqaüd alanlar;
özünüməşğulluğun təşkili proqramı çərçivəsində əmlak verilmiş şəxslər;
işsizlikdən sığorta ödənişi alanlar;
peşə hazırlığına görə təqaüd alanlar;
2020-ci ildə kənd təsərrüfatı üzrə subsidiya (KTS) almış şəxslər;
əri və ya arvadı sahibkar olanlar (aktiv VÖEN-i olan) və ya Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək müqaviləsi bildirişi” altsistemində aktiv əmək müqaviləsi bildirişi olanlar;
əri və ya arvadı ÜDSY və ya KTS alan şəxslər.

Çox maraqlıdır ki, qərara dəyişiklik olub-olmaması sualı ilə nazirliyin müvafiq qurumlarına (bu halda konkret olaraq məşğulluq xidmətlərinə-red.) müraciət edən vətəndaşlara belə bir dəyişiklik qərarının olduğu deyilib. Hətta hansısa imzalı-möhürlü qərar göstərilib əyani formada. ƏƏSMN-in İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Fazil Talıbov da adının çəkilməsini istəməyən vətəndaşla telefon danışığında belə qərarın verildiyini deyib. Lakin maraqlıdır ki, aprelin 25-də verildiyi bildirilən dəyişiklik qərarı nə Nazirlər Kabinetinin saytında, nə rəsmi mətbuatda dərc edilməyib. Operativ Qərargaha zəng edən vətəndaşlara isə deyilib ki, rəhbərlik qərarın dərc edilməsini məsləhət görməyib. Absurddur deyə bilərik. Çünki Nazirlər Kabinetinin qərarları (sərəncamları deyil-red.) Konstitusiyanın 148-ci, “Normativ hüquqi aktlar haqqında” Qanunun 2-ci maddəsinə görə normativ hüquqi aktlar hesab edilir. Həmin qanunun 82-ci maddəsinə görə isə bu aktlar mütləq rəsmi qaydada dərc olunmalıdır. NK qərarlarının dərc olunduğu əsas resurs isə təbii ki, qurumun özünün rəsmi www.cabmin.gov.az saytıdır. Lakin saytda belə bir qərar dərc edilməyib. Axtarış sistemlərində də həmin dəyişikliklə bağlı hər hansı qərar, mətn çıxmır. Elə isə nazirliyi yalan danışmağa məcbur edən nədir? Yaxud bəlkə nazirlik nümayəndələri düz deyirlər, belə bir qərar doğrudan da var?
Məsələni dəqiqləşdirmək üçün sualı Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədova ünvanladıq. Lakin təəssüflə qeyd edək ki, İ.Məmmədov suala cavab verməkdən yayındı. Belə ki, mətbuat xidməti rəhbəri müvafiq şöbədən məlumat alıb bizə deyəcəyini bildirsə də, vədinə əməl etmədi.

Sualımızı ƏƏSMN-in İctimaiyyətlə əlaqələr şöbəsinə də ünvanladıq. Lakin ordan da cavab verilmədi.
İqtisadçı ekspert Qubad İbadoğlu məsələ ilə bağlı maraqlı şərh verib. Ekspertin sözlərinə görə, nazirlik işsizləri aztəminatlı təbəqənin nümayəndələri kateqoriyasına salmaqla, onlara yardım verməmək üçün məhdudlaşdırıcı normalar tətbiq etməklə ehtiyacı və yardımı almaq hüququ olanların sayını ən azı 2 dəfəyədək azaltdı. Bu isə koronavirusla bağlı işini müvəqqəti itirən və qeyri-formal məşğul insanlara qarşı sosial çəhətdən böyük ədalətsizlik olmaqla yanaşı, “Məşğulluq haqqında” qanunun 4-cü maddəsinin 1-ci bəndinin, “İnzibati icraat haqqında” qanunun 61-ci maddəsinin 2-ci bəndinin tələblərinin kobud şəkildə pozulmasıdır. “Belə olan halda, haqsız yerə imtina cavabı alan vətəndaşlar ƏƏSMN-i məhkəməyə verə bilərlər” – deyə ekspert qeyd edir. (AFN)

DOSYE.ORG

COMMENTS