Benzin istehsalı zavodu dayanır: Aİ-92 bahalaşacaq?

Benzin istehsalı zavodu dayanır: Aİ-92 bahalaşacaq?

Xəbər veridyimiz kimi, aprelin 4-dən SOCAR planlaşdırılmış profilaktik işlərin aparılması üçün Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun fəaliyyətinin dayandırılması prosesinə başlayıb.

SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidentinin müavini, şirkətin mətbuat katibi İbrahim Əhmədovun sözlərinə görə, bazar ertəsi zavodda planlaşdırılmış profilaktik işlərin aparılması üçün qurğuların bir hissəsinin işinin müvəqqəti dayandırılmasına başlanılıb.

Lazım olan işlərin həyata keçirilməsindən sonra zavodda modernləşdirilmə layihəsi çərçivəsində “Avro-5” standartı üzrə dizel istehsalına başlamaq üçün zəruri olan yeni əsas texnoloji qurğuların mərhələli şəkildə işə salınması planlaşdırılır. İbrahim Əhmədov onu da əlavə edib ki, NEZ-in fəaliyyəti dayandırıldığı üçün aprelin 5-dən etibarən SOCAR-ın “Azərikimya” İstehsalat Birliyi də profilaktik işlərin aparılması üçün öz fəaliyyətini dayandırıb. Belə ki, NEZ “Azərikimya”nın əsas xammal mənbəyidir.

Bütövlükdə NEZ-in 50 gün fəaliyyətsiz qalacağı bildirilir. Bununla bağlı daxili bazarda Aİ-92 markalı benzinin qıtlığına yol verməmək üçün SOCAR hələ fevral ayından həmin yanacağı xaricdəki tərəfdaşlarından satın alır.

“Bütövlükdə idxal olunacaq 150 min ton “Aİ-92” var. Bunun əsas hissəsi artıq gətirilib. Benzin Rusiya, Rumıniya, Türkmənistan şirkətləri ilə müqavilələrə əsasən gətirilib. Əksər hissəsi də Rusiyadan alınıb”, – hökumətdəki mənbə “Report”a bildirib.

Onun sözlərinə görə, həmin müqavilələr hələ Ukraynadakı müharibə və Rusiyaya qarşı beynəlxalq sanksiyalar işə düşmədən bazar qiymətlərinə əsasən, xarici valyutada ödəniş şərti ilə imzalanıb.

Xatırladaq ki, Nazirlər Kabinetinin qərarı ilə 1 fevral-1 iyun müddətində “Aİ-92” və “Aİ-95” markalı benzinin idxal rüsumları ləğv olunub, aksiz ödəmələri isə 200 manatdan 1 manatadək azaldılıb.

İ.Əhmədov vurğulayıb ki, zavodda istehsal edilən benzin yanacağı qabaqcadan tədarük edilsə də, qabaqcadan tədarük edilən yanacaq dövri təmir müddətində ölkənin benzinə olan tələbatına tam yetməyə də bilər. Buna görə də SOCAR üçün dövlət idxal imkanı da yaradır, Aİ-92 gömrük rüsumundan müvəqqəti azad edilir və aksiz dərəcəsi azaldılır.

Zavodda təmir işləri zamanı dizelin idxalına adətən ehtiyac yaranmır: “Zavodda təmir işləri aparılmasına baxmayaraq, dizelin idxalına adətən ehtiyac yaranmır. Ona görə ki, bizim dizel istehsal edən başqa bir qurğumuz da var. Həmin müddətdə alternativ qurğu işləyir. O da ölkənin dizelə olan tələbatını təmin edə bilir”.

Məlumat üçün bildirək ki, Heydər Əliyev adına NEZ ildə orta hesabla 1-1,2 milyon ton avtomobil benzini (2021-ci ild 1,26 milyon ton), liqroin (400,7 min ton, dizel yanacağı (2,4 milyon ton), soba mazutu (105 min ton), sürtkü yağları (49,1 min ton), neft koksu (255,3 min ton), neft bitumu (362,2 min ton), təyyarə yanacağı (490,1 min ton) istehsal edir. Müəssisədə istehsal olunan “Aİ-92” markalı benzinin mühüm hissəsi daxili bazara yönəlir.

Rəsmi statistikaya əsasən bu ilin yanvar-fevral aylarında Azərbaycanda 225,1 min ton AI-92 markalı benzin istehsal olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 51,2 faiz çoxdur. Martın əvvəlinə ölkədə 46,3 min ton benzin ehtiyatı olub. Dizel yanacağı istehsalı isə 358 min ton – 100,5 faiz təşkil edib. Martın 1-nə dizel ehtiyatımız 124,6 min ton təşkil edib. Yanvar ayında Azərbaycan 4995,64 ton Aİ-92 markalı benzin idxal, 52906,05 ton isə ixrac edib. Bu dövrdə yerli istehsal 121,4 min ton təşkil edib.

Qeyd edək ki, H.Əliyev adına NEZ-in fəaliyyətinin müvəqqəti dayandırılması xəbəri Azərbaycanda benzinin qiymətində bahalaşmanın olacağına dair məlumatların yayılmasına səbəb olub. SOCAR-ın açıqladığı məlumatdan aydın olur ki, ölkəyə lazımi həcmdə Aİ-92 benzinin idxalı təmin olunur. Bu idxal Ukraynada müharibə başlamazdan əvvəl bağlanmış müqavilələr əsasında həyata keçirilir. Bu isə o deməkdir ki, hazırda əsas idxal ölkəmiz olan Rusiyada fevralın 24-dən bəri gedən proseslərin bizim oradan benzin alışımıza qiymət baxımından hər hansı təsiri olmayacaq. Şimal qonşumuzda son bir ayda benzin və digər neft məhsullarının artıqlığı yaşanır. Belə ki, Rusiya Ukraynaya hücumuna görə üzləşdiyi sanksiyalara görə neft emalının əsasını təşkil edən dizel yanacağı ixracını kəskin azaldıb. Belə ki, Rusiyanın illik dizel istehsalı 80 milyon ton, ixracı isə 44-45 milyon ton civarındadır. Bu ixracın 80 faizdən çoxu Avropaya reallaşır. Qitənin dizel tələbatının 40 faizdən çoxu Rusiya tərəfindən təmin edilir. Lakin Ukraynaya hücumdan sonra Avropa şirkətləri Rusiyadan dizel alışını kəskin azaldıblar. Buna görə də Rusiyanın neft emalı zavodları ciddi çətinlik yaşayırlar.

Dizellə yanaşı, Rusiyada neft emalının son məhsulu olan mazutun da kəskin artıqlığı yaranıb. Rəsmi statistikaya əsasən mart ayında Rusiyanın mazut ixracı 1,5 dəfə azalıb. Nəticədə zavodların anbarlarında mazutu yığmağa yer qalmayıb. “Lukoyl” şirkətinin prezidenti Vahid Ələkbərovun Rusiya baş nazirinin müavini Aleksandr Novaka ünvanladığı məktubda qeyd olunur ki, emal zavodlarında, anbarlarda toplanan mazutun enerji istehsalı müəssisələrinə yönəldilməsi təmin olunmasa, tezliklə bir sıra zavodlar emalı dayandırmalı olacaqlar. “Lukoyl” 4 böyük neft emalı zavodunun sahibi olmaqla Rusiyanın ikinci neft emalçısdır. 2021-ci ildə şirkətin zavodlarında 43 milyon ton neft emal edilib.
Məsələ burasındadır ki, Rusiyada enerji istehsalı müəssisələrində mazutdan istifadə yalnız məcburi qaydada mümkün olur. Qaz mazutdan daha ucuz, ekoloji baxımdan daha təmiz olduğuna görə hamı ondan istifadəyə üstünlük verir.2021-ci ildə Rusiyada istilik elektrik stansiyalarında enerji istehsalında mazutun payı cəmi 2 faiz olub. Ölkədə mazutdan istifadəyə görə əlavə rüsum tətbiq olunur. V.Ələkbərov Novakdan İES-lər üçün bu rüsumun aradan qaldırılmasını, anbarlarda aşıb-daşan mazutun onlara yönəldilməsini xahiş edib.

Maraqlıdır ki, martın sonlarında Rusiyanın energetika naziri Nikolay Şulginovun verdiyi açıqlamada mart ayında ölkədə benzin və dizel istehsalının fevralla müqayisədə 4,5-5 faiz artdığı qeyd olunub. Lakin “Kommersant”ın yazdığına görə, martın birinci yarısında Rusiya NEZ-ləri yanacaq istehsalını fevralla müqayisədə 6 faiz azaldıblar. 1-29 mart aralığında emal olunan neftin həcmi aylıq ifadədə 10,9 faiz azalmaqla 21,2 milyon ton təşkil edib. Gündəlik emal həcmi fevraldakı 811,1 min tona qarşı 731,1 min tona düşüb. Buna baxmayaraq, ölkənin emal zavodları hazır məhsulları sata bilməmək problemi ilə üzləşiblər. Mart ayı ərzində Rusiyada benzinin pərakəndə satış qiyməti 10 faizədək uicuzlaşıb. Emalçı şirkətlər ixracın yaxın vaxtlarda artması ümidi ilə hələlik topdansatış qiymətlərini azaltmırlar. Lakin ekspert qiymətləndirmələrinə görə, yaxın həftələrdə zavodlar ya emalı azaltmalı, ya da qiymətlərdə ciddi endirimə getməli olacaqlar. Bu isə o deməkdir ki, Azərbaycanın Rusiyadan aldığı benzinin qiyməti azala bilər, nəinki arta.

Beləliklə, hazırda və H.Əliyev adına NEZ-də istehsal bərpa olunana qədər Azərbaycanda Aİ-92 benzinin bahalaşması üçün real iqtisadi əsaslar mövcud deyil…

Dünya SAKİT

COMMENTS