Başçı “Xutor” camaatını boğur

“Nə qazımız, nə suyumuz, nə də nəfəs almağa pəncərəmiz var”.

Bunu paytaxtın Binəqədi rayonunun Rəsulzadə qəsəbəsinin (“Xutor”) demək olar ki, bütün sakinləri deyir. Onlar bildirir ki, küləkli havada işıq dirəkləri küçəyə sarı adam boyuna qədər əyilir, hətta evlərə də dəyir. Bu da sakinlərin hər an ölümlə üz-üzə qalma ehtimalını artırır. Yağış suları isə yaşayış məntəqəsinin içərilərində yerləşən evlərə dolur. Kanalizasiya sistemi vaxtlı-vaxtında təmizlənmədiyi üçün tez-tez aşıb-daşır, həyətləri çirkab sular və üfunət bürüyür. Bunun da qarşısını kustar üsullarla almağa çalışırlar: evin giriş qapısının qarşısına yarım metr hündürlüyündə hasar hörməklə.

Evlərin az qala bir-birinin içində tikilməsi səbəbindən həyətlərə yanğınsöndürən, təcili tibbi yardım maşınları daxil ola bilmir. Sakinlər deyir ki, xəstələri olanda təcili tibbi yardım maşınları əsas küçənin girişində dayanır, ara küçələr dar olduğundan içəri məhəllələrə girə bilmirlər.

“Mənim evimdə bircə pəncərə var, amma 7 qonşum”.

Bunu Rəsulzadə qəsəbəsinin sakini Nazəni Həsənova söylədi. Evdə xəstə həyat yoldaşı və uşaqları ilə birgə yaşayır:

“Həyat yoldaşım 3-cü qrup əlildir, ağır xəstədir. Nəfəs almağa pəncərəmiz yoxdur. Tavandan nəfəslik açmışıq, ordan da ancaq azacıq işıq düşür. Eyni evdə 8 qonşu ilə yaşayırıq. Yataq otağımız, mətbəx, hamam və o biri otaqlar hamısı ayrı-ayrı evlərlə qonşudur”.

Məhəllə ağsaqqallarından Süleyman Sadıqov isə deyir ki, “Xutor”un sökülməsi məsələsi gündəmə gələndə çox seviniblər. Düşünüblər ki, buranın yerində rahat müasir binalar tikiləcək və axır ki, rahat nəfəs ala biləcəklər. Amma arzuları gözlərində qalmaqdadır:

“Nə normal qazımız var, nə suyumuz. Külək əsən kimi işıqlarda da problem olur. Kanalizasiya və içməli su boruları da əsaslı dəyişilməyib deyə, tez-tez partlayır və verilən su da küçəyə axır, evlərə dolur. Eyni daşın üstündə 10 ailə yaşayır. Ona görə də, buralar plana düşməlidir ki, biz də rahat yerə köçüb, orda yaşayaq”.

Çəkiliş zamanı bir şey də diqqətimizi çəkdi. “Xutor”da böyüyən uşaqlar ya hasarların üstündə, ya da çirkab suların içində oynamağa məcburdular…

Mövzunu davam etdirəcəyik.

İndi isə müasir Bakıya yaraşmayan görüntüləri təqdim edirik

Dosye.org

COMMENTS