“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu bu gün peşə fəaliyyətini icra edən zaman “Tornado” şirkətinin mühafizəçiləri tərəfindən fizik təzyiqə məruz qalmış reportyorların işi ilə bağlı Azərbaycan Respublikası daxili işlər naziri general-polkovnik cənab Ramil Usubova müraciə edib.
Müraciətdə bildirilir:
“Hörmətli cənab nazir!
Bakının Sabunçu rayonu Sabunçu qəsəbəsində, Q. Vəzirov küç. 32 A. ünvanında aparılan söküntü işləri ilə bağlı çəkiliş aparan iki əməkdaşımız İlkin Muradov və Məhəmməd Türkmən (Məhəmməd Muxammedqurbanov) fiziki təzyiqə və təhqirə məruz qalıb. Söküntünü çəkmək istəyən reportyorlara, həmin işlərin guya mühafizəsini həyata keçirən “Tornado” mühafizə şirkətinin 10 nəfərə yaxın əməkdaşı tərəfindən təzyiq göstərilib.
Əməkdaşlarımız 2015-ci ilin sentyabrın 21-də yuxarıda göstərilən ünvanda söküntünü çəkmək istəyiblər. Özlərini mühafizəçi kimi təqdim edən şəxslər reportyorlara mane olmaq istəyib. Jurnalistlər şirkətin əməkdaşlarına vəsiqə göstərib özlərini təqdim etsələr də, buna məhəl qoyan olmayıb.
Əvəzində şirkət işçiləri jurnalistlərin üstünə hücum çəkib, təhqir edib və fiziki təzyiq göstəriblər.
Onlar öncə əməkdaşlarımızın kameralarına əl atıb, çəkiliş aparmamalarını tələb edərək fiziki təzyiq göstəriblər. “Yeni Müsavat” qəzetinin əməkdaşları həyatlarına yarana biləcək təhlükəni dəf etmək üçün yaxındakı evlərdən birinə girib gizlənməyə məcbur olublar.
Qəzetimizin reportyorları İlkin Muradov və Məhəmməd Türkmənin bildirdiyinə görə, şirkətin əməkdaşları evin qapısını döyüb onlardan bayıra çıxmağı tələb ediblər. Həmin şəxslər jurnalistlərin çəkdiyi video materialları dərhal pozmalarını, əks təqdirdə bunu başqa yolla, yəni fiziki zorakılıqla həll edəcəkləri barədə təhdidlər yağdırıblar.
Qəzetimizin əməkdaşları hadisə ilə bağlı qəzet rəhbərliyinə məlumat veriblər. Məlumatı aldıqdan sonra “Yeni Müsavat” qəzetinin daha bir reportyor qrupu hadisə yerinə yollanıb. Əməkdaşlarımız hadisənin baş verdiyi ünvana çatdıqdan sonra məlum şirkətin əməkdaşları həmin ərazidən uzaqlaşıblar”.
Daha sonra müraciətdə qeyd olunur:
“Hörmətli Ramil müəllim!
Bu vəziyyətdə digər əməkdaşların həyatlarına ciddi təhlükə yarandığını hiss edirəm. Əməkdaşlarımıza qarşı terrora yol vermiş bu adamların çalışdığı şirkət məlumdur. Bu tip insanların tapılıb cəzalandırılmaması onları başqa qanunsuz əməllər törətməyə ruhlandıra bilər. Bu baxımdan məsələnin tez bir zamanda hüquqi qiymət alması məqsədilə Sizə müraciət etməyi zəruri hesab edirəm.
Hörmətlə,
Rauf Arifoğlu (Abbasov)
“Yeni Müsavat” qəzetinin baş redaktoru”.
COMMENTS