Top.Mail.Ru

Biz bu tarixi heç vaxt unutmayacağıq! – Məlahət İbrahimqızı

Biz bu tarixi heç vaxt unutmayacağıq! – Məlahət İbrahimqızı

“Biz Şuşanın işğal tarixini 1992-ci ildə hakimiyyətdə olanların xəcalət tarixi kimi qəbul edəcəyik. Biz 8 mayla yanaşı, Laçının, Kəlbəcərin, Qarabağın işğalını o dövrdə hakimiyyətdə olan səriştəsiz rəhbərlərin üz qarası kimi xatırlayacağıq. Həmin qara səhifələrdən, tarixlərdən də hər zaman dərs alacağıq. Xalqımız heç vaxt bu cür xəcalətli səhifələri yaşamamalıdır. Biz 44 günlük müharibədən sonra şərəfimizdə, ləyaqətimizdə olan o kölgəni müzəffər Ali Baş Komandanımızın, şanlı ordumuzun şücaəti, qətiyyəti və qüdrəti ilə tamamilə təmizləmişik”.

Bunu  açıqlamasında Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib. Millət vəkili bildirib ki, bu gün Azərbaycanın hər bir vətəndaşı başını dik tutur:

“Azərbaycan vətəndaşları bu gün qürurla, şərəflə gəzir. “Şuşa, səni təbrik edirik! Şuşa, sən azadsan!” Möhtərəm Prezidentimizin bu sözlərini biz də bu gün fəxrlə səsləndiririk. Şuşa, biz sənə qovuşduq, sən də bizə qovuşdun! Allah bizə bir daha 1992-ci ildəki ağır dövrləri yaşatmasın. Həmin xəcalət tarixini bir daha yaşamamağı arzu edirəm. Tarix unudulmaq üçün deyil, tarix dərs çıxarmaq üçündür. Tarixdən dərs çıxarmayan xalqlar hər zaman məğlubiyyətə uğrayıb. Görünür, vaxtilə böyüklərimiz, dövlət adamlarımız tarixdən dərs çıxarmağa çalışmayıb. Məsələn, 1918-ci ilin mayında Azərbaycan Xalq Cümhuriyyəti qurulanda bizim o zamankı dövlət adamları görünür, tarixdən dərs çıxara bilməyiblər. Yəni, 19-cu əsr Azərbaycan xalqının Qərbi Azərbaycandan tam şəkildə deportasiyası dövrü olub”.

Deputat vurğulayıb ki, həmin dövrlərdə Qərbi Azərbaycan türklərin kompakt yaşadığı, tamamilə azərbaycanlılardan olan ərazimiz idi:

“19-cu əsrdə erməni daşnakları Dədə Qorqudun izlərini daşıdığı, Dədə Qorqudun yurd yerləri olan Qərbi Azərbaycandan yerli Azərbaycan türklərini sıxışdırıblar, qovub çıxarıblar. Onların əvəzinə dünyanın müxtəlif ölkələrindən ermənilər yerləşdirilib. Bu işdə ermənilərə böyük havadarları, xüsusən də çar Rusiyası yardım edib. Bizim ən böyük bəlalarımızdan biri 1918-ci ildə müstəqil dövlətimiz qurulanda ondan dərs çıxarmamağımız olub. 29 mayda İrəvan mənfur qonşularımıza paytaxt kimi verilib. Bunu ona görə deyirəm ki, biz – Azərbaycan xalqının hər bir ziyalısı anlamalıyıq və anlayırıq ki, biz bu tarixi heç vaxt unutmayacağıq! Unutsaq, yenə də problemlər olacaq”.

COMMENTS