Bilgəhlilər icra başçısına etiraz edir

Bilgəhlilər: “Yerli adam kimin kim olduğunu yaxşı bilər, nəinki kənarda gələn; ”Hacı Qalib düz deyir də, qoy bizim adam olsun…”

 

Nazirlərin, komitə sədrlərinin yayda üz tutduğu ünvanlardan biri də Bakının Bilgəh qəsəbəsidir. Hələ sovet dövründən belə olub. Kardioloji sanatoriyası ilə məşhurlaşan bu kənd dövlət məmurlarını da, sadə insanları da öz təmiz havası ilə və xoş xasiyyətli sakinləri ilə cəlb edib.

 

Bugünlərdə Bilgəh qəsəbəsi bir daha mətbuatın gündəminə gəlib. Səbəb qəsəbənin sakini olan, qəsəbənin yerləşdiyi Sabunçu rayonundan deputat seçilmiş Hacı Qaliblə rayonun icra hakimi Adil Vəliyevin mübahisəsidir.

 

İcra başçısının Bilgəh qəsəbəsi üzrə nümayəndəsi Ağarəzi Aslanovu işdən uzaqlaşdırması Hacı Qalib Salahzadənin etirazına səbəb olub. Deputat icra nümayəndəsinin Bilgəh sakinlər sırasından seçilməsini istəyib, icra başçısını kənardan qəsəbəyə kadr təyin etməsinə iradını bildirib. Sonradan Hacı Qalib fakt və taleyi ilə barışmalı olub və geri çəkilib.

 

Bəs mətbuatda geniş yayılan bu olaya sadə bilgəhlilər nə deyir? Qəsəbədə olub sakinlərin fikirlərini öyrəndik. Taksi fəaliyyəti göstərən Bilgəh sakini Məmmədhəsən deyir ki, qəsəbə icra nümayəndəliyinə arayış lazım olanda üz tuturlar: “Sovet dövründə kimsə gedib dərdini deyəndə o vaxt kənd sovetinin rəhbəri problemi həll edirdi. İndi icra nümayəndəsinin nə səlahiyyəti var? Camaata ”spravka” lazım olanda ora kimsə gedir. Belədə icra nümayəndəliyi yada düşmür.

 

Qaldı ki, icra nümayəndəsinin bilgəhli, qeyri-bilgəhli olmasına, bunu biz bilmərik. Amma yaxşı olar ki, camaatın dərd-sərini bilən adam olsun. Yerli adam kimin kim olduğunu yaxşı bilər, nəinki kənardan gələn. Hacı Qalib düz deyir də, qoy bizim adam olsun”.

Həsənəli Məmmədov deyir ki, vəzifəsindən çıxarılan icra nümayəndəsinin işindən narazı olmayıblar: “Allah bilir, böyüklərdən kimin yolunun üstündən keçib.

 

Bilgəhdə yuxarılardan kimin bağı yoxdur ki? Hamısı ürək xəstəsidir. Bilgəhin havası da onları maqnit kimi bura çəkir. Hamı da istəyir ki, kəndə öz adamını işə qoysun. 3 ay burdadırlar, 9 ay şəhərdə. Ağarəzi neçə ildir işləyir, camaatın ondan narazılığı yox idi. Görünür, kiminləsə yola getməyib, işdən çıxarıblar”.

 

H.Məmmədov icra nümayəndəsinin yerli sakin olmasını elə də vacib saymır: “Birincisi bilgəhli yox, qeyri kəndin, rayonun sakini olmalıdır? Bilgəhdə o qədər kadr var ki! Başqa tərəfdən də, icra nümayəndəsini təyin edəndə camaatdan soruşmayıblar ki, indi işdən çıxaranda da camaatın fikrini öyrənsinlər. Kim olur-olsun, camaatla yola getsin, problemlərin həllinə kömək eləsin. Necə deyərlər, çörəyi ver çörəkçiyə, birini də artıq”.
“İndi elə zamandır ki, işləməyənə çörək yoxdur.

 

Bilgəh camaatı sovet dövründən işləyib çörəyini qazanıb. Dövlətin işinə qarışmayıb. Amma camaata qarşı saymazlıq da olmayıb. Küçədən keçən adamı gətirib 11-12 min əhalisi olan kəndə nümayəndə təyin eləməyiblər.

 

Yumşaq desəm, bu hörmətsizlikdir. Bilgəhdə savadlı cavanlar var, birini pul almayıb qoysunlar nümayəndə. Vacibdir ki, kənarda kimisə gətirib zorla icra nümayəndəsi oturdub narazılıq yaratsınlar? Nə olar Bilgəhdən bir cavanı təyin edəndə, dünya dağılar?” – Rasim Əliyev belə deyir.

 

Onun sözlərinə görə, icra başçısının nümayəndə təyinatında şərtlərin nəzərə alınmaması problemlər yaradacaq: “Köhnə bazara təzə qayda həmişə faydalı olmur. Kənardan gələn adam o yan, bu yan danışacaq, arada söz-söhbət yaranacaq.

 

Biz də deyirik ki, nümayəndə bilgəhli olsun. Sabunçu rayonunun rəhbərinin bu rayondan olub-olmaması fərq eləmir. Çünki ona rayonu idarə etmək üçün ən müxtəlif idarə-təşkilatların rəhbərləri kömək edir. Qəsəbə nümayəndələri də həmçinin.

 

Ağarəzi işini bilən, kəndin camaatının şəcərəsinə bələd adam idi. Onu çıxarıb yerinə onun kimi bir insanı təyin edə bilərdilər. Hər halda, camaatın fikrini nəzərə almaq olardı.

 

Dədə-babadan belə olub ki, kəndə kəndxudanı elə kənddən təyin ediblər. Kənardan gələn kəndin işlərindən baş çıxarmayıb.

 

Ağarəzidən əvvəl icra nümayəndələri, sovet dövründə kənd sovetlərinin rəhbərləri də yerli olub. Kənd soveti vardı sovet vaxtı, Səltənət xanım. Ondan sonra Ələsgər müəllim, Bəşir müəllim, Məmmədtağı müəllim, Arif müəllim, Xalıq müəllim vardı. Bilgəhdən idilər. Allah ölənlərə rəhmət, qalanlara cansağlığı versin. Ağarəzi belə adam idi ki, kabinetinə girəndə bilirdi ki, nə işin dalınca gəlmisən, nə problemin var. Hacı Qalib kəndin sözünü yuxarılara çatdırdı. Görək də, nə olacaq”.

 

Bilgəh sakinlərini dinləyib icra nümayəndəliyinə də yollandıq. Ağarəzi Aslanov işdən çıxarılandan sonra onun yerinə təyinat olmadığını da öyrəndik. Nümayəndəlikdən yeni nümayəndənin kimin təyin olunmasından xəbərsiz olduqlarını söylədilər.

Xatırladaq ki, Hacı Qalib Salahzadə “Yeni Müsavat”a müsahibəsində icra başçısı Adil Vəliyevlə aralarında olan narazılığın yaranma səbəbinə toxunmuşdu.

 

Demişdi ki, başçı sakini olduğu Bilgəh qəsəbəsinə kənardan icra nümayəndəsi təyin edir, yerli sakinlərin fikirlərini nəzərə almır: “Adil müəllimə bildirdim ki, sizə Bilgəhdən 30 nəfəri təqdim edəcəm. Hansı xoşunuza gəlir, icra nümayəndəsi təyin edir. Deyir ki, yox, nümayəndə zəngilanlı olacaq.

 

Açıq-aydın deyir ki, zəngilanlılarla işləmək istəyir. İndi mən buna nə deyim? Bilgəhdə Müharibə və Əmək Əlilləri üçün Pansionatın direktoru Bəhruz Əlimədətov idi. Onu da çıxarıb yerinə zəngilanlı qoyublar. Mən çox mədəni, yavaşca deyirəm ki, bu düzgün deyil. Yerli sakinlərə hörmət etmək, mövqelərini bilmək və buna uyğun addım atmaq lazımdır”.

 

Q.Salahzadə deyib ki, Bilgəhin özünəməxsus xüsusiyyətləri var, icra başçısı, bələdiyyə, deputat bunu nəzərə almalı, insanlarla dil tapmalıdır.

 

Lakin yuxarıda da yazdığımız kimi, Hacı Qalib sonradan hansısa səbəbdən bu mövqeyindən geri çəkildi və icra başçısına tam biət nümayiş etdirdi…

COMMENTS