Başçı, prokuror, rəis əlbir olanda…  – Talan üçbucağı

Başçı, prokuror, rəis əlbir olanda… – Talan üçbucağı

Bəziləri həbs olunan icra başçılarının əməlləri, malik olduqları varidat, hakimiyyətdəki qohumluq əlaqələri barədə yazan mətbuatı “gedənin arxasınca danışmaqda” günahlandırırlar. 

Lakin xüsusilə Azərbaycan reallıqları daxilində mümkün olan qədər müstəqillik nümayiş etdirən mətbu orqanları izləyənlər bilirlər ki, onların çoxu nəinki vəzifədə olan icra başçılarının, onlardan xeyli yüksəkdə duran iri çaplı məmurların, eləcə də polis rəislərinin, prokurorların əməlləri, törətdikləri qanunsuzluqlar, rüşvət və korrupsiya faktları barədə kifayət qədər məlumatlar, yazılar dərc ediblər.

Elə indinin özündə də belə yazılara, faktlara nə qədər desən rast gəlmək olar. Məsələn, son günlər mətbuatda və sosial şəbəkələrdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun oğluna 275 min dollar, yəni az qala yarım milyon manat qiymətində olan avtomobil almasından yazılır. Hələ mətbuat bir tərəfə, deputat Vahid Əhmədov da soruşur ki, icra başçısında bu qədər pul hardandır: “O pulu hardan ala bilər? 1000 manata yaxın maaş alır. Yalnız rüşvət və korrupsiya. Bir o deyil ki, icra başçılarının 90 faizi bu işlə məşğuldur…”

Özü də bu, bugünün, dünənin işi də deyil. Elə həmin icra başçısının özü hələ ötən ilin noyabrında özünə dəyəri 250 min manat olan “Rang Rover” markalı avtomobil alıb. Mətbuatda maşının adından, nömrəsindən tutmuş başçının həmin avtomobildən düşdüyü əks olunan fotoya qədər hər şey dərc olundu. Ancaq bir soruşan oldumu ki, hardandır bu? Babaşova “qaşın üstündə gözün var” deyən oldumu? Yox. Heç indinin özündə də deyən olacaqmı – kim bilir?…

Burada məsələ təkcə korrupsiyada, rüşvətdə də deyil. Bu adamların “aldıqları – udduqları” bir tərəfə, heç olmasa daxili mədəniyyətləri də çatmır ki, oğurladıqları hesabına yiyələndiklərini kasıb camaatın gözünə soxub, acıq verməsinlər – baxmayaraq ki, hətta ölkə rəhbərliyi səviyyəsində bunların ünvanına dəfələrlə “özünüzü adam kimi aparın” kimi tərcümə edilən xəbərdarlıqlar edilib. Ancaq sanki kimsə kənardan bu “mülkədarlar”a “qorxma, çap-tala, sonra da acıq ver” deyə ürək-dirək verir. Yoxsa, bir rayonun icra başçısı necə özündən əvvəl 4 başçının həbs olunmasına baxmayaraq, “koronavirus sərf edir, 500 adama yardım yazıb 200-nü götürək” deyə bilir? Özü də bu, təkcə arxayınçılıq, özündən razılıq, yaxud ətrafda baş verənləri anlamayacaq qədər bisavadlıq göstəricisi deyil, həm də belə məmurların doğrudan da pul, şəxsi maraqları, mənafeləri naminə nəinki hakim siyasi qüvvəni, xalqı, dövləti də satmağa hazır olduqlarını göstərir.

Yeri gəlmişkən, YAP-çı deputat Siyavuş Novruzov son çıxışlarının birində deyib ki, icra başçıları həbs olunan rayonların hüquq-mühafizə orqanlarının rəhbərləri də cəzalandırılmalıdır, çünki vaxtında başçının əməlləri barədə ölkə rəhbərliyinə məlumat verməyib, tədbir görməyiblər. Ancaq S.Novruzova deyən lazımdır ki, həmin başçıların beşindən dördü onun icraçı katibinin müavini olduğu YAP-ın ən mötəbər üzvləri sırasında olublar, elə indikilərin də çoxu həmin partiyanın hörmətli üzvləridir. Bəs YAP-ın icraçı katibinin özü, bütövlükdə katiblik bu eybəcərliklərdən necə xəbərsiz olub və vaxtında belələrini aşkar edə bilməyib? Həqiqətən xəbərsiz idilərmi?…

İcra başçıları həbs olunan rayonların hüquq-mühafizə orqanları rəhbərlərinin niyə vaxtında tədbir görməmələri, xəbər verməmələrinə gəlincə, bu barədə deyilənlər də bir qədər absurd görünür. Məgər əksər rayonlarda başçı, prokuror, polis rəisi, digər idarə rəhbərləri “bir bezin qırağı” deyillərmi? Hətta elə prokurorlar, rəislər var ki, başçı onların yanında “toya getməlidir”. Yəqin heç kəs şübhə etməz ki, DTX-nın icra başçılarının kabinetindəki kameraları rayon prokurorlarının, polis rəislərinin xidməti otaqlarına qoyulsa, indiyə qədər müşahidə etdiklərimizdən də dəhşətli kadrlar, faktlar üzə çıxar…

Adi, sıradan bir faktı misal gətirə bilərik. Ötən ilin mart ayında “AzPolitika.info” Saatlı rayonu Yeni Novruzlu kənd orta məktəbinin direktoru Rzayev Elnur Əlisalam oğlunun Baş prokuror Zakir Qaralova açıq məktubunu dərc etmişdi. Direktor məktubunda deyirdi ki, Saatlı rayon prokuroru Kamran Əhmədovun şantaj və rüşvət tələbləri ilə üz-üzə qalıb. Belə ki, prokuror onun həmin məktəbdə işləyən qohumunun dərs saatlarını artırmaq tələbini yerinə yetirmədiyi üçün məktəb direktorunu tutduracağı ilə hədələyib, hələ məktəbdə yoxlama aparılacağı hədə-qorxusu ilə ondan 5 min manat rüşvət də tələb olunub. Məktəb direktorunun Qaralova məktubundakı bir hissə – “məni prokurorluğa çağırıb, “səni həbs edərəm, digər direktora söz dedim eləmədi və ona 11 il iş verdirdim, səni də onun gününə salacam” kimi, şantaj xarakterli sözlər söylədi” ifadəsindən belə çıxır ki, artıq həmin prokuror bir direktoru bu cür həbsxanaya göndəribmiş. Yaxşı, bu müraciətdən sonra həmin prokurora “gözün üstə qaşın var” deyən oldumu? Adam yenə iş başındadır. Ancaq məntiqlə əgər məktəb direktoru haqsız idisə, prokuroru şərləmişdisə, onda ona qarşı qanun çərçivəsində hansısa tədbir görülməli idi. Yox, əgər haqlıydısa, onda prokuror cəzalandırılmalıydı. Ancaq bunların heç biri olmadı. Niyə? Məktub Qaralova çatmadımı?…

İndi elə həmin S.Novruzovdan soruşmağın yeridir ki, belə prokurorlar, polis rəisləri icra başçılarını necə ifşa edə, necə onların əməllərini durdura bilərlər?

Bütün bunlar onu deməyə əsas verir ki, rayonlarda təkcə icra başçılarının yox, digər dövlət qurumları, xüsusilə də hüquq-mühafizə orqanları rəhbərlərinin “əli təmiz olmayınca”, hələ DTX-nın baş çəkəcəyi ünvan çox olacaq. Özü də bu ünvanlara rayon prokurorluqları və polis şöbələri də əlavə olunsa, buna qətiyyən təəccüblənməyə dəyməz…/Azpolitika

DOSYE.ORG

COMMENTS