Bayramov-Mirzoyan görüşü Bakı və İrəvanda davam etdirilə bilər

Bayramov-Mirzoyan görüşü Bakı və İrəvanda davam etdirilə bilər

Azərbaycan və Ermənistan xarici işlər nazirləri 3 aydan sonra yenidən bir araya gələcək. Ceyhun Bayramov və Ararat Mirzoyan mayın 10-da Almatıda görüşəcək.

Qeyd edək ki, görüş barədə ilk anonsu Azərbaycan Prezidenti İlham Əliyev açıqlayıb. Daha sonra Ermənistan tərəfi görüşə razılıq verib.

Mirzoyan Almatıdakı danışıqlarda İrəvan və Bakının öhdəliklərinin yazılı şəkildə qeydə alınacağına ümid etdiyini bildirib. “Biz inanırıq ki, Almatıda danışıqlar zamanı Azərbaycanla öhdəliklərimizi müzakirə etmək və onları yazılı şəkildə qeyd etmək imkanı olacaq”, – Mirzoyan Macarıstanın xarici işlər naziri Peter Szijarto ilə keçirdiyi mətbuat konfransında deyib.
O, həmçinin danışıqların “irəli addım” olacağına, “hər iki tərəfin öz öhdəliklərinə sadiq qalacağına”, işçi qrupların Ermənistan və Azərbaycan üçün vacib olan məsələlərin təfərrüatlarını müzakirə etməyə davam edəcəyinə ümidli olduğunu söyləyib.

Bəs Almatı şəhərində sülh sazişi imzalan bilərmi?

Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin komitə sədri Musa Quliyev bildirib ki, Almatı görüşünün davamı olacaq:

“XİN başçılarının görüşündə əsas sənədin mahiyyəti razılaşdırılır və arada ziddiyətlər varsa, onların yumşaldılması istiqamətində işlər aparılır. Burada ən vacib məsələ artıq hər iki ölkənin 3-cü tərəfin vasitəçiliyi olmadan görüşüb, müzakirələr aparması və problemlərin həllinə yaxınlaşa bilməsidir. Almatı platforması ən düzgün seçilmiş platformadır. Qazaxıstan bölgə üçün xüsus maraq kəsb etməyən dövlətdir. Digər iddiaçı və vasitəçi dövlətlərdən fərqli olaraq Qazaxıstan özünün neytrallığını tam olaraq saxlayır. Bu görüşün davamının  olacağını düşünürəm.  Bu, böyük sülh razılaşmasına doğru  addım olacaq”.

Komitə sədri hansı məsələlərin müzakirə oluna biləcəyindən də danışıb:

“Orada hansı məsələlərin müzakirə olunacağını əlimizdə əsas olmadığı üçün dəqiq deyə bilmərik. Lakin  burada mütləq sərhədlərin delimitasiya və demarkasiyası, Azərbaycanın Ermənistandakı bəzi kəndləri barədə məsələlər geniş müzakirə olunacaq. Qarabağ məsələsi təbii ki, artıq müzakirə predmeti deyil. Mövzu  yalnız Azərbaycanla Ermənsitan arasında sülh sazişinin imzalanması olacaq. Zəngəzur dəhlizinin açılması məsələsi də müzakirə mövzularından biri ola bilər”.

Politoloq Elxan Şahinoğluvurğulayıb ki, görüş sülh sazişinin müzakirəsinə həsr olunacaq:

“Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyanın mayın 10-da Qazaxıstanın Almatı şəhərində keçirəcəkləri görüş əsasən sülh sazişinin mətninin müzakirəsinə həsr olunacaq, sənəddəki ayrı-ayrı bəndlər ətrafında fikir mübadiləsi aparılacaq. Azərbaycanla Ermənistan arasında iki istiqamətdə danışıqlar davam edir, bunun biri sərhədlərin müəyyənləşməsi, ikincisi sülh sazişinin mətniylə bağlıdır. Birinci istiqamətdə aşkar irəliləyiş var, sərhədlərin müəyyənləşməsi prosesi başlayıb, kəndlər qaytarılır, dirəklər basdırılır. Bu prosesə iki ölkənin baş nazirlərinin müavinləri nəzarət edirlər. İkinci istiqamət isə Xarici İşlər Nazirliklərinin nəzarəti altındadır, aşkar irəliləyiş olmasa da, məktublaşma üzərindən birbaşa təmaslar davam edir”.

Politoloqun sözlərinə görə, gələcək danışıqlarda irəliləyiş olacağı təqdirdə nazirlərin növbə ilə Bakı və İrəvanda da görüşləri baş tuta bilər:

“Önəmli olan hər iki prosesin xüsusi vasitəçi olmadan davam etdirilməsidir. Qazaxıstan vasitəçi deyil, Astana bununla bağlı bəyanat da verib. Qazaxıstan görüş üçün məkan təklif edib. Çünki, baş nazirlərin müavinlərindən fərqli olaraq Ermənistan və Azərbaycan xarici işlər nazirləri sərhəddə görüşə bilmirlər, üçüncü ölkələrin birində görüşmələrinə ehtiyac var. Ancaq gələcək danışıqlarda irəliləyiş əldə olunarsa, nazirlərin növbə ilə Bakı və İrəvanda da görüşmələri mümkündür, gec və ya tez bu baş verəcək”.

COMMENTS