Qəsəbə sakinləri deyir ki, yollarını “Azərsu” ASC bu günə salıb; “Su çəkmək adı ilə qazıntı işləri apardılar. İşlərini bitirdilər, amma qazdıqları yolu təmir etmədilər”
Yenə yollar, yenə narazılıq, yenə verilib, amma əməl edilməyən sözlər və nəzərə alınmayan şikayətlər. Binə qəsəbəsinin sakinləri bərbad halda olan yollarından əziyyət çəkirlər.
Qəsəbə sakinləri musavat.com-un mail ünvanına şikayət məktubu göndəriblər. Məktubda deyilir ki, qəsəbənin əsas yollarında biri, bəlkə də birincisi olan Əli İsazadə küçəsi bərbad vəziyyətdədir.
Belə ki, küçənin dəmir yoluna qədər olan hissəsi çalalarla, gölməçələrlə doludur. Nə avtomobillə, nə də piyada bu yola getmək mümkün deyil.
Şikayət əsasında adı çəkilən ünvana yollandıq. Gördüklərimiz şikayət məktubunda yazılandan daha artıq idi. Qəsəbənin mərkəzi hissəsində avtobusdan düşən kimi bizi ilk olaraq palçıq bataqlığı “qarşıladı”. Yolun bir tərəfindən, digər tərəfinə keçmək üçün uzunboğaz çəkmələrə ehtiyac var idi.
Yol o qədər bərbad idi ki, ordan keçən maşınların alt hissəsi çalalara dəyirdi. Və bu təmasdan yaranan səs ətrafda aydın eşidilirdi. Yaxınlıqdakı taksi sürücülərinə yaxınlaşdıq. Yolun bərbad durumu ilə bağlı gəldiyimizi anlayan kimi hamısı şikayətləndi: “2 ildir eyni durumdayıq. Daha bezmişik. Adam nə qədər maşını təmirə aparar? Belə yol olar? Qışda palçıq, gölməçələr… Yayda da, toz-torpaq… Maşının altı dəyir, təkərlər, hissələr dözmür”.
“Xahiş edirik ki, bizi bataqlıqdan xilas etsinlər”
Taksi sürücüləri ilə sağollaşıb yolumuza davam etdik. Şəkil çəkdiyimizi görən sürücülər, maşını saxlayaraq bizə yaxınlaşdılar: “Qardaş, bezmişik. Özün də görürsən vəziyyətimizi. Hər gün buradan minlərlə maşın keçir. Yağış bir həftə qabaq yağıb. Amma küçə hələ də palçıq içindədir. Uşaqlarımız məktəbə gedə bilmir. Şəhərə gedəndə üstümüzdə dəsmal gəzdiririk ki, ayaqqabımızın palçığını təmizləyə bilək. Azərbaycanın ən ucqar rayonlarında belə bir şey yoxdur. Belə küçə olar? Buranı təmir etmək üçün böyük maliyyə də lazım deyil. Qısa müddətdə həll edə bilərlər. Xahiş edirik ki, bizi bataqlıqdan xilas etsinlər”.
“Buranı “Azərsu” pis günə qoyub”
Qəsəbə sakini Şahin Məmmədov deyir ki, yolun bu hala düşməsinin günahkarı “Azərsu” ASC-dir: “Bu yol üç ildir ki, bu formadadır. “Azərsu” ASC burada su çəkmək adı ilə qazıntı işləri aparırdı. İşlərini bitirdilər, amma qazdıqları yolu təmir etmədilər. O vaxtdan da bu yollar belədir. İcra hakimiyyəti, bələdiyyə nə işə baxır bilmirəm. Buranı təmir etmək onların işidir”.
“Yuxarı başda oturan məmurlardan biri gəlsin bir gün burada yaşasın”
Binə qəsəbəsinin ağsaqqallarından olan Rufulla Əhmədovun sözlərinə görə, 2 ildir ki, bu yola görə əziyyət çəkirlər: “Yollarımızı gəlib dağıtdılar. Düzəldən də olmadı. Yuxarı başda oturan məmurlardan biri gəlsin bir gün burada yaşasın. Bu yoldan istifadə etsin. Görsün ki, biz nə əziyyət çəkirik. Bəlkə o zaman bizə yardım edərlər”.
Qəsəbədə reportaj hazırlayarkən bəzi hallar gözümüzdən qaçmadı. Məktəblilər, balaqlarını çırmalayıb, ayaqqabılarına selofan keçirib yolu keçirdilər. Bütün gördüklərimiz və eşitdiklərimizin nəticəsi olaraq bir cümlə demək olar – Binə qəsəbəsi və onun sakinləri dəvəsi ölmüş ərəb kimidir…
Reportaj çapa gec hazırlandığı üçün “Azərsu” ASC-nin mövqeyini öyrənə bilmədik. Buna baxmayaraq, səslənən iddialarla bağlı qurumun mövqeyini dinləməyə və çap etməyə hazırıq.
Müsavat.com
COMMENTS