“Mən belə bir qanun tanımıram” deyən sahə müvəkkilinin qanunsuzluğuna “dur” deyilməlidir
Ölkədəki qanun pozuntularına qarşı mübarizə tədbirlərinin gücləndirilməsinə rəğmən bu yöndə şikayətlərin ardı arası kəsilmir. Təəssüf hissiylə qeyd etməliyik ki, bəzi hallarda qanunlar elə həmin qanunları qorumağa məsul olan vəzifəli şəxslər tərəfindən pozulur. Xeberci.org saytına Beyləqan rayonu, Yuxarı Aran kənd sakini Rüfət Məmmədovun ünvanladığı şikayəti doğuran səbəb də bu qəbildəndir. Şikayətçi iddia edir ki, Beyləqan rayon Yuxarı Aran kəndində sahə müvəkkili ilə İcra nümayəndəsi birləşərək vətəndaşdan pul qoparmaq istəyib. Hadisənin təfərrüatı ilə tanış olaq: Atası Rüfət Məmmədova zəng edərək bildirib ki, inəyimiz ölür, tez dərman al gətir. Elə bu səbəbdən də o idarə etdiyi avtomobillə sürət həddini bir qədər aşıb və hər şey bundan sonra başlayıb. Əvvəlcə icra Nümayəndəsi bu barədə polisə müraciət edib. Sonra isə sahə müvəkkili Nofəl Kərimov bu fürsəti əldən verməyərək Məmmədov Rüfət Akif oğlundan birinci 1000 manat, sonra isə 500 manat tələb edib. Zərəçəkmiş baş verənlərlə bağlı yazır: “Mən dərman almaqdan qayıdarkən icra nümayəndəsi zəng edərək məni təhqir etdi. Dedi ki, “qoduq oğlu qoduq” maşını niyə sürətlə sürürsən. Mənsə vəziyyəti anladaraq izah etməyə çalışdım ki, problem sürətdirsə buna görə məni bağışlayın. Üzrxahlığıma baxmayaraq o yenidən mənə “qoduq oglu” deyərək təhqirlərini davam etdirdi. Mən də icra nümayəndəsinin bu sözlərinə görə onun otağına gedib bildirdim ki, mənə nəsə deyə bilərsiz, amma valideyinimin ünvanına söymək haqqınız yoxdur. Mənim bu etirazımdan sonra isə o barəmdə polisə şikayət etdi. Həmin gün sahə müvəkkili mənə zəng edərək idarə etdiyim 10 FL 208 dövlət nömrə nişanlı avtomaşınımı şöbəyə aparmaq istədi. Ancaq bildirəndə ki, DİN-nin 2012 ci il qərarına əsasən avtonəqiliyyatı ançan dovlət yol polisi əməkdaşları apara bilər, o əsəbləşdi. Nöfəl Kərimov üstümə qışqıraraq söylədi ki, mən belə bir qanun tanımıram. Daha sonra isə sahə müvəkkili qarşımı kəsərək dedi ki, ya 500 manat verməlisən, ya da iki ay həbsdə yatacaqsan”. Xeberci.org xatırladır ki, yazıda adı hallanan sahə müvəkkili bundan öncə Beyləqanən rayonunun sahə müvəkkili olub. Ancaq bu kimi qanunsuz əməllərinə görə onu tutduğu vəzifədən azad edərək, kənd sahə müvəkkili göndəriblər. Amma bu o anlama gəlməməlidir ki, Nofəl Kərimov “dərə xəlvət, tülkü bəy” prinsipi ilə kənddə öz qanunsuzluqlarını davam etdirilməlidir. Sonda qeyd edək ki, biz redaksiyamıza daxil olmuş bütün faktları Daxili İşlər Nazirliyinə ünvanlayacaq və sahə müvəkkili haqda qanun çərçivəsində ölçü götürülməsinə çalışacağıq. Qarşı tərəfin mövqeyini də işıqlandırmağa hazırıq.
COMMENTS