“Bax, bu Qurban ki, var haa, bilirsiz o niyə bu cinayətkarı müdafiə edir, çünki…”

“Bax, bu Qurban ki, var haa, bilirsiz o niyə bu cinayətkarı müdafiə edir, çünki…”

1996-cı ildə, o vaxtkı Bakı Şəhər Məhkəməsində, adam oğurluğunda ittiham edilən bir nəfərin hüquqlarını müdafiə edirdim.

Zalda 9 müttəhim və 13 zərərçəkmişin qohum-əqrəbası var idi. Oturmağa yer qalmamışdı.

Məhkəmə iclası başlayan kimi, müttəhimlərdən biri əlini qaldırıb vəsatəti olduğunu bildirdi: “yoldaş hakim, mən vəkil C-nın bu prosesdə iştirakına etiraz edirəm, çünki, istintaq zamanı o mənə vəkillik edirdi və onun gözünün qabağında məni döyüb öldürürdülər, zorla ifadələrə qol çəkdirirdilər, bu vəkil bir dəfə də olsun, ağzını açıb məni müdafiə eləmirdi. Xahiş edirəm, onu şahid kimi dindirin”.

Sədrlik edən hakim Azər Hüseynov (indi Sumqayıt Apell. Məhkəməsindədir) tərəflərin hamısının vəsatətə münasibət bildirmələrini xahiş etdi.

Təbii ki, qalan 8 vəkil eşitdikləri qarşısında özlərini pis hiss edirdilər və hamısı bir nəfər kimi vəsatəti müdafiə etdilər.

Mən də o vaxt VK Rəyasət Heyətinin üzvü olduğum üçün, əlavə olaraq xahiş etdim ki, məhkəmə təxirə salınsın, müttəhimə yeni vəkil tutması üçün vaxt verilsin və bu müddətdə mən vəkil C-nın məsələsini VK RH-də qaldıracağam. Beləsinin vəkil olmaq haqqı yoxdur.

Söz vəkil C-ya verildi. O təqribən bunları dedi:

“Yoldaş hakim, bilirsiniz bu vəkillər niyə o cinayətkarın vəsatətini müdafiə edirlər? Çünki, məsələn, vəkil D. (indi hakim işləyir) vəsatət qaldıran cinayətkardan pul alıb, vəkil A.-nın mənimlə arası əvvəldən yoxdur. Bax, bu Qurban ki var haa, bilirsiz o niyə bu cinayətkarı müdafiə edir, çünki özü cinayətkardır, əvvəllər yatıb, “pristupnı mir”lə sıx əlaqələri var, vorlarla dostluq edir, ona görə də onları belə canfəşanlıqla müdafiə edir. Mən isə vəkilliyə istintaqdan gəlmişəm. Mən istintaqın təəssübünü heç vaxt belə cinayətkarlara vermərəm”.

Həmin prosesdə iştirak edən Anya xanımla, vəkilliyimizin “xaç ata”larından biri olmuş Teymur İsmiyev haqq dərgahındadırlar, yerləri cənnət olsun. Qalanları isə sağdırlar, indi hakim, vəkil və ya nümayəndə kimi fəaliyyət göstərirlər.

Məni təkzib edə bilərlər.

Nümayəndəliyi ləğv edənlərin, bizi VK-na buraxmayanların əsl məqsədi də budur: yeri gələndə onları qanunların ayağına verən vəkil olmasın.

Qurban Məmmədov, tanınmış hüquqşünas

COMMENTS