Baş Prokuror hüquq müdafiəçisinin ölkədən çıxmasına qadağa qoydu

Baş Prokurorluq hüquq müdafiəçisi Rəsul Cəfərovun ölkədən çıxmasını qadağan edib.
Bu barədə “Turan”a Rəsul Cəfərov özü məlumat verib.

 

İyulun 28-də axşam o, qatarla Tbilisiyə gedib, lakin ayın 29-da səhər Böyük Kəsik stansiyasında sərhədçilər onu ölkədən buraxmayıblar. Məlum olub ki, iyulun 25-də ona ölkədən çıxmaq qadağası qoyulub.

 

Bir müddət əvvəl prokurorluğun təqdimatı əsasında Rəsul Cəfərovun bank hesablarına həbs qoyulub.
İyulun 6-da Rəsul Cəfərov Kiyevdə öz bank kartlarından istifadə edə bilməyib.

 

Ayın 7-də “Respublika” bankında bunu “texniki problemlərlə” izah ediblər, amma sonradan hesablara həbs qoyulması haqqında məhkəmə qərarı olduğunu bildiriblər.
İyulun 16-da Cəfərov Səbail rayon Məhkəməsinə müraciət edərək, hesablarına həbs qoyulması haqqında qərarın ona təqdim edilməsini tələb edib. Hələlik işə baxılmayıb.
Cəfərov bu məhdudiyyətlərin səbəblərini anlamır, belə ki, o, heç bir cinayət işi üzrə nə şahid, nə də təqsirləndirilən şəxs kimi keçmir. O, hətta bir dəfə olsun prokurorluğa çağırılmayıb. Bu səbəbdən iyulun 30-da o, Baş Prokurorluğu məhkəməyə verib.
Hüquq müdafiəçisi hesab edir ki, ona qarşı sanksiyalar hakimiyyətin iyunda Strasburqda AŞPA-nın sessiyasında Azərbaycanda insan hüquqlarının pozulması haqqında məruzənin təqdimatına cavabıdır. Bundan sonra hakimiyyətyönlü KİV-lərdə hüquq müdafiəçisinə qarşı qara piar kampaniyası başlayıb.

 

Rəsul Cəfərov “Demokratiya naminə incəsənət” kampaniyasının koordinatorudur.

COMMENTS