Top.Mail.Ru

Birliyimizi koronavirusla mübarizədə də nümayiş etdirməliyik

Birliyimizi koronavirusla mübarizədə də nümayiş etdirməliyik

Azərbaycanın öz torpaqlarını işğaldan azad etmək üçün apardığı Vətən müharibəsi xalqımızın möhtəşəm qələbəsilə başa çatdı. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Müzəffər Ordumuz döyüş meydanında düşmənin başını əzdi və tarixi ədalət bərpa olundu. Lakin bu gün bizim daha bir düşmənlə mübarizəmiz hələ də davam edir və təəssüflər olsun ki, bu savaşın statistikası heç də ürəkaçan deyil.

Hazırda bütün dünyanı cənginə almış COVİD-19 pandemiyasının ikinci dalğası bəşəriyyəti təhdid etməkdədir. Məlum olduğu kimi, bu ilin əvəlindən Azərbaycan dövləti tərəfindən həyata keçirilən koronavirusla mübarizə tədbirlərinin son dərəcə effektivliyi sayəsində ölkəmizdə yoluxma hallarının sayı minimuma endirilmişdi. Görülən qabaqlayıcı tədbirlər nəticəsində Azərbaycan istər iqtisadiyyatı, istərsə də əhalisi pandemiyanın dağıdıcı təsirinə ən az məruz qalmış ölkələr sırasında yer almışdır. Lakin yoluxma sayında kəskin azalmanın müşahidə olunması ilə əlaqədar ölkədə tətbiq olunmuş sərt karantin rejiminin mərhələli şəkildə yumşaldılması təəssüflər olsun ki, əksər vətəndaşlarımız tərəfindən tamamilə səhv olaraq pandemiyanın bitməsi kimi qəbul edildi. Bu isə öz növbəsində karantin rejiminin sosial məsafə saxlanılması, qoruyucu tibbi maskalardan istifadə və digər bu kimi vacib qaydalara etinasız yanaşma sərgilənməsinə gətirib çıxardı. Əlbəttə ki, bu etinasızlığın acı nəticələri də özünü çox gözlətmədi. Qısa müddət ərzində Azərbaycanda koronavirusa yoluxma hallarının günlük sayı min nəfəri keçdi. Bu gün isə bu statistik göstərici artıq 3000-dən yuxarı ədədlərlə ifadə edilir. Həmçinin koronavirusa yoluxan xəstələr arasında ölüm hallarının da göstəriciləri əvvəlki aylarla müqayisədə xeyli artmışdır.

Əlbəttə ki, bu heç də çıxılmaz vəziyyət deyil. Unutmaq lazım deyil ki, biz beş ilə işğal olunmuş Vətən torpaqlarını cəmi 44 günə azad etmiş bir xalqıq. Necə ki, Vətən müharibəsində zəfər qazanmaq üçün bizim güclü ordumuz, polad iradəli Ali Baş Komandanımız və öz Komandanının arxasınca sona qədər getməyə hazır olan yenilməz xalqımız vardı, eynilə bu gün də koronavirusla mübarizədən qalib çıxmaq üçün bizim ən müasir avadanlıq və preparatlarla təchiz olunmuş səhiyyəmiz, fədakar həkimlərimiz, hər zaman öz xalqının qayğısına qalan Prezidentimiz və öz Prezidentinin ətrafında sıx birlikdə olan millətimiz var. Bu gün biz sadəcə karantin rejiminin tələblərinə əməl etməklə bu vəziyyəti yenidən öz xeyrimizə dəyişə bilərik və mən inanıram ki, biz bunu edəcəyik. Əks halda koronavirusun, bu gözəgörünməz düşmənin törədə biləcəyi fəsadlar bizim Vətən müharibəsində əldə etdiyimiz tarixi qələbənin sevincinə hələ çox acılar qata bilər. Halbuki, biz indi əvvəllər olduğundan daha sağlam və daha güclü olmalıyıq. Çünki indi bizi azad edilmiş Vətən torpaqlarında nəhəng quruculuq işləri gözləyir. Biz erməni vəhşilərinin 30 il ərzində işğal altında qalan torpaqlarımızda törətdikləri vandalizmin və dağıntıların nəticələrini aradan qaldırmalıyıq. Biz rayon və şəhərlərimizə yenidən abad və möhtəşəm görkəmlərini qaytarmalıyıq. Bunun üçün isə, dediyim kimi, biz əvvəlkindən daha sağlam və daha güclü olmalıyıq. Bizim gücümüz isə yalnız birliyimizdə, həmrəyliyimizdədir!

Səttar Möhbalıyev.
Milli Məclisin deputatı,
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri

COMMENTS