BBC İŞİD-in tarixi əsər biznesini araşdırdı

Suriyadakı tarixi əsərlər İŞİD üçün maliyə qaynağıdır.

Musavat.com-un məlumatına görə, BBC İŞİD-in yağmaladığı əsərlərin Türkiyə və Liviyadan keçərək Avropaya necə keçirdiyinin izinə düşüb. BBC əsərləri Türkiyədən keçirənlərdən birinin adının Əhməd olduğunu və onun kimi vasitəçilərin mühüm rol oynadığını qeyd edib. Əslən Suriyalı olan Əhmədin hazırda Türkiyədə yaşadığı bildirilib. 

“Skayp” vasitəsiylə BBC-yə danışan Əhməd heyvan, insan heykəlləri, stəkanlar, vazalar, qədim pullar göstərib və bu tarixi əsərlərin cəmi bir neçə ay əvvəl torpaq altından çıxarıldığını qeyd edib. Tarixi əsərləri göstərən Əhməd deyib: “Bu əsərlər Suriyanın şərqindən, Rəqqadan, İŞİD-in nəzarətində olan ərazilərdən gəlir”.

Əhməd bildirib ki, İŞİD tarixi əsər ticarətinə də ciddi nəzarət edir: “Qazıntı aparmaq istəyən hər kəs İŞİD-in icazəsini almalıdır. İŞİD tapıntıları yoxlayır, büdpərəstlik hesab etdiyi insan fiqurlarını yox edir”. Əhməd bildirib ki, onun əlindəki heykəllər gözdən yayınanlardır. Əhməd həmçinin qeyd edib ki, İŞİD tarixi əsərlərə 20 faiz vergi tətbiq edir.

Neft və insan alverindən başqa İŞİD-in gəlir mənbəyindən biri də tarixi əsərlərdir. Keçən həftə BMT Suriyada tarixi əsər ticarətini qadağan edən bir qərar verdi və İŞİD-i tarixi mirası yağmalamaqda günahlandırdı.

BBC bildirib ki, ticarətin əsas hissəsini daşlar, heykəllər və qızıl təşkil edir. Bu ticarətin xeyli qazanclı olduğu xüsusi vurğulanıb.

Əhməd bildirib ki, tək bir əsərin 1.1 milyon dollara satıldığının şahididir və əsər miladdan əvvəl 8500-cü ilə aid olub. Əhməd həmçinin qeyd edib ki, əsərlərin son ünvanı Avropadır: “Türk ticarətçilər bunları Avropalı biznes adamlarına satırlar”.

 

COMMENTS