“Belə danışmaqla əziyyətimizi yerə vururlar” – “Sumqayıt”ın kapitanı

“Belə danışmaqla əziyyətimizi yerə vururlar” – “Sumqayıt”ın kapitanı

“Sumqayıt”ın kapitanı Vüqar Mustafayevin QOL.az saytına müsahibəsi

– Misli Premyer Liqasının 32-ci turunda “Qarabağ”a qalib gələrək (1:0) çox vacib 3 xal qazandınız və 2-ci pillədəki yerinizi qorudunuz. Oyunla bağlı təəssüratlarını bilmək istərdik.

– Hamı bilir ki, baş məşqçimiz Samir Abasov İspaniyada təcrübədə idi. Amma həftə boyu hamımız oyuna ciddi şəkildə hazırlaşırdıq. Məsuliyyətimiz daha çox idi. Oyunda möhtəşəm atmosfer vardı. Komandamız adından azarkeşlərimizə təşəkkür edirəm. Ümid edirəm ki, bundan sonrakı ev oyunlarımızda da belə dəstək olacaqlar. Çünki çox vacib oyunlarımız qalıb.

“Qarabağ” tam heyətlə oynayırdı və bu normaldır.  Biz gözləmirdik ki, ikinci heyətlə oynasınlar. Deyə bilərəm ki, əzmkar qələbə qazandıq. Sona qədər mübarizə apardıq. Nəticədə çətin rəqibdən 3 xal aldıq. Bu qədər azarkeşin qarşısında qələbə qazanmaq çox sevindiricidir.

– Bu oyunda həm də mövsümün azarkeş rekordu qeydə alındı. Doğrudan da azarkeş sayının çox olduğu matçlarda “Sumqayıt” yaxşı nəticələr qazanır. Amma azarkeşlər də hər oyuna belə maraq göstərmir.

– Açıq danışsaq, rəqibdən də çox şey asılıdır. Görünən odur ki, “Qarabağ” kimi komanda ilə oynayanda azarkeşlər stadiona daha çox gəlir. “Neftçi” ilə matçımızda da xeyli sayda azarkeş var idi. Deməli, azarkeşlər rəqibi də seçirlər. Biz istəyərdik ki, bütün oyunlarda belə atmosfer olsun. Təbii ki, onların çox olmağı bizdə əlavə məsuliyyət və motivasiya yaradır.

– Matçın sonuna yaxın sənin iştirak etdiyin mübahisəli epizod oldu. Çoxları topun sənin əlinə toxunduğunu düşünür. Amma hakim penalti təyin etmədi.

– Bundan əvvəl “Neftçi” və “Turan Tovuz”la oyunlarda da penalti epizodlarında mən iştirak etmişəm. Hər iki oyundan sonra məndən soruşanda demişəm ki, hakim haqlı qərar verdi, doğrudan da penalti idi. Hansı ki, “Neftçi” ilə matdakı qərar bir az mübahisəli idi. Hakim penalti verməyə də bilərdi. Amma bu oyundakı epizodda top mənim bağlı, yəni bədənimə bitişik olan əlimə dəydi. Bir rakursda açıq olan sol əlim silkələnir. Elə görünür ki, sanki top sol əlimə dəyib. Amma əslində top kapitan sarğısı olan sağ qoluma bədənə bitişik formada dəydi. Düzdür, bəziləri deyir ki, epizod penaltidir. Amma o epizod penalti olsaydı, ağır qərar olardı. Məncə, Rauf Cabarov düzgün qərar verdi.

– Son vaxtlar hakimlərin “Sumqayıt”a kömək etməsi ilə bağlı fikirlər də formalaşdığı üçün bu epizod haqda çox danışıldı.

– Bəli, neçə turdur ki, bu cür söhbətləri eşidirik. Amma biz 50 xalı əziyyətsiz yığmamışıq. Bunu danışanlar ən azından 50 xalı yığmaq üçün meydanda əziyyət çəkənlərə hörmət etsinlər. Hakim səhvləri hər oyunda olur. Bu, qaçılmazdır və dünyanın hər yerində var. Ona görə də mən hakimlərin bizə kömək etməsi ilə bağlı fikirləri qəbul edə bilmirəm. Belə deməklə bizim meydanda çəkdiyimiz əziyyəti yerə vururlar. Hansı ki, “Sumqayıt” tarixində ilk dəfədir 50 xal yığır.

– “Sumqayıt”dan başqa, “Neftçi”, “Zirə”, “Sabah”ın da 2-cilik və avrokuboklara vəsiqə üçün yaxşı imkanı var. Sən şanslarınızı necə qiymətləndirirsən?

– Dörd oyunumuz qalıb. Hansı ki, hamısı finala bərabərdir. Çalışırıq ki, bu oyunlarda maksimum nəticə qazanaq. Bunun üçün mübarizə aparacağıq. Təbii ki, rəqiblərimiz də bizim kimi düşünür. Ona görə də asan olmayacaq. Amma biz avrokuboklara vəsiqə qazanmasaq, yəni istədiyimiz yeri tuta bilməsək, öz günahımızdan olacaq, qıraqda səbəb axtarmayacağıq. Çünki cəmi 4 oyun qalıb və hər şey özümüzdən asılıdır. Avrokuboklara vəsiqələrin sahibləri məncə, ən sonda bilinəcək. Hər halda bunun üçün var qüvvəmizlə çalışacağıq.

– “Sumqayıt”ın heyəti digər rəqiblərə nisbətən geniş deyil. Bu, sonda komandaya çətinlik yarada bilər?

– Düşünmürəm ki, bunun çətinliyini çəkəcəyik. Çünki mövsümün əvvəlindən bura qədər bu heyətlə gəlmişik. Bundan sonra heyətin kasad olması da bizim üçün bəhanə ola bilməz. Çünki 4 oyun qalıb. Bu 4 oyuna qədər biz çox çətinliklərdən çıxmışıq. Bundan sonra da əlimizdə nə varsa, ondan istifadə edib nəticə qazanmalıyıq.

– “Qarabağ”a qalib gələndən sonra İspaniya səfərindən qayıdan baş məşqçiniz Samir Abasov sizə nə dedi?

– Əzmkar mübarizəyə, istəkli olmağımıza görə bizi təbrik etdi. Bütün komandadan xahiş etdi ki, bu oyunu unudaq və daha da çətin olan qarşıdakı 4 matça köklənək. İspaniya səfəri haqda isə hələ ki, danışmamışıq.

Ramiq Ağaməmmədov

COMMENTS