Baş prokuror intihara cəhd edəni qəbula çağırdı

“Mən bilmirəm bu vəziyyətdə nə etmək lazımdır. Bir tərəfdən düşünürəm ki, insanların bu cür davranışı kütləvi hal almağa başlayar deyə, getmək lazım deyil. Digər tərəfdən də getməsəm, özünü körpüdən atmaq ehtimalı məni qorxudur. Əgər belə bir şey olsa, ömür boyu vicdan əzabı çəkərəm”.

 

Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Qənirə Paşayeva özünü “Koroğlu” metrosu yaxınlığındakı körpüdən atmaq istəyən şəxsin deputatı köməyə çağırması ilə bağlı danışarkən deyib.

Deputat bildirib ki, vicdan əzabı çəkməmək üçün hadisə yerinə gedir:

“Hazırda Masazır qəsəbəsindəyəm və hadisə yerinə gedirəm. Başqa yolum yoxdur, sonra vicdan əzabından yaşaya bilmərəm”.

Qeyd edək ki, bu cür hadisə daha əvvəl də baş verib və deputat hadisə yerinə gedərək məsələni həll edib.

13:53

Millət vəkili Qənirə Paşayeva özünü “Koroğlu” metrosunun yaxınlığındakı körpüdən atmaq istəyən Sadiq Nəsirovu fikrindən daşındıra bilib.

Əməkdaşımızın verdiyi məlumata görə, hazırda tıxacda olan və hadisə yerinə çata bilməyən Qənirə xanım Sadiq Nəsirovla telefon əlaqəsi saxlayaraq, ondan aşağı düşməsini və onu gözləməsini xahiş edib. 

Məlumata görə, artıq intihar etmək istəyən Sadiq Nəsirov millət vəkilinin sözləri ilə razılaşıb və FHN xilasediciləri tərəfindən aşağı düşürülüb. 

14:08

Hadisə yerində olan əməkdaşımızın Axar.az-a verdiyi məlumata görə, Baş prokuror Zakir Qaralov intihar etmək istəyən şəxsi qəbul etmək istədiyini bildirib.

Hazırda hadisə yerində olan hüquq-mühafizə orqanı əməkdaşları Sadiq Nəsirovu Zakir Qaralovun görüşünə aparırlar. 

Millət vəkili Qənirə Paşayeva da görüşdə iştirak etmək üçün Baş Prokurorluğa getdiyini bildirib. 

Xatırladaq ki, Sadiq Nəsirov hazırda Zərdabın icra başçısı olan Lütfəli Babayevin Mingəçevir rayonunun icra başçısı olarkən ondan 65 min dollar pul aldığını və hələ də qaytarmadığını iddia edir. 

 

COMMENTS